Mediaya “səlib yürüşü” təşkil etmək əvəzinə, məsələni həll etmək lazım idi

Mediaya “səlib yürüşü” təşkil etmək əvəzinə, məsələni mənbədən həll etmək lazım idi
Azər Həsrət: “Hadisə baş vermişdisə, uşaqların, yeniyetmələrin şəxsi hesabları, səhifələri nəzarətə götürülməliydi”



Medianın arqumenti budur ki, informasiya vermək vəzifəsi daşıyır. Amma qanunlar da var

Təhsil kompleksində baş vermiş iyrənc hadisədə qınaq obyekti iki tərəf oldu - ictimaiyyət və media. İctimaiyyət hadisəni eninə-boluna müzakirə edib, vəziyyəti daha da gərginləşdirməkdə, media isə xəbəri həddindən artıq tirajlayıb "reklam” əldə etməkdə. Gözləniləndi. 

Zatən, həmişə belə olur. Günahkar ya cəmiyyət, ya da media olur. Rəsmi strukturlar bəyanatla çıxış edib xəbərin yayımlanmamasını, mənəvi mühitə zərbə vura biləcək informasiyaların verilməsində həssaslıq tələb edirlər. Yəni, nə etsək, heç cür yarına bilmirik. Günahkar yenə biz - media oluruq.
Həqiqətənmi, bizik günahkar?

Medianın qarşısına qoyulan tələblər

Mütəxəssis rəyini öyrənmədən öncə, Təhsil Nazirliyi və Respublika Baş Prokurorluğunun bəyanatını xatırlatmaq istəyirik.

Hadisədən sonra Təhsil Nazirliyi çağırış etdi:

"Bakı şəhərində yerləşən ümumtəhsil məktəblərinin birində baş vermiş hadisə ilə bağlı bildiririk ki, təhsilalanların yaş həddi nəzərə alınmaqla onların mənafeyinin qorunması, həmçinin təhsil ocağında mənəvi iqlimə xələl gətirilməməsi və belə halların baş verməməsi üçün Təhsil Nazirliyi tərəfindən aidiyyəti qurumların mütəxəssisləri cəlb olunmaqla müvafiq tədbirlər həyata keçirilir. Eyni zamanda bildirilir ki, müvafiq materiallar hüquqi qiymət verilməsi üçün hüquq-mühafizə orqanlarına göndərilib. Şagirdlərin yetkinlik yaşına çatmadığını nəzərə alaraq, kütləvi informasiya vasitələrindən məsələyə həssas yanaşmaları xahiş olunur”.

Bunun ardınca Respublika Baş Prokurorluğu da bəyanatla çıxış etdi.
Baş Prokurorluğun mətbuat xidmətinin məlumatında bildirilir ki, həmin faktla bağlı qanunla nəzərdə tutulmuş bütün tədbirlər həyata keçirildiyi halda, bəzi KİV-lərdə bu qəbildən olan informasiyaların ictimailəşdirilməsi yetkinlik yaşına çatmayanların psixoloji, emosional sarsıntısına səbəb olmaqla yanaşı, ciddi problemlərə yol açır və həmin şəxslərin gələcək həyatlarını ciddi sınaqlarla qarşı-qarşıya qoyur.

Kütləvi informasiya vasitələrində bu qəbildən olan məlumatların ictimailəşdirilməsi milli-mənəvi dəyərlərimizə zidd olmaqla yanaşı, Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş şəxsi toxunulmazlıq hüququnu, Cinayət Prosessual Məcəlləsinin, eləcə də digər qanunvericilik aktlarının tələblərinin pozuntusu kimi qiymətləndirilir.
Zorakılığa məruz qalan və cinayət hadisələrinin qurbanına çevrilmiş yetkinlik yaşına çatmayanlar haqqında informasiyaların yayımına həssaslıqla yanaşmaları barədə Təhsil Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, bəzi kütləvi informasiya vasitələri hələ də bundan nəticə çıxarmayıblar.
Göstərilənləri nəzərə alaraq, gələcəkdə yetkinlik yaşına çatmayanlar haqqında məlumatları yayacaqları təqdirdə, kütləvi informasiya vasitələrinin redaksiyası, baş redaktoru (redaktoru), yayılmış məlumat və materialların müəllifləri barəsində qanunvericilikdə nəzərdə tutulan daha ciddi tədbirlər görüləcəkdir.

"Media ictimai fikrə təsir imkanlarından düzgün istifadə etməlidir”

Xəbəri necə yaymalı? Media necə davranmalıdır ki, həm xəbərçilik vəzifəsini icra etmiş olsun, eyni zamanda kimsənin şəxsi həyatına müdaxilədən yan keçilsin, hüquqların tapdanması halı baş verməsin.
Mətbuat Şurası İdarə Heyətinin üzvü, əməkdar jurnalist Azər Həsrət bildirdi ki, bu gün ciddi bir problemlə üz-üzəyik. Xəbərlər kütləvi informasiya vasitələrinin populyarlaşmasına çox ciddi təsir edir. Və təəssüf ki, bu, belədir:

- Mən, ümumiyyətlə, baş vermiş hadisənin sosial bəla hesab edilməsinin qəti əleyhinəyəm. Niyə sosial bəla hesab etməməliyik, çünki ümumilikdə Azərbaycan ailələri uşaqlarını bu cür tərbiyə etmir. Azərbaycanda əxlaq yüksək kateqoriyadır. Cəmiyyətimiz əxlaq normalarına söykənir. Bu hadisə fərdlə baş verib. Ola bilsin, oxşar hadisələr hardasa başqa yerdə də, başqa şəhərdə də baş versin, amma xəbər yayılmamış olsun və bu səbəbdən də ictimailəşməsin və xəbər tutmaşıq olaq. Medianın arqumenti budur ki, informasiya vermək vəzifəsi daşıyır. Amma qanunlar da var. Qanunla yetkinlik yaşına çatmayan şəxslərin, hər hansı cinayət əməlində şübhəli bilinən şəxslərin adlarının çəkilməsi qadağandır. Biz daim bunun şahidi oluruq ki, hansısa cinayət əməlinin iştirakçısı və ya zərərçəkmiş olan şəxslərin adları şərti verilir. Bununla da həmin insanların həqiqi kimliyi ictimaiyyətdən saxlanır. Çünki hər şey bu cinayət əməli ilə bitmir. Həyat bitmir. Bu insanlar sabah azadlıqda olacaq, zorakılıq əməli də ötüb keçəcək, insan həyata, cəmiyyətə adaptasiya olmalıdır. Əgər bu gün həmin insanların həqiqi kimliyi afişlənəcəksə, sabah onlar üçün cəmiyyət içində yaşamaq çətin ola bilər. Xüsusilə də söhbət yetkinlik yaşına çatmayanlardan gedirsə, onların həqiqi adları, kimlikləri verilməməlidir. Onların həyatı hələ irəlidədir. Media da belə xəbərləri alətə çevirməməlidir. Bu səpkili informasiyalara tribuna verməməlidir. Pis nümunələrə çox tez yoluxulur. Elələri ola bilər ki, bu cür hadisələrdən pis nümunə alaraq hadisəni təkrarlamaq həvəsinə düşər. Medianın bir anda populyarlaşmaq həvəsi, ictimaiyyətdə digər xoşagəlməz, faciəvi hadisələrin baş verməsini sürətləndirə bilər. Bu cür hadisələr tirajlanmamalıdır. Hər kəs "haqq-hüquq, müstəqillik, sərbəstlik” davasına qalxsa, Azərbaycan da, Allah eləməmiş, dönüb olar Hollandiya. Hollandiya niyə bugünkü vəziyyətdədir? "Haqq, hüquq” deyə-deyə gəlib çıxdılar bu günə. Topluma hədsiz imtiyazlar tanıdılar. İndi nə kişisi kişidir, nə qadını qadın. Hər şeyin ölçüsü, həddi olmalıdır. Kiminsə törətdiyi əməli tirajlamaq etik baxımdan da, qanun baxımından da doğru deyil. Bizim mediadakı dostlarımız da düşünməlidir ki, bu bəla onların da qapısını döyə bilər. Ümumi sosial bəlaya çevrilməmiş hadisənin bu qədər tirajlanmasının tərəfdarı deyiləm. Bunlar cəmiyyətin ziyanınadır. Media ictimai fikrə təsir imkanlarından düzgün istifadə etməlidir.

Mediaya hücuma keçmək əvəzinə...

A.Həsrət elektron KİV və sosial şəbəkə sahəsində pərakəndəlik hökm sürdüyünü də dedi:

- Təəssüf ki, bu sahədə pərakəndəlik var və bu da ümumi işin ziyanınadır. Təsadüfi adamları yığıblar bura, onlarsa vəziyyəti dəyərləndirib, düzgün istiqamət verə bilmir. Dövlət qurumları medianı ittiham etməkdənsə, maraqlansınlar ki, niyə bu xəbəri yayan informasiya saytları bloklanmayıb. Təhsil Nazirliyi interneti süzgəcdən keçirən sistemə malikdir. Hadisə də bir təhsil ocağında baş verib. Niyə həmin videonun yayılmasının qarşısı vaxtında alınmayıb. Üstəlik, hadisənin ardınca, daha da əcaib, başqa bir video paylaşılır və yayılır. Deməli, internetdə süzgəc sisteminə cavabdeh olanlar düzgün işləmir. Vəzifələrinin öhdəsindən gələ bilmirlər. Hadisə baş vermişdisə, uşaqların, yeniyetmələrin şəxsi hesabları, səhifələri nəzarətə götürülməliydi. O şəxsi hesablara giriş məhdudlaşmalı, əngəllənməliydi. Amma biz bunların heç birinin şahidi olmadıq. Tutalım, mediaya göstəriş verildi və media xəbərin yayılmasını dayandırdı. İnformasiyalara, görüntülərə giriş yenə sərbəstdir. Hər yetən açıb baxır. Hərə bir paylaşım edir, hərə bir rəy yazır, fikir bildirir. Beləcə məsələ soyumaq, səngimək əvəzinə, daha da qızışır. Mediaya "səlib yürüşü” təşkil etmək əvəzinə, məsələni mənbədən həll etmək lazım idi. Qapı-qapı düşüb saytlara, mətbuata deyəcəklər ki, bunu yazma?! Mediada "a-b” qanmayanlar da var. Hamıdan tələb etmək gözlənilən effekti vermir. Bu, bilirsiz nəyə oxşayır, vertolyot uçur, səsi aləmə yayılıb, amma camaat gözünü yumur ki, onu "görməsin”. Hesab edirəm ki, zərərli görüntülərin yayılmasının qarşısı vaxtında alınmalıydı. Xüsusilə də ortada təhsil, məktəb və yeniyetmələrin həyatı varsa.

Sosial şəbəkələr məhdudiyyəti "sevmir”

Report.az saytının baş redaktoru Murad Əliyev də hesab edir ki, informasiya yayımçılığında bəlli çərçivələr nəzərə alınmalıdır:
- Neçə gündür ki, məktəbdə baş vermiş hadisə barədə xəbərlər səngimir. Xəbərin ötürülmə qaydası var. Söhbət yetkinlik yaşına çatmayanlardan gedirsə, xüsusilə diqqətli olmaq lazımdır. Media gərək o uşaqların adlarını açıq verməyəydi. Belə hadisələr zamanı adlar şərti olaraq göstərilir. Ancaq bəzi saytlar "İP” toplamaq xətrinə informasiyanı bütün çılpaqlığı ilə verməyə can atır. Təki, sayta giriş sayı, informasiyanın oxunma sayında "rekord” hədd əldə edilsin. Bir xəbərin sosial şəbəkədə yayılması, o informasiyanın xəbər saytları, mətbuat tərəfindən tirajlanmasına əsas olduğu anlamına gəlmir. Sosial şəbəkələrdə zərərli, ictimai fikri çaşdıran, cəmiyyətin ümumi mənafeyinə xidmət etməyən xəbərlər də ola bilər. Hər xəbəri yaymaq olmaz axı. Bizim saytda lap başdan bu informasiya bəlli çərçivə daxilində verildi. Biz ad göstərmədən, uşaqların kimliyi açıqlanmadan xəbəri verdik. Məktəbli qız barədə ümumiyyətlə, heç bir xəbər verilmədi. Hər bir redaksiyada bu iş redaksiya heyəti tərəfindən nəzarətə götürülməlidir. Hamımız yetkin insanlarıq. Hansı xəbərin necə, hansı çərçivədə verilməsini biliriksə, ona əməl etməyə də çalışmalıyıq. Etik məsələlərdə çərçivələri aşmaq olmaz. Qanunun tələblərinə də riayət edilməlidir. Heç kəs gözləməməlidir ki, Respublika Prokurorluğu bəyanatla çıxış etsin, xəbərdarlıq etsin, sonra xəbərlərin yayılmasında hədlər gözlənilsin. Biz özümüz bu hədləri təyin etməli və onlardan kənara çıxmamalıyıq.

Sosial şəbəkələrə nəzarət məsələsinə gəlincə, M.Əliyev bunun mümkün olmadığını dedi:

- Sosial şəbəkə elə bir sahədir ki, orada məhdudiyyətlər tətbiq etmək mümkün deyil. Kimsə özü üçün şəxsi səhifə açır, istədiyi, xoşuna gələn bir xəbəri yayır, bir başqası video çəkib paylaşır. Bu cür informasiyaları bloklamaq da mümkün olmur. Yalnız sosial şəbəkə yaradıcılarının özü blok qoya bilər. Onlar da əgər bunda maraqlı deyilsə, etmirlər. Qalır, informasiya saytlarının, elektron KİV-lərin özünün məsələyə həssas və jurnalist prinsipi ilə yanaşması. Hesab edirəm ki, ictimai fikrə ziyan vura biləcək informasiyaların yayılmasında media etik çərçivələri gözləməlidir. Mənfi informasiyaların yayılmasında medianın payı olmamalıdır.

Məlahət Rzayeva