Fərid İsmayılzadə: “Telefonlar üçün hazırlanan xüsusi proqram təminatı bir az bahalı olur”
Mobil telefonlar müasir jurnalistikanın “bel sütunu”dur
Ələsgər Məmmədli: “Mobil rabitə informasiya mənbələrinə effektiv və sürətli çıxış imkanı yaradır”
Fərid İsmayılzadə: “Telefonlar üçün hazırlanan xüsusi proqram təminatı bir az bahalı olur”
Fərid İsmayılzadə: “Telefonlar üçün hazırlanan xüsusi proqram təminatı bir az bahalı olur”
Dünyada mobil rabitədən istifadə günü-gündən kütləviləşir. Bu proses isə təbii olaraq həm mobil rabitə operatorları arasında rəqabəti gücləndirir, onları daha müasir texnologiyaların tətbiqinə sövq edir, həm də bu kütləvilik mobil rabitənin tətbiqi sahələrinin artmasına yol açır. Bu baxımdan sözügedən avadanlıqlar media üçün də geniş imkanlar vəd edir.
Qeyd edək ki, ilin-günün bu çağında da Azərbaycanda sovet nostalgiyası ilə yaşayan insanlar var. Zəmanənin korlanmasından giley-güzar edən bu insanlar fürsət düşdükcə, o dövrün qayğısız günlərindən ağızdolusu danışırlar. Amma nostalgiya özü ilə heç də həmişə şirin xatirələr gətirmir. Məsələn, yaşlı nəsil nə qədər cəhd etsə də, günümüzün gənclərini ən azı, texnologiyanın sürəti baxımından təəccübləndirə bilməz. Çünki bir vaxt onlara xəyal kimi görünən, əlçatmaz sayılan bu günün insanları üçün həyat tərzinə çevrilib. Bəlkə o vaxt heç kim təsəvvür belə etməzdi ki, bir gün sovetin "baraban” telefonlarını ovuc içinə sığan mobil telefonlar əvəz edəcək.
Bir vaxtlar jurnalistin ayrılmaz parçası onun mürəkkəbli qələmi idisə, indi bu vacibatların ön sırasında mobil telefon gəlir. Bu gün heç bir media orqanı xəbəri anında ötürən bu aparatlar olmadan işini qura bilməz. Bircə mobil telefon bəs edir ki, hadisə yerindən operativ qaydada həm səsli, həm foto və ya videogörüntülü xəbər ötürəsən. Yəni məşhur məsəldə olduğu kimi, bir gülləyə iki yox, daha çox dovşan vura bilərsən. Təki "silahın” daim səninlə olsun.
Bu baxımdan həm radio, həm televiziya, həm qəzet, həm də internet jurnalistikası mobil rabitənin imkanlarından özünə lazım olan formada istifadə edir. Azərbaycan mediası, bütün ölkə vətəndaşları kimi, mobil rabitənin imkanlarından 90-cı illərin ortalarından istifadə etməyə başlayıb. O vaxta qədər jurnalistləri informasiya sahibi ilə calaşdıran ya ənənəvi telefon aparatları idi, ya da jurnalistin öz ayaqları. Yəni xəbər sahibini telefonla tapa bilməyəndə, ən kiçik məlumatı öyrənmək və ya dəqiqləşdirmək üçün öz ayağınla xəbərin dalınca getməli olurdun. Maraqlıdır, mobil rabitənin bu imkanlarına jurnalistlərin münasibəti necədir. Media nümayəndələri mobil telefonların imkanlarından istifadənin faydalı, yoxsa zərərli tərəflərinin daha çox olduğunu düşünür?
Media eksperti Ələsgər Məmmədlinin sözlərinə görə, mobil telefonlar media üçün geniş imkanlar açıb: "Bu gün jurnalistlər hər cür mobil texnologiyadan istifadə edirlər. Məsələn, mobil telefonun danışmaq, ismarıc ötürmək, foto və video çəkiliş aparmaq imkanı var. Bundan başqa yeni nəsil texnologiyalarının - 3G-nin yaratdığı imkanlar var. Bu, həm ənənəvi mediaya, həm də sosial mediaya yaxından dəstək olur. İnsanlar gündəlik həyatda gördüklərini sosial şəbəkələrdə paylaşırlar. Mediada informasiya bolluğu yaranır. Əvvəllər jurnalist bir yerə gedəndə kamera, fotoaparat aparmalı idi. İndi tək mobil telefon hamısına bəs edir. Ən əsası da mobil rabitə informasiya mənbələrinə effektiv və sürətli çıxış imkanı yaradır”.
Ekspertin fikrincə, media orqanları mobil rabitənin yeni imkanlarını mənimsəməkdə daha çevik olmalıdırlar: "Yeni texnologiyalar çevik mənimsənildiyi müddətdə rəqabətə davam gətirəcəklər. Bu gün CNN və BBC kimi peşəkar media qurumlarının efirində birbaşa görüntülər verərkən yeni texnologiyalardan istifadə edirlər. Hazırladıqları reportajlara mobil telefon görüntüsü də əlavə edirlər”.
Azərbaycan mediasının inkişafında mobil rabitənin imkanlarından istifadə məsələsinin qənaətbəxş səviyyədə olmadığını vurğulayan "GoldenPay” şirkətinin direktoru Fərid İsmayılzadə isə deyib ki, Azərbaycanda bir neçə saytın mobil versiyası olsa da, hələ mobil versiyalardan geniş istifadə olunmur: "Telefonlar üçün hazırlanan xüsusi proqram təminatı isə bir az bahalı olur. Başqa sözlə desək, bunun üçün gərək "Blackberry”, "iPhone”, "Google Android”, "Windows Mobile 7” və bu kimi smartfonlara və platformalara uyğun proqram təminatları yazılsın, sonra isə bu, bəlli saytlarda yerləşdirilsin, reklam edilsin və yalnız bundan sonra camaat da 10, 20 dollar ödəyərək bu proqramı telefonuna yükləyib sizin saytı daha rahat izləsin”.
Fərid İsmayılzadə məhz mobil rabitənin imkanlarından istifadə sayəsində bu gün dünyada feysbukun ciddi xəbər qaynağına çevrilməsinə də diqqət çəkib: "Hansısa bir hadisə, qəza baş verəndə sosial şəbəkədə olan istifadəçilər bunu səhifələrində yazırlar. Tutaq ki, bu gün Suriyada xarici KİV-in fəaliyyəti qadağan edilib, amma ki, Suriyada baş verənlər mobil telefonla çəkilib, sosial şəbəkələrə qoyulur. Deməli, media qurumları rəqabət aparmaq üçün mobil rabitənin imkanlarından daha geniş istifadə edib, informasiyanın daha tez və sürətli çatdırılmasına çalışmağa məcburdurlar”.
"GoldenPay” şirkətinin direktoru Azərbaycanda bütün mobil operatorların 3G xidmətini yaratmasını da vacib sayır və bunun medianın inkişafına ciddi töhfə verəcəyini dilə gətirib: "3G hər şeydən əvvəl sürətli internet deməkdir. Azərbaycanda 3 mobil operatordan yalnız birində 3G var. Bu gün Azərbaycanda mobil operatorlarda istifadə olunan sistemin verə biləcəyi internetin sürəti səhv etmirəmsə, 256 kilobaytdır. 3G ilə isə 8 meqabitə qədər sürət ola bilir. 3G-nin tətbiqi KİV nümayəndələrinə informasiyanın daha sürətlə ötürməyə imkan verəcək. 3G üzərindən kamera ilə artıq canlı videogörüntü də yayımlamaq mümkün olacaq. Siz haradasa çəkiliş aparırsınızsa, kameranı 3G-yə bağlayıb, canlı yayım apara biləcəksiniz. 3G kabelsiz bağlantıda yüksək sürət vəd edir. Yəni ən böyük rahatlıq odur ki, telefon hər yerdə tutur, deməli, hər yerdən internetə bağlanmaq olar. Ancaq bu gün siz bir yerdən canlı görüntü vermək istəyirsinizsə, ora böyük maşınlar gəlir, peyk antenası qurulur, kabellər çəkilir və s... 3G olanda isə sadəcə bir kamera ilə bu işi görəcəksiniz. İstədiyiniz yerdən görüntü göndərə biləcəksiniz. Yaxud yazını yazıb, 5 dəqiqəyə göndərəcəksiniz. Tutaq ki, mətbuat konfransındasınız, 3G yoxdursa, videogörüntünü göndərmək saatlar ala bilər. Amma 3G olanda, xəbərin göndərilmə operativliyi artacaq. Biz məlumat alanlar üçün də rahat olacaq. Daha sürətli internetə bağlanıb, daha çox məlumat ala biləcəyik. 3G həm qeyri-ənənəvi xəbər yayımına da təsir edəcək. Tvitter və ya feysbuk kimi şəbəkələrdən məlumat ötürülməsi sürətlənəcək. Ümumiyyətlə, müasir dövrdə medianın inkişafının əsasında mobil rabitənin inkişafı, təkmilləşməsi dayanır”.
"Kaspi” qəzetinin əməkdaşı, jurnalist Rufik İsmayılov da jurnalistlərin mobil telefondan istifadəsinə tam normal baxdığını deyib. Onun sözlərinə görə, mobil telefonlar insanlar arasında, o cümlədən jurnalistlərlə müsahibləri arasındakı məsafəni azaldıb ki, bu da bizim işimizin xeyrinədir: "Demək olar ki, əksər müsahibə və açıqlamalarımı, münasibətlərimi mobil telefon vasitəsilə əldə edirəm. Eləcə də xarici ölkədə yaşayan ekspert, deputat və sairlərlə ünsiyyəti də mobil telefon vasitəsilə qurmaq mümkün olur. Düzdür, elektron poçt və sosial şəbəkə vasitəsi ilə də yazılı şəkildə müsahibə və ya açıqlama almaq mümkündür. Amma bu, müsahiblə canlı bağlantının, birbaşa ünsiyyətin effektini vermir. Yazılı şəkildə alınan müsahibə və açıqlamalar bəzi hallarda quru, şablon xarakter daşıyır ki, bu da effekt vermir. Digər tərəfdən, müsahiblərin də öz işi-gücü var. İndi o dövr deyil ki, onlar yalnız bir ünvanda olsunlar və axtardığın zaman həmin şəxsləri o ünvanda tapasan, yanına gedib lazım olan informasiyanı alasan. Amma mobil telefon hər kəsin üzərində olur deyə, asanlıqla müsahiblərimizlə ünsiyyət qura, zəruri məlumatları əldə edə bilirik”. Həmkarımızın sözlərinə görə, müasir mobil telefonlar internetə çıxış imkanı, foto və video çəkmək funksiyası baxımından da kifayət qədər əhəmiyyətlidir: "Hər hansı jurnalist "vord” proqramı olan telefonu ilə iştirak etdiyi mətbuat konfransından birbaşa material işləyib, tədbirdən şəkil çəkib operativ xəbər kimi redaksiyaya göndərə bilər. Eyni zamanda telefonun diktofon funksiyası da jurnalistin işinə yarayır. Göründüyü kimi, bir çox
funksiyaları özündə birləşdirən müasir mobil telefon jurnalistlər üçün əlverişlidir. Ona görə də müasir dövrdə jurnalisti kompütersiz, sosial şəbəkədən istifadəsiz, mobil telefondan yararlanmayan təsəvvür etmək qeyri-mümkündür. Mobil telefon sözün əsl mənasında həyatımızın bir parçasına çevrilib”.
"Gündəlik Teleqraf” qəzetinin əməkdaşı, jurnalist Bəxtiyar Məmmədli də mobil telefonlardan istifadənin informasiyanın hazırlanması prosesində jurnalistlərin işini asanlaşdırdığını deyib: "Jurnalistlərin mobil telefonlardan istifadəsi çox vacib və əhəmiyyətli məsələdir. Fakt odur ki, mobil rabitə şəhər telefonlarından istifadəni minimuma endirib. Yəni, əgər dünənədək hansısa jurnalistin suallarını cavablandırmaq üçün mütləq müsahib şəhər telefonunun, belə desək, yanını kəsdirməli idi. Ancaq buna indi ehtiyac qalmayıb. İstədiyin zaman mobil telefon ilə müsahibinlə əlaqə saxlayıb, onun fikirlərini öyrənə bilirsən”. Bununla belə B.Məmmədli mobil telefonların insan sağlamlığı üçün ziyanlı olma məqamını da xatırlatmağı unutmayıb. Onun sözlərinə görə, tək jurnalistlər üçün deyil, hər kəs üçün mobil telefonlardan hədsiz istifadə risklidir: "Mütəxəssislərin fikrincə, mobil telefona zəng gəldikdə şüalanma bir neçə dəfə artır ki, bu, insana mənfi təsir göstərir. Həmçinin, qeyd olunur ki, mobil telefonu 15 dəqiqədən artıq qulağa sıxılmış vəziyyətdə saxlamaq olmaz. Belə olan halda sual yaranır: Bəs jurnalistlər nə etməlidir? Təbii ki, jurnalistlər məhz bədənindəki radiasiyanın səviyyəsini tibbi müayinələr vasitəsilə bilməli və müalicə olunmalı və ya istirahət etməlidir. Amma təəssüflər olsun ki, indiki məqamda bu mümkün deyil”.
Şəymən
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb