Müstəqillik dövrü Azərbaycan teleməkanında milli-mənəvi dəyərlər sisteminə yeni baxış formatı kimi

Fəxriyyə Lilpar Isayeva



Azərbaycanda televiziyanın bütün istiqamətlərdən inkişafında milli müstəqillik faktoru əsas kimi çıxış edir. Sovet ideoloji maşınının güclü vasitəsi kimi, televiziya ən çox milli respublikalarda dövlət nəzarətində olması televiziyada yaradıcı proqram formatlarının inkişafına birmənalı şəkildə öz mənfi təsirini göstərirdi. Müstəqilliyimizin qazanılması bir tərəfdən bu ögey ideoloji nəzarəti aradan qaldırdı, söz və mətbuat azadlığını təmin etdi, digər tərəfdən telekanalların sayının artması və bununla da yaradıcılıq sahəsində ilk dəfə olaraq rəqabət prinsipinə şərait yaratdı. 

Telekanallar bir tərəfdən tamaşaçının estetik zövqünü formalaşdırmaq, jurnalistikanın bilgiləndirmək, maarifləndirmək və əyləndirmək kimi fundamental funksiyalarını həyata keçirmək, yeni yaranmış reklam bazarına sahib olmaq üçün rəqabətə girmək və s. prinsiplərlə fəaliyyətə başladı. Bu gün Azərbaycanda bir neçə ümumrespublika, bir neçə regional və hətta artıq xeyli sayda internet televiziya kanalları fəaliyyət göstərməkdədir. İndi Azərbaycanda 40-dan çox teleyayımçı mövcuddur. Bu say çoxluğunun telekanallar arasında rəqabəti gücləndirməsi yaradıcılığın yeni tapıntılarına, peşəkarlığın daha vacib əhəmiyyət kəsb etməsinə zəmin yaradan amil kimi səciyyələndirilir. Belə bir yaradıcılıq mühiti özünü yeni proqram formatları axtarışlarının meydana gəlməsinə zəmin yaradır. Və bu proqramların mütləq ictimai maraq doğurması zəruri faktorlardan biri kimi ən ümdə məsələ olaraq televiziyalar qarşısında müzakirə olunur. İctimai maraq doğura biləcək proqramlar isə tamaşaçını bir sıra meyarlarla yanaşı həm də öz tematikası ilə cəlb etməlidir. Bu tematika sistemində isə mədəniyyət və incəsənət mövzusu aparıcı yerlərdən birini tutur.

Ancaq bir halda ki, söhbət proqram formatlarından gedir, onda ilk növbədə proqram anlayışının semantikası və mahiyyətini diqqət etmək yerinə düşər. "Format”, əslində, hər hansı bir predmetin görkəmi, növü, tipi, quruluşu, strukturu, xarici ifadəsi kimi məsələləri əhatə edir. Bu kontekstdə - yəni televiziya verilişinin formatı hər hansı xüsusiləşmiş televiziya proqramının səbəkəsində müəyyən dövr üçün yer tutmuş, təqdim ediləcək vaxtı dəqiq müəyyənləşmiş hər hansı proqram nəzərdə tutulur. Məsələn, telekanalların əksəriyyətində dəqiq efir vaxtı, dəqiq mövzu sahəsi, məlum studiyası, məlum aparıcısı, bəlli rejissurası və s. olan proqram formatları mövcuddur. Xəbərlər proqramı, maarifçi proqramlar, analitik proqramlar, əyləncəli proqramlar kimi müxtəlif televerilişlərin hər biri xüsusi formatları ilə bir-birindən fərqlənir.

Azərbaycanın SSRİ-nin tərkibində olması və yalnız bir telekanalın fəaliyyət göstərməsi proqram formatlarının hazırlanmasında yaradıcı istiqamətin deyil, ideoloji aspektin önə çəkilməsinin vacibliyi inkişaf mühitini məhdudlaşdırırdı. Belə bir bəsit yanaşma hətta Moskvadan yayımlanan kanallarda da özünü göstərmişdir. Rusiyanın özündə də yalnız müstəqillik dövrü başlayanda – 90-cı illərin ikinci yarısında çoxşaxəli proqram formatları meydana çıxmağa başladı. Azərbaycanda da müstəqillik, bazar iqtisadiyyatı ilə yeni televiziyaların yaranması, ən müasir, daha çevik, effektli, texniki cəhətdən müasir avadanlıqların gəlişi, televiziya yaradıcılığının və işinin dünya televiziyaları ilə inteqrasiyası və müasirləşmə prosesi televiziya mühitində yeni, bir-birindən fərqli, müstəqil yaradıcı yanaşmanın məhsulu olan çeşidli proqram formatlarının meydana gəlməsinə şərait yaratdı. Məsələn, uzun müddət yalnız Azərbaycan Dövlət Televiziyasında bir xəbərlər proqramı – "Xəbərlər” adına alışmış tamaşaçı 1990-cı illərdə artıq yeni yaranmış kommersiya telekanallarında müstəqil yaradıcılıq düşüncəsinin məhsulu olan "Səda” (Lider TV), "Hər gün” (Space TV), "ATV xəbər” (ATV), "Xəzər xəbər” (Xəzər TV), "Carçı” (İTV) və s. kimi hər bir telekanalın informasiya siyasətini, tipoloji xarakterini ifadə edən proqram başlıqlarının şahidi oldu. Beləliklə, çeşidli analitik, maarifçi və o cümlədən mədəniyyəti, incəsənəti ifadə edən proqram formatları meydana gəldi.

Bu sırada eyni zamanda incəsənətə dair proqramların da xüsusi formatları yaranmağa başladı. İncəsənət dünyasına xüsusi münasibət xalqı öz mənəvi sərvətlərinə qaytarmaq, milli özünəqayıdışa təsir etmək, xalqımızın sənət nümunələrini dünyaya tanıtmaq missiyası güdürdü. Qazanılmış müstəqillik ölkənin teleyayım işinə öz təsirini göstərmişdi. Artıq sərbəst düşüncə, fərqli yanaşma, diktəsiz və azad yayıma zəmin ola bilirdi ki, bu da, hər şeydən əvvəl xalq sənətinə, milli dəyərlərə münasibət sistemində incəsənətə dair proqram formatlarının çeşidliyində özünü göstərirdi. Sual oluna bilər, niyə telekanallar mədəniyyət, incəsənət məsələlərinə çox önəm verirlər? Əvvəla hər hansı bir telekanal bu və ya digər şəkildə tamaşaçını mədəniyyətə yaxınlaşdırır. Hətta, informasiya proqramlarında belə televiziya bu vəzifəni yerinə yetirir... deməli, hər bir televerilişin mədəniyyətə aidiyyatı var. Nəzəriyyəçilərin fikrincə, incəsənət əsərlərinin yazıçının, musiqiçinin, rəssamın, sənətşünasın şərhləri ilə təqdim edilməsi bu sahədə teleproqramın xüsusi formatı kimi tamaşaçını daha artıq cəlb edir. Televiziya ekranında, xüsusilə maraqlı proqram formatında təqdim olunan incəsənət əsərləri tamamilə yeni həyat yaşayır. Azərbaycan teleməkanında bu mövzu ilə bağlı yeni proqram formatları diqqəti cəlb edir. Xüsusilə dövlət və bir çox özəl telekanalların səhər proqramlarında formata yeni yaradıcılıq, peşəkarlıq meylləri ilə yanaşma öz müsbət effektini göstərir.

Azərbaycan teleməkanında incəsənəti təzahürü kimi bədii musiqili-əyləncəli verilişlərlə yanaşı, eyni zamanda maaarifçilik funksiyasını bədii-estetik dəyərlər çərçicəsində efirin spesifik imkanlarından istifadə etməklə yeni proqram formatları yaranır. Bunlar elə proqram formatlarıdır ki, özlüyündə bədii-estetik dəyərlər əsasında həm də tamaşaçıya bir məlumat ötürmək, nəzərdə tutulan obyektin fonunda maarifləndirmək kimi missiyası ilə yanaşı həm də əyləndirən incəsənət nümunələri kimi təqdim olunur.

Azərbaycan incəsənətinin təkcə ölkəmizdə deyil, bütövlükdə dünya arenasında sayılıb seçilməsini, müxtəlif milli-mənəvi dəyərlərə, mental xarakterlərə, regionlara, coğrafi məkanlara malik xarici ölkələrdə ictimai maraq doğurmasını, qloballaşan dünyada öz milli incəsənət nümunələrimizi nəinki qoruyub saxlamaq iqtidarında olmağımızı, habelə onun zənginləşməsinə nail olmamıza və milli mənsubiyyəti Azərbaycan olan bu sənət nümunələri yüksək səviyyədə təbliğ olunmasını sübut etmişdir. Və bu təbliğat işində media sisteminin, indiki halda televiziyalarımızın rolu çox güclü vasitə kimi qiymətləndirilir.

Və Azərbaycan telekanalları da öz növbəsində özünün milli sənət nümunələrini təbliğ etmək, işıqlandırmaqla bərabər, dünya ölkələrinin də öz növbəsində örnək götürülə biləcək nümunələrini də Azərbaycan tamaşaçısı qarşısında nümayiş etdirməkdədir. Bu da müasir dövrdə milli mədəniyyətin, incəsənətin zənginləşmə prosesinə xidmət edir.

Beləliklə, bütövlükdə televiziya fəaliyyətinin müstəqil yanaşma xarakteri, proqram formatlarının zənginliyi ölkənin demokratik xarakterindən irəli gəlir.