Məktəbdə ağlayan uşaqlar...

Pedaqoq və psixoloq valideynləri daha məsuliyyətli olmağa çağırır
Almaz Həsrət: "Hansı uşaq ki, məktəbəqədər hazırlıq görməyib, məhz o uşaqlarda sarsıntılar olur"


Narınc Rüstəmova: "Çox zaman valideynlər məktəblə bağlı uşaqları qorxudurlar. Uşaqlara
deyirlər ki, məktəb gəlir, artıq tez yatmalısız, daha bu oyuncaqlar olmayacaq. Yəni uşağa bir məsuliyyət, bir ağırlıq yükləyirlər"



15 sentyabr həftənin şənbə gününə düşsə də, respublikanın bütün orta ümumtəhsil məktəblərində "Bilik günü" kimi qeyd olunub. "Bilik günü" bizim üçün hər nə qədər maraqlı olsa da, tədris ilinin ilk günü daha çox həyəcan keçirənlər həmişə ağlayaraq məktəbə gedən birincilər, tələbə adını yenicə qazananlar və sevinən valideynlər olur. İlk məktəb, ilk dərs, sinif otaqları, ilk müəllimə və ilk müstəqil addımlar.

Bəzi uşaqlar birinci sinfə getməyə həvəsli olsa da, ilk dəfə parta arxasında əyləşənlər arasında qorxu yaşayan, ətrafında nə baş verdiyini anlamayan, hətta göz yaşları tökən 1-cilər də yox deyil.
Bu hal hər birimizə tanış olsa da, dərs ilinin ilk günlərində uşaqlarla davranmaq qaydası və onların psixoloji durumuna nəzarət etmək vacib şərtlərdən biridir. Çünki valideyninə bağlı olan və hələ də körpəlik dövrünü başa vurmayan şagirdlər üçün məktəbə öyrəşmək çətin olur. Buna görə ilk dərs günündə övladı ilə eyni parta arxasında əyləşən valideynlərin olduğunu görürük.

Bir neçə ildir Təhsil Nazirliyi tərəfindən məktəbəqədər hazırlıq qruplarının təşkil olunduğunu vurğulayan əməkdar müəllim Almaz Həsrətin sözlərinə görə, bu hazırlıqlarla 1-ci sinfə qədəm qoyan uşaqlar məktəb həyatının ilkin günlərini yaşamış olurlar

"Bu qruplara gedən balaca fidanlarımız artıq qorxu içində olmurlar. Onlarda artıq nədənsə çəkinmək, kollektivdən uzaq durmaq kimi hallar baş vermir. Çünki onlar məktəbəqədər hazırlıq qruplarında qorxu hisslərini itiriblər. Hansı uşaq ki, məktəbəqədər hazırlıq görməyib, müəyyən sosial və ailə problemlərilə əlaqədar hazırlıqda iştirak etməyib, məhz o uşaqlarda kiçik sarsıntılar olur. Ancaq bu sarsıntılar ildən-ilə azalır. Çünki uşaqlarımız bağça təhsili alırlar. Belə fidanlarımız birinci sinfə tam hazırlıqlı gəlirlər. Bu zaman hansısa qorxu hissinin olub-olmayacağı haqqında düşünməyə dəyməz".

Məktəbə gedəndə ağlayan, uyğunlaşa bilməyən uşaqlarla bağlı onların mərkəzinə xeyli müraciətlərin olduğunu deyən psixoloq Narınc Rüstəmovanın fikrincə, məktəbə gedən uşağın psixoloji hazırlığı, sosiallaşması, sosial sferası da normal olmalıdır ki, uşaq məktəbə adaptasiya ola bilsin:
"Çox zaman valideynlər uşaqları bizim yanımıza hadisə baş verdikdən sonra gətirirlər. Amma uşaqları məktəbə hazırlamaq üçün 4 yaş yarımından, 5 yaşdan sonra, məktəbə hazırlıq qruplarına aparmaqla yanaşı, həm də psixoloq yanına da gətirilməlidir.

 Özgüvəni aşağı, stressə davamsız uşaqlar cəmiyyət içərisində adaptasiya ola bilmir. Məktəbdə hər ailədən gələn, müxtəlif psixologiyalı 20-25 uşaq var. Biz onlara deyə bilmərik ki, bu aqressivdir, münasibətlərində müəyyən narahatlıqlar var. Müəllim kimisə qabaqda oturda bilər, kimdənsə dərs tələb edə bilər. Amma özgüvənsiz uşaq bunlardan təsirlənir və artıq uşaq məktəbə getmək istəmir, ağlayırlar".

Avropa ölkələrində uşaqları yetişəndən, məsuliyyətlərini dərk edəndən sonra birinci sinfə yazıldığını deyən N.Rüstəmovanın sözlərinə görə, bizdə valideynlər tələsirlər. Halbuki hər şey uşaqların yaşına uyğun olanda daha yaxşıdır. Valideyn bilməlidir ki, onun uşağı savadlı ola bilər, amma bu o demək deyil ki, uşağın psixoloji durumu da tam hazırdır. Oxumaq hələ hər şey demək deyil. Analar uşaqlarının sosiallaşması üçün bağçaya qoymalı, uşaqlarla daha çox zaman keçirməsinə şərait yaratmalıdır. Yanaşı olaraq, onu məktəbə həvəsləndirməli, məktəblə bağlı xoş xatirələrini danışmalıdır. Onun sevdiyi maraqlı bəzəkli dəftərlər, çantalar alıb, həvəsləndirməlidir".

Psixoloqun sözlərinə görə, çox zaman valideynlər məktəblə bağlı uşaqları qorxudurlar. Uşaqlara deyirlər ki, məktəb gəlir, artıq tez yatmalısız, daha bu oyuncaqlar olmayacaq… Yəni uşağa bir məsuliyyət, bir ağırlıq yükləyirlər: 

"Uşaq da fikirləşir ki, məktəb necə də dəhşətli bir yerdir. Mənim azadlığımı əlimdən aldı. Məktəb gəldi, mən oyuncaqlarımdan uzaq düşdüm və sair. Xeyr, əslində bu belə olmamalıdır. Uşağın öz əyləncə saatı olmalıdır. Və əsas da uşaq hər gün eyni saatda yatıb, durmalıdır. Məsələn, uşaq hansısa tətildədir deyə daha çox yuxusuz qala bilməz. 

Onun dəqiq yuxu saatı tənzimlənməlidir. Çünki yuxu uşaq sağlamlığında əhəmiyyətli yerlərdən birini tutur. Məlumdur ki, uşaqlarda yuxusuzluq nə qədər aqressivlik yaradır. Valideynlər yuxu saatına fikir verməlidir ki, sentyabr ayı gələndə uşağı qayğı almasın ki, mən tez yatıb tez duracam ki, məktəbə gedim"

Şəymən