Lukaşenko gəlir...

Belarus Azərbaycan üçün çox strateji ölkədir
Belə bir ölkə ilə münasibətləri inkişaf etdirmək postsovet məkanında geosiyasi maraqlarımıza tam cavab verir


Belarus Prezidenti Aleksandr Lukaşenko noyabrın 28-29-da Azərbaycana rəsmi səfər edəcək. Məlumata görə, səfər zamanı ikitərəfli əlaqələrin genişlənməsinə yönəlmiş bir sıra sənədlərin imzalanması gözlənilir.

Qeyd edək ki, bir müddət öncə, A.Lukaşenko Baş nazirin müavini Yaqub Eyyubovla Minskdə görüşü zamanı Azərbaycan Prezidenti ilə noyabrın 28-29-da görüşəcəyini bildirib.

Səfərin Azərbaycan-Belarus münasibətlərinə vəd edəcəyi irəliləyişlərdən söz açan politoloq Natiq Miri "Şərq”ə bildirib ki, Belarus Müstəqil Dövlətlər Birliyi (MDB), Avrasiya İttifaqı (Aİ) və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) ən önəmli 3 ölkəsindən biridir. Doğrudur, bu təşkilatların nüvəsində Rusiya dayanır. Onların ürək, qan-damar sistemlərindən biri də, Belarusdur. Minsk bu təşkilatlarda əsas söz sahiblərindən biridir. İndiki şəraitdə Belarus-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsində olması Azərbaycan dövlətinin maraqlarına uyğundur. Ona görə ki, həmin qurumlarda Azərbaycanın ərazilərini işğal edən Ermənistan dövləti də var. Ermənistan bütün zamanlarda bu qurumlardan Azərbaycana qarşı istifadə etmək istəyib. Buna Qazaxıstanla yanaşı, Belarus da əngəl olub. Bu iki ölkə bütün zamanlarda Ermənistanın həmin qurumlardan Azərbaycanın əleyhinə istifadə etməsinə imkan verməyib. Hətta bəzən Rusiyanın planlarının üstündən xətt çəkiblər. Bu mənada Belarusla münasibətlərin inkişafı Azərbaycan üçün strateji xarakter daşıyır. Bilirsiniz ki, Belarusla Azərbaycanın iqtisadi-ticari əlaqələri də getdikcə genişlənməkdədir. Belarusun Azərbaycanın enerji daşıyıcılarına müəyyən mənada ehtiyacı var. Son zamanlar Moskva ilə Minsk arasında neft məsələsində bəzi anlaşılmazlıqlar yaşanır. Belarus Rusiyadan gələn neftdən müvəqqəti də olsa imtina edib. Alternativ olaraq Azərbaycan neftini qəbul edib. Belarusla Azərbaycanı bir çox strateji məsələlər birləşdirir. Hərbi məsələlərdə də Azərbaycan-Belarus münasibətləri çox ciddidir. Azərbaycan Belarusdan yeni raket və havadan müdafiə sistemləri alıb və almaqda davam edir. Düşünürəm ki, Belarus Azərbaycan üçün çox strateji ölkədir. Belə bir ölkə ilə münasibətləri bu şəkildə saxlamaq Azərbaycanın hər regional, həm də postsovet məkanındakı geosiyasi maraqlarına tam cavab verir”.

Ayyət Əhməd