Metropoliten rəhbərliyi isə bu işin mümkün olmayacağını bildirir
Metroda intiharları durdurmaq olarmı?
Ekspertlər stansiyalarda təhlükəsizlik divarının çəkiləsini təklif edir
Metropoliten rəhbərliyi isə bu işin mümkün olmayacağını bildirir
Metropoliten rəhbərliyi isə bu işin mümkün olmayacağını bildirir
İki gün əvvəl Bakı Metropoliteninin "Əhmədli” stansiyasında baş verən tükürpədici özünəqəsd hadisəsi nümayişkaranə intiharlar məsələsini yenidən aktuallaşdırıb. İnsanların gözü önündə intihara cəhd başqalarını da bu yola təhrik edir. Xüsusən də, metro kimi əhəmiyyətli məkanlarda bu cür hadisələrin yaşanması cəmiyyət üçün təhlükəli tendensiyadır. Bəs problemdən çıxış yolu nədir? Metroda bu problemi hansı yollarla həll etmək olar?
Qeyd edək ki, əslən Qazaxdan olan Qoşqar Aşurov metronun "Əhmədli” stansiyasında platformada olarkən qəfil hərəkətlə özünü yaxınlaşan qatarın altına atıb. Stansiyada xidmət aparan polis və qatarı idarə edən maşinist onun intiharına mane ola bilməyib. Hadisə vaxtı o qədər dəhşətli mənzərə yaranıb ki, stansiyada olan bəzi sərnişinlər və meyiti götürmək üçün aşağı düşən əməkdaşlar ağır sarsıntı keçirib.Ailəsi ilə birgə Bakıda kirayə yaşadığı bildirilən Q.Aşurovun bu əməli borca görə törətdiyi məlum olub. Mərhumun hər hansı banka və ya kredit təşkilatına deyil, tanışlarından birinə 1200-1500 manat miqdarında borcu olub. Son vaxtlar işsiz qalan Qazax sakini həmin pulu toplayıb qaytarmaqda çətinlik çəkirmiş və nəhayət, intihara əl atıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb, araşdırmalar aparılır.
Nəqliyyat sahəsi üzrə ekspert Ərşad Hüseynov metroda bu cür hadisələrin qarşısını almaq üçün metro xətlərinin kənarında maneə divarlarının quraşdırılmasının məqsədəuyğun olduğunu deyib. "Amma bu maneə divarlarının quraşdırılması çətin məsələdir. Layihəni həyata keçirmək üçün külli miqdarda maliyyə vəsaiti lazımdır. Plotformanın kənarında iki qat qapılı maneə divarı tikilməlidir ki, qatar dayananda hər iki qapı açılsın və sərnişinlər təhlükəsiz şəkildə vaqona minib düşə bilsinlər”.
Ə.Hüseynovun sözlərinə görə, bahalı layihə olmasına baxmayaraq, dünyanın bir çox ölkələrində təhlükəsizlik məqsədi ilə bu sistem tətbiq edilir: "Dubay metrosunda tətbiq edilən sistem vasitəsi ilə şəhərə gələn turistlər və şəhər sakinlərinin təhlükəsizliyini qorumaq olur. Digər bir tərəfdən bu maneə divarları vasitəsi ilə qatarın relslərindən yaranan istiliyin sərnişinləri narahat etməməsi üçün istifadə edilir. Həmçinin Vaşinqton, London, Paris və s. ölkələrin metro stansiyalarında platformaların qadağan edilmiş hissələrində qoruyucu şüşə sədlər yerləşdirilib. Bu da insanların təhlükəsizliyinin və hər hansı bir bədbəxt hadisənin qarşısını almaqda bilavasitə böyük əhəmiyyət kəsb edir”.
Sərnişinlərin təhlükəsizliyi ilə bağlı öz düşüncələrini ifadə edən ekspert Azər Allahverənovun fikrincə, xarici ölkələrin metro stansiyalarındakı sədlər də çox ciddi effekt vermir: "Bir müddət əvvəl təkliflər oldu ki, metrolarda intiharların qarşısını almaq üçün platforma boyunca təhlükəsizlik sədləri çəkilsin. Amma sədlər nə qədər hündür olsa belə, intihar etmək istəyən şəxs öz istəyini həyata keçirə bilər. Ona görə də elə bir mexanizm düşünmək lazımdır ki, həqiqətən də, insanların təhlükəsizliyinə xidmət etsin. Məsələn, düşünürəm ki, ilk növbədə, sürət həddini müəyyənləşdirmək və azaltmaq lazımdır. Çünki qatarlar stansiyaya sürətlə daxil olur. Bu elementi diqqətdə saxlamaq və elə etmək lazımdır ki, maşinist kiminsə relsə düşdüyünü gördüyü halda əyləci basıb qatarı saxlamaq imkanına malik olsun”.
Qafqaz Universitetinin hüquq kafedrasının müdiri, politoloq Fərhad Mehdiyevin sözlərinə görə, ilk növbədə bu insanların niyə intihar etmələrinin səbəbi araşdırılmalıdır. Özünə qəsdlərin iqtisadi problemlərdən daha çox psixoloji tərəfləri olduğunu vurğulayan F.Mehdiyevə görə, daha çox oğlanların intihara cəhd etməsi orta məktəblərdə kişi müəllimlərin olmamasının fəsadlarıdır: "Oğlan uşaqları yaxşı tərbiyə almır. Yeniyetmə yaşında oğlanlar qadın müəllimə özənməz. O, hər nə qədər yaxşı olsa da...”.
İntiharın qarşısının alınmasının müşkül məsələ olduğunu deyən Mehdiyev deyib ki, onun sayının azalmasına təsir etmək mümkündür: "Bütün intihar hadisələrini sosial məsələlərə də bağlamaq düzgün deyil. Sosial çətinliyi olmayan Skandinaviya ölkələrində də günəş azlığı səbəbi ilə insanlarda stressə düşmə riski artır. İntihara meyl etmənin bir səbəbi də dini şüurun az olmasıdır. Dində intiharetmə haram olmasa idi, bəlkə də indi intihar edənlərin sayı indikindən daha çox olardı. Ancaq bizim cəmiyyəti bir o qədər dindar cəmiyyət də saymaq olmur. Biz orta məktəbdən intihara qarşı maarifləndirmə işi aparsaq bəlkə də bu, bir nəticə verə bilər. Psixologiya və bu kimi dərslərdə şagirdlərə intiharın çıxış yolu olmadığı aşılanmalıdır. Bəlkə bundan sonra intiharın qarşısını nisbətən almaq mümkün ola bilər”. Politoloq metroda intiharların qarşısını almaq üçün iki çıxış yolu tətbiq etməyin mümkünlüyündən də danışıb: "Birincisi, intiharın qarşısını almaq üçün orta məktəblərdə maarifləndirmə aparmaq və islam dininin haram buyurduğunu da bu aspektdə onların yadına salmaq lazımdır. Metroda bunun qarşısını almaq olduqca çətindir. Çünki stansiyaya daxil olarkən metro qatarları ani dayana bilmir. İkincisi, bunu belə etmək olar; metro stansiyalarında qatarın konkret olaraq bir yerdə dayanacağını qətiləşdirdikdən sonra onun qapılarının qabağında açılıb-bağlanan divarlar düzəltmək olar. Sadəcə qapının önü açılacaq. Bu cür praktika xaricdə hava limanlarında da var. Frankfurta belə hava limanı var. Həmin vaxt qatarın altına düşmək mümkün deyil, çünki altında şüşə bir divar var. Qatar həmin şüşə divara yaxınlaşır, siz ora daxil olduqdan sonra qapılar bağlanır. Belə bir sistem quraşdırılsa, insanlar metroda özünü qatarın altına atmağa imkan tapmaz”.
Paytaxtda baş verən intihar hadisələrinin çox cüzi hissəsinin metro stansiyalarında baş verdiyini vurğulayan "Bakı Metropoliteni” QSC-nin Mətbuat Xidmətinin rəhbəri Nəsimi Paşayevin sözlərinə görə, il ərzində bir və ya iki intihar hadisəsi qeydə alınır: "İntihar edən insanın qarşısını heç bir təhlükəsizlik tədbiri ala bilməz. Əslində ölümü tək çıxış yolu seçən insan üçün məkanın heç bir fərqi yoxdur. Biri körpüyə çıxır, biri özünü dənizə atır, digəri özünü asır”. İntiharların qarşısını almaq üçün mövcud vəziyyətdə hansısa bir təhlükəsizlik tədbirləri görmək imkanlarının olmadığını vurğulayan N.Paşayevin sözlərinə görə, platformalar boyunca sədlərin çəkilməsi indiki infrastruktur üçün uyğun deyil: "Xarici ölkələrdə belə bir praktika var. Amma məsələ burasındadır ki, həmin sədlər stansiyalar layihələndirilən zaman nəzərə alınmalı olan qurğulardır. Belə metrolarda qatar dayananda həmin qurğuların qapısı qatarların qapısı ilə eyni anda açılıb, bağlanır. Azərbaycanda metro 1967-ci ildə tikilib və stansiyaların böyük əksəriyyəti sovet dövründən qalmadır. Heç birinin layihələndirilməsi zamanı bu cür qurğular nəzərə alınmayıb. Həmin qurğuların bu cür quraşdırılması isə o qədər də asan məsələ deyil. Ola bilsin ki, gələcəkdə hansısa metrostansiyanın layihələndirilməsi zamanı bu praktikadan yararlanaq. Amma indi intiharların qarşısını almaq üçün təhlükəsizlik sədlərinin quraşdırılması real deyil”.
Şəymən