Moskvanın verdiyi vədlər puç çıxdı

Aprel döyüşlərindən sonra sanki, elə təsəvvür yaranmışdı ki, Rusiya Qarabağ münaqişəsini həll edəcək
“İndi Kreml Ermənistanı silahlandırmaqla tərəflər arasında hərbi balansı qorumağa çalışır”

Rusiya uzun illərdir Azərbaycanı və Ermənistanı silahla təchiz edir, hər iki ölkəyə müxtəlif növ silah-sursat satır. Daha doğrusu, Azərbaycana silahı satır, kasıb Ermənistana isə hədiyyə edir. Son aylar baş verən proseslər göstərir ki, Rusiya hələ də "balanslaşdırıcı” Qarabağ siyasətini davam etdirməkdədir. Ancaq məsələ ondadır ki, bu siyasət heç də ədalətli vasitəçilik niyyətindən irəli gəlmir.

Moskvanın addımları münaqişənin həllinə deyil, Rusiyanın bölgədəki maraqlarını qorumağa xidmət edir. Ekspertlərin fikrincə, Kreml konfliktin həllini süni şəkildə uzatmaqla və hər iki tərəfi silahlandırmaqla Ermənistanı özündən daha güclü siyasi asılılığa salmağa çalışır. Yəni hərbi ritorika Rusiya üçün tərəfləri öz orbitində saxlamağa hesablanmış mühüm amildir. Məlumdur ki, bir neçə gün əvvəl Azərbaycana Rusiyadan növbəti partiya silah-sursatı və hərbi təyinatlı avadanlıqlar gətirilib. Müdafiə Nazirliyindən verilən məlumata görə, budəfəki tədarük iki ölkə arasında əvvəllər əldə olunmuş razılaşmalar əsasında reallaşıb. Bundan təxminən 10 gün qabaq isə Bakı Rusiyadan başqa bir partiya ağır hərbi texnika və döyüş sistemləri almışdı. Təbii ki, budəfəki silah göndərişi Ermənistanda kəskin qıcıq və narahatlıq doğurub. Hətta bəzi erməni ekspertləri bunu "Rusiyanın Azərbaycanı Ermənistana qarşı müharibəyə təşviq eləməsi” kimi şərh ediblər.

Baş verən prosesləri "Şərq”ə dəyərləndirən sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli deyib ki, Rusiyanın fəaliyyətinin əsas hissəsi Qərblə, ilk növbədə ABŞ-la mübarizəyə yönəlib. Ekspertin sözlərinə görə, bu siyasətin mərkəzində Ukrayna dayanır:

"Rusiya görür ki, ABŞ və Avropa ölkələri Ukraynaya daha çox dəstək verirlər. Gələcəkdə Ukraynanın NATO-ya cəlb edilməsi məsələsi də gündəmdədir. Bu da Qərbin Rusiya sərhədlərinə ciddi şəkildə yaxınlaşması anlamına gəlir. Moskvanı narahat edən əsas məsələ budur. Bu kontekstdə Rusiyanın Cənubi Qafqaza yaxınlaşması normaldır. Aprel hadisələrindən sonra Rusiya Prezidenti dedi ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə şəxsən özü məşğul olacaq. Medvedyev və Lavrov İrəvana səfər etdilər və geniş müzakirələr apardılar. Daha sonra 5 rayonun qaytarılması məsələsi gündəmə gətirildi. Elə təsəvvür yarandı ki, sanki Rusiya ciddi surətdə problemin həlli ilə məşğul olmağa başlayıb. Amma çox da uzun sürməyən proseslərdən sonra əks hadisələr meydana gəldi. Ermənistanla Rusiya ordusunun birləşdirilməsi haqqında qərar çıxarıldı. Bu, indiyə qədər görülməyən hadisə idi. Bundan sonra Ermənistana dağıdıcı silahlar göndərildi. İsgəndər raket kompleksləri verildi. Nəticədə ermənilər hərbi ritorikanı gücləndirdilər. Son olaraq Rusiya sərhədçiləri Ermənistan sərhədçiləri ilə birlikdə Dağlıq Qarabağda təlim keçirdilər. Hətta iddia edilir ki, Rusiya tərəfi Şuşa şəhərində radiolokasiya stansiyası tikməyi planlaşdırır. Bütün bunların hamısı ciddi təxribatdır və təhdid elementləridir”. 

Ekspertin fikrincə, Rusiya "balanslaşdırıcı” siyasət aparmır: "Rusiya birmənalı şəkildə Ermənistanı müdafiə edir və hər addımı ilə bunu büruzə verir. Azərbaycana gətirilən silahlar isə deyildiyi kimi, üç il əvvəl alınıb, daha doğrusu, o vaxt sövdələşib və pulu ödənib. Sadəcə silahlar indi bizə təhvil verilir. Ancaq reallıq odur ki, Kreml Ermənistanı silahlandırmaqla tərəflər arasında hərbi balansı qorumağa çalışır. Təbii ki, burada söhbət siyasi balansdan getmir”.

İsmayıl