"Əks halda iqlim dəyişikliklərinin təsiri artdıqca Bakı və Abşeronun infrastruktur problemləri daha ağır sosial və iqtisadi nəticələr doğuracaq”
Son illərdə iqlim dəyişiklikləri Azərbaycanda daha ciddi şəkildə hiss olunmağa başlayıb. Xüsusilə Bakı və Abşeron yarımadasında intensiv yağışlar nəticəsində tez-tez subasmalar baş verir.
Bir neçə saat davam edən yağış belə küçələri, yolları və yaşayış massivlərini su altında qoyur. Bu artıq təsadüfi hadisə deyil, şəhərsalma və infrastruktur problemlərinin açıq nəticəsidir.
Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev Sherg.az-a açıqlamasında bu problemi qlobal iqlim dəyişiklikləri ilə yox, iki və üç mərtəbəli evlər üçün nəzərdə tutulmuş məhəllələrdə çoxmərtəbəli binaların inşa edilməsi ilə əlaqələndirib. Onun fikrincə, həmin ərazilərdə həm əhali sıxlığı artıb, həm də mövcud kommunikasiya xətləri həddindən artıq yüklənib: 
“Bir milyon nəfər üçün nəzərdə tutulmuş su, kanalizasiya və elektrik şəbəkələri bu gün bir neçə milyon insana xidmət göstərməyə məcbur qalıb. Bu isə hər güclü yağış zamanı sistemin iflic olmasına səbəb olur. Şəhərdə yaranan tıxaclar da plansız tikintinin ağır nəticələrindən biridir. Digər böyük problem isə illərlə nəzarətsiz şəkildə salınmış yaşayış massivləridir. “Gecəqondu” adlandırılan bu ərazilər əslində hamının gözü qarşısında formalaşıb. Bir çox yerlərdə kanalizasiya, normal yol, içməli su və yağış sularını axıdacaq sistem ümumiyyətlə mövcud deyil. Bu səbəbdən güclü yağış zamanı həmin ərazilər yaşayış üçün təhlükəli vəziyyətə düşür. Artıq dövlət səviyyəsində geniş və uzunmüddətli proqram hazırlanmalı, təhlükəli ərazilər mərhələli şəkildə köçürülməlidir. Əks halda iqlim dəyişikliklərinin təsiri artdıqca Bakı və Abşeronun infrastruktur problemləri daha ağır sosial və iqtisadi nəticələr doğuracaq”.