Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat, Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov xaricdəki anti-Azərbaycan mövqeli şəxslərin ölkəmiz haqqında təhqirlər yağdırmasından danışıb. Sherg.az-ın xəbərinə görə, millət vəkili deyib ki, Azərbaycanın uğurları artıqdıqca erməni lobbisi tərəfindən maliyyələşən həmin qüvvələr Azərbaycan əleyhinə danışırlar, həqiqətə uyğun olmayan ifadələr səsləndirirlər.
S.Novruzov vurğulayıb ki, bu antimilli insanlara qarşı tədbir görülməsi vacibdir:
"Bu şəxslərə qarşı addım atmayıb, tədbir görmədikcə, onlar daha da irəli gedirlər, təhqirlərini çoxaldırlar. Açdıqları internet səhifələrində, saytlarında Azərbaycanın dövlət quruculuğunda xüsusi rolu olan şəxslərə, ümummilli liderə qarşı olmazın təhqirlərini səsləndirirlər. Biz niyə susmalıyıq, niyə cavablarını verməməliyik? Bir də görürsən deyirlər ki, bu cür şəxslərin səviyyəsinə enməməliyik. Amma mən o "hava”nı 20 ildir, eşidirəm, görürəm. Bəziləri söz demək istəmədiklərindən bəhanə uydururlar, "onların səviyyəsinə enməməliyik" deyirlər".
S.Novruzov deputatların hər birini xaricdəki ""söyüş mafiasıtnın təhqir etdiyini söyləyib:
"Ölkənin ziyalısı da, alimi də, akademiki də, professoru da, deputatı da bunlara cavab verməlidirlər. Hər kəs öz dövlətini, dövlət başçısını, ümummilli liderini qorumalıdır. Biz isə bunları sərbəst buraxmışıq... Onlar nə Milli Azadlıq Hərəkatında, nə də ölkəmizin torpaqlarının müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak ediblər. Müxtəlif ad altında qaçıb xaricə gediblər. Müxtəlif yerlərdən maliyyələşirlər, Azərbaycana qarşı təxribat törədirlər".
Deputat parlament kürsüsündən hüquq-mühafizə orqanlarına səslənib:
"Bircə aylıq monitorinq aparılsın. Nəticələr onların olduğu ölkələrin aidiyyatı strukturlarının qarşısına qoyulsun və sual verilsin ki, sizin ölkənizdə dövlət çevrilişinə çağırış olsaydı, dövlət başçısını təhqir etsəydilər, nə edərdiniz? Burada təhqirdən söhbət gedir. Bu kimi hallar baş versə idi nə edərdiz? Biri məqalə yazır, onu gecə ilə Fransada, Almaniyada həbs edirlər ki, yazısında dövlət əleyhinə çağırışlar var. Azərbaycan əleyhinə bu qədər çağırışlar edirlər, oturublar orada və onları bəsləyirlər. Hüquq-mühafizə orqanları da İnterpola konkret olaraq sənədlər təqdim etməlidir. Hüquqi-demokratik mübarizədən söhbət gedirsə, gəl, demokratik mübarizəni apar. Azərbaycanda kifayət qədər siyasi partiyalar var ki, bu gün fəaliyyət göstərir, qanun çərçivəsində mitinqini keçirir, fikirini də söyləyir. Demokratik mübarizənin yolu budur. Bu məsələ ciddi şəkildə həll olunmalı və yekunlaşmalıdır ki, başqaları da bunlara qoşulmasın. Ona görə də konkret addımlar atılmalıdır".
Anar