Ölkəmizdə avtoritetlərin əl-qol açmasına şərait yoxdur
Azərbaycanlı “qanuni oğru”lar da ya Rusiyada, ya Türkiyədə, ya da ərəb ölkələrində yaşayırlar
Paytaxtda kriminal avtoritetin həbsi ilə bağlı məlumat yayılıb. Suraxanı Rayon Polis İdarəsi və 33-cü Polis Bölməsinin keçirdiyi əməliyyat nəticəsində "Dəli Samir” ləqəbli Samir Aslanov saxlanılıb. Əvvəllər də məhkum olunmuş S.Aslanovun "Lotu Quli” ləqəbli kriminal avtoritet Nadir Səlifova yaxın olduğu bildirilir. Məlumatda diqqət çəkən bir məqam da, saxlanılan şəxsin Suraxanı rayonunda karate məktəbinin olmasıdır. Deyilənə görə, onun özü idmanın bu növü ilə məşğul olur. S.Aslanovun saxlanıldığını əks etdirən video-süjetdə isə "avtoritet”in sərbəst hərəkət etməsi, hüquq-mühafizə orqanları əməkdaşlarınınsa onunla mülayim davranmaları da diqqətdən yayınmır. Hadisəni şərh edən İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, hüquqşünas-kriminalist İlqar Altay "Şərq”ə açıqlamasında Azərbaycan hüquq-mühafizə orqanlarının ayıq-sayıq olduğunu vurğuladı:
- Azərbaycan hüquq-mühafizə orqanları qanun pozucularına, cinayətkarlara qarşı lazımi qaydada sərtdirlər və ictimai asayişi də kifayət qədər nəzarətdə saxlayır, qoruyurlar. Tam əminliklə deyirəm ki, Azərbaycanın yuxarı instansiya hüquq-mühafizə orqanlarına kriminal avtoritetlərin heç bir təsir imkanları yoxdur. Əgər S.Aslanovun saxlanılması zamanı hansısa mülayim rəftar müşahidə edilibsə, bu, böyük ehtimalla kiçik rütbəlilərdən qaynaqlanır. Bəzən kiçik rütbəli ədliyyə işçiləri, polis əməkdaşları saxlanılan şəxslərlə sərt davranmır. Bu da daha çox onların öz əraziləri üzrə insanları tanıdıqlarına, qonşuluq münasibətləri olmasına görədir. Məsələn, sahə müvəkkilləri səlahiyyətləri əhatəsində olan ərazilərdə hər kəsi tanıyır, insanlarla müəyyən münasibətləri olur, bir hadisə baş verdikdə də tanışlıq baxımından insanlarla sərt davranmırlar, sadəcə, onları qanunun tələblərinə riayətə dəvət edirlər. Əgər həqiqətən də, S.Aslanovun saxlanılması zamanı mülayim rəftar müşahidə edilibsə, çox güman ki, bu nöqteyi-nəzərdən baş verib.
İ.Altay Azərbaycanda kriminal avtoritetlərin geniş əl-qol aça bilmədiyini bildirdi:
- "Avtoritetlər”, "oğru dünyası” sovet dövründən gələn köklü məsələdir. Heç Rusiyada onların əl-qolunu bağlaya bilmirlər. Putin hakimiyyətə gələndə "avtoritetləri” yığışdırmaq istədi, amma bacarmadı. Son 10-15 ildə kriminal avtoritetlər Rusiyada daha çox şaxələniblər. Gürcüstandan da "qanuni oğru”lar Rusiyaya axışıb. Çox maraqlıdır ki, Saakaşvili "qanuni oğru”ları Gürcüstandan pərən-pərən saldı, amma Rusiya kimi güclü kəşfiyyat orqanına malik ölkə bunu edə bilmədi. Ya da istəmədi. Ona görə də hazırda kriminal avtoritetlər Rusiyada sərbəst fəaliyyət göstərirlər. Azərbaycanda isə hüquq-mühafizə orqanları güclü olduğundan, "avtoritet”lərə burada fəaliyyət imkanları məhduddur. Azərbaycanlı "qanuni oğru”lar da ya Rusiyada, ya Türkiyədə, ya da ərəb ölkələrində yaşayırlar. Biznes qururlar. Azərbaycan hüquq-mühafizə orqanları ictimai təhlükəli şəxslərə qarşı kifayət qədər sərt davranır. Və düz də edirlər. Belə olmasa, bu insanlar təşkilatlanar, pozucu fəaliyyətlərini genişləndirər. Görünür, Samir Aslanov da həbsdən çıxdıqdan sonra əvvəlki fəaliyyətini davam etdirməyə başlayıb, bəlkə təsir dairəsini genişləndirməyə çalışıb, ona görə də hüquq-mühafizə orqanları onu saxlayıb və zərərsizləşdirib.
S.Aslanovun karate məktəbinin olmasına gəlincə, İ.Altay bunun təəccüblü olmadığını dedi:
- Fikir versək, görərik ki, kriminal avtoritetlər həmişə ətraflarında qolu zorlu adamları, idmançıları saxlayırlar. "Avtoritet”lərin özü də çox zaman idmanın müxtəlif növləri, xüsusən, əlbəyaxa döyüş növlərini bilən adamlar olur. Kriminal aləmdə olan insanlar idmançıları ələ keçirir, bəzənsə, təəssüf ki, idmançıların özləri də sonradan təsir altına düşərək kriminallaşır. Görünür, Samir Aslanov da idman klubunda özünə "yuva” salıbmış. Belə insanların ictimai təhlükəlilik dərəcəsi artıqda, onların həbsi labüdləşir.
Məhkumlara Hüquqi Yardım Assosiasiyasının sədri, Penitensiar Xidmətin sabiq rəisi Məmməd Zeynalov isə "Şərq”ə açıqlamasında "kriminal avtoritet” ifadəsinin heç də həmişə yerində işlədilmədiyini bildirdi:
- Görünür, bu şəxsin bir neçə dəfə məhkumluq həyatı yaşaması onun barəsində "kriminal avtoritet” ifadəsinin işlədilməsinə səbəb olub. Amma bu, yanlışdır. "Kriminal avtoritet” ifadəsi heç də həmişə yerində işlənmir. "Kriminal avtoritet” və ya "qanuni oğru” sayılmaq üçün şəxsin bir və ya bir neçə dəfə məhkum olması şərt deyil. "Avtoritetlər” bir neçə dəfə həbs olunmur. Onlar həbsxanada da çox oturmurlar. Adətən, bir neçə il cəzalarını çəkib azadlığa çıxırlar. Təkrar məhkumluq həyatı yaşayanlar azadlıqda yaşaya bilməyənlərdir. Bu tip insanlar, nə qədər qəribə səslənsə də, artıq cəzaçəkmə müəssisəsi həyatına alışmış şəxslərdir. Cəzaçəkmə müddətləri bitdikdən sonra, az bir zaman keçir və təkrar bir cinayət törədib yenidən həbsxanaya qayıdırlar. Hər adama "avtoritet” ləqəbi verilmir.
M.Zeynalov hazırda Azərbaycanda "qanuni oğru” və ya "kriminal avtoritet”lərin olmadığını da dedi:
- Bu saat Azərbaycan ictimaiyyəti üçün təhlükə törədə biləcək elə insanlar yoxdur. Elə bir güclü, nüfuzlu şəxs yoxdur ki, kimlərisə ətrafına toplasın, təsir imkanlarına malik olsun. Hazırda cəzaçəkmə müəssisəsində cəza çəkən Nadir Səlifov da heç Azərbaycanda o qədər də tanınmır.
Onu daha çox Rusiya və Gürcüstanda tanıyır və qəbul edirlər. Görürsünüz ki, bəzi başqa "kriminal avtoritetlər” də ölkə xaricindədir. Bəzən onların ölkəyə gəlməsi xəbərləri yayılır, amma mən bu xəbərlərə çox da inanmıram. Çünki Azərbaycanda "kriminal avtoritet”lərin fəaliyyəti mümkün deyil. Onlar üçün belə bir şərait yoxdur. Keçirilən əməliyyatlar cinayət əməli ilə məşğul olan şəxslərin həbsinə yönəlir. Bunları qabaqlayıcı, super-profilaktik tədbir sayıram. Cinayətkarın yeri həbsxanadır. Həm də hesab edirəm ki, bu cür əməliyyatlar qanunsuz əməllərlə məşğul olmaq fikrinə düşənlərə bir siqnaldır.
M.Zeynalov qeyd etdi ki, sovet vaxtı bir neçə məhkumluğu olan şəxslərə "residevist” deyilirdi, "qanuni oğru” yox:
- "Qanuni oğru”, "avtoritet” adını şəxsə hansısa əməlinə, davranışına görə verirlər. Yoxsa, hər cinayətkar "avtoritet” sayılmır. Cinayət aləmində tanınmış, belə deyək, "taclanmış” məlum şəxslər var. Bu, kriminal aləmdə bir adətdir. Məhbusun cəzaçəkmə müəssisəsində özünü necə aparmasından, məhbuslar arasında qazandığı hörmətdən, bundan başqa, azadlıqda da gördüyü işlərdən, ədaləti bərpa etməyə çalışmasından asılı olaraq kimlərsə "avtoritet” adını qazanır. Daxili İşlər Nazirliyi də, Milli Təhlükəsizlik Nazirliyi də ölkədəki kriminal durumu nəzarətdə saxlayır. Bəzən cinayətkarların gec yaxalanmasına səbəb olur. Hüquq-mühafizə orqanları onları izləyir, nəzarətdən kənar qoymur, sadəcə, vaxt verir ki, özlərini ifşa etsinlər. Sonra da onları həbs edir. Təhlükəli şəxslər həmişə, hər bir cəmiyyətdə olub və var. Amma mən deyərdim ki, bizim hüquq-mühafizə orqanları cinayətkarları yaxalamaqdan çəkinmir, faktlar, dəlillər ortada olduğu halda bir əməliyyat keçirməklə belə adamları zərərsizləşdirirlər. Bu insanların ölkə daxilində əl-qol açmasına imkan verilmir, onlar üçün burada şərait yoxdur.
Məlahət Rzayeva