"...Maşınlar bahalaşacaq, tez gedin alın" - Satıcıların piarı





"Avtomobil bazarındakı bahalaşma varsa, bu davamlı olmayacaq. Hətta bu məlumat dezinformasiya da ola bilər”.

Bunu Sherg.az-a paytaxtda və bölgələrdə avtomobil bazarlarında bahalaşma ilə bağlı iddialara münasibət bildirərkən nəqliyyat üzrə ekspert Ərşad Hüseynov deyib. 

Onun sözlərinə görə, maşın bazarında sabitlik yoxdur.  Qiymətlər gah bahalaşır, gah ucuzlaşır:

"Bu məlumat maşın satıcıları tərəfindən yayılan piar forması da ola bilər. Bununla insanları cəlb etməyə çalışırlar ki, maşınlar bahalaşacaq, tez gedin alın. Ümumilikdə isə insanların maddi durumu ilə bağlı avtomobil bazarı bərbad vəziyyətə düşüb. Devalvasiya, iqtisadi sıxıntılar təsir etdikcə əhalinin gəlirləri əhəmiyyətli dərəcədə azaldığından avtomobil satışı da 2012, 2013-cü illərlə müqayisədə dəfələrlə azalıb. Hazırkı avtomobil alıcıları isə nisbətən sabit və yüksək gəliri olan insanlardır. Daxili bazarda standart qiymətin artmasının səbəbi manatın məzənnəsinin düşməsi göstərilə bilər. Çünki ölkədə xaricdən gətirilən avtomobillər kifayət qədər çox satılır. Bəzi satıcılar var ki, dolların məzənnəsinin aşağı olduğu müddətdə maşınları gətirib, hazırda yeni qiymətlərlə satır. Bu da avtomobil bazarına təsir edir ki, maşınlar dəyərindən baha qiymətə satılmasını ortaya çıxarır. Tələbin zəif olduğunu da nəzərə alsaq, avtomobillərin qiymətlərini artıra biləcək başqa amil yoxdur”.

Hazırda avtomobil bazarında vəziyyətin böhran həddində olduğunu diqqətə çatdıran Ə. Hüseynov bunu nizama salmaq üçün konkret tədbirə ehtiyac olmadığını bildirib:

"Avtomobil bazarı ölkənin makroiqtisadiyyatının tərkib hissəsidir. Ümumi iqtisadiyyat dirçəldikdə burada da vəziyyət də normallaşacaq. Buna görə, birbaşa avtomobil bazarına təsir edəcək proqram hazırlamağa ehtiyac yoxdur. Azərbaycan əhalisinin maddi ehtiyacları varsa, ona avtomobil almağa heç bir ehtiyac olmayacaq. Ölkə əhalisinin 15 faizinin avtomobili var, qalan 85 faiz isə piyadadır. Həmin 85 faiz də təbii olaraq normal yaşayır. Bu səbəbdən avtomobillərin ucuzlaşması üçün proqram hazırlayıb, tədbir görməyə ehtiyac yoxdur. Ölkədə iqtisadi vəziyyət, stabillik yarandıqda avtomobil bazarı da canlanacaq, idxal artacaq”.

Qeyd edək ki, "XəzərXəbər”in araşdırmasına görə paytaxtda və bölgələrdəki maşın bazarlarında bahalaşma müşahidə olunur. Buna səbəb ili köhnə olan avtomobillərin xaricdən artıq gəlmədiyi, bunun əvəzində isə yaranan təlabatı ödəmək üçün bu cür maşınların sayının getdikcə azalmasıdır.

Aysel Aslan