Maliyyə bazarının inkişafı ilə bağlı qanun hazırlanır

Bu addım bank, sığorta və kapital bazarında nəzarətin artırılması və vahid qanunla tənzimlənməsinə hesablanıb



Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı
jurnalistlərə açıqlamasında Azərbaycanda maliyyə bazarının inkişafı ilə bağlı yeni qanun
layihələri hazırlandığını deyib.

Palata sədrinin sözlərinə görə, problemli bankların idarə edilməsi, vaxtı keçmiş kreditlərin
restruktizasiyasına həsr olunmuş qanun layihəsi ilə bağlı müzakirələr yaxın vaxtlarda
başlayacaq.
"Kapital Menecment İnvestisiya Şirkəti” QSC-nin analitiki, maliyyə bazarları üzrə
ekspert Cəfər İbrahimli "Şərq”ə açıqlamasında deyib ki, kapital bazarının müasirləşməsi
çərçivəsində 2011-ci ildən etibarən "Qiymətli kağızlar bazarı haqqında” qanun hazırlanıb və
2015-ci ildə qəbul edilib
:
"Son bir ildə isə bazarın fəaliyyətini tənzimləyən qayda və standartlar
təsdiq olunaraq bazarın arxitekturası yenidən formalaşdırılıb. Bu çərçivədə investisiya şirkətləri,
MDM və BFB-nin fəaliyyəti qanuna uyğun olaraq yenidən formalaşıb. Əməliyyatların
şəffaflığını və surətini təmin etmək üçün yeni əməliyyat platforması yaradılıb və fəaliyyətə
salınıb. Bu çərçivədə kapital bazarına nəzarət və onun tənzimlənməsi sistemi formalaşdırılıb”.
İqtisadçı-ekspertin sözlərinə görə, ümumi maliyyə bazarlarının tənzimlənməsi və nəzarətini
təmin edəcək yeni qanun layihəsi bank, sığorta və kapital bazarında nəzarətin artırılması və
vahid qanunla tənzimlənməsinə hesablanıb: "Bu bazarlar biri-birinə bağlı olduğu üçün bazarın
yeni tələbinə uyğun tənzimləmə mexanizmasının yaradılması nəzərdə tutulur. Əlavə olaraq
problemli kreditlərin idarə olunması ilə bağlı layihə üzərində işlənilir. Məncə, burada problemli
kreditlərin bir fonda toplanaraq "vahid çətir” altında toplanması nəzərdə tutulur. Hazırda
layihələrin tam detalları olmadığı üçün bazara təsirini müzakirə etmək bir az çətinlik yaradır”.

Şəymən