Ömrü təzadlarla dolu “Molla Nəsrəddin”çi...
Azərbaycan Cümhuriyyətinin Tiflisdəki konsulu Rzaqulu Nəcəfov bir sıra qəzet və məcmuələrdə maraqlı əsərlər yazıb
Azərbaycanın mətbu, ictimai-siyasi həyatında parlaq iz qoyan, Azərbaycan mətbuat tarixinin formalaşmasında mühüm rol oynayan yaradıcı ziyalılarımızdan biri də maarifpərvər, publisist Rzaqulu Nəcəfovdur. Onun adı və imzası Azərbaycan mətbuat tarixində xüsusi yer tutur. Buna rəğmən Naxçıvan, Tiflis və Bakı ədəbi mühitində, eləcə də ictimai-siyasi fəaliyyətində fəallığı və işgüzarlığı ilə seçilən Rzaqulu Nəcəfov Sovet hakimiyyəti illərində çox az xatırlanan şəxsiyyətlərdən biridir.
Halbuki həyatını Azərbaycanın azadlığına və milli dövlətçiliyimizə qurban verən Rzaqulu Nəcəfov tarixdə yaşayacaq böyük maarifpərvərlərdən biri olub. Bu ensiklopedik ziyalının göstərdiyi xidmətlərə baxmayaraq, adı 10 cildlik Azərbaycan Sovet Ensiklopediyasına düşməyib. Onun haqqında ancaq professor Əziz Şərifin gündəlikləri əsasında yazdığı xatirələrdə məlumat verilir.
Rzaqulu Məşədi Ələkbər oğlu Nəcəfov 1884-cü ildə Naxçıvan şəhərində anadan olub və ibtidai təhsilini də orada alıb. Sonralar təhsilini İrəvanda və Tiflisdə davam etdirib, atasının vəfatından sonra Naxçıvana qayıdıb, Culfa gömrükxanasında işləyib. Nəcəfovlar Culfada və Naxçıvanda ticarətlə məşğul olsalar da, onların elm öyrənməyə hədsiz maraqları var idi. Rzaqulunun da atası, əmiləri, qardaşı elmi dünyagörüşləri yüksək olan insanlar idi. Rzaqulu Nəcəfovun elmi dünyagörüşünün formalaşmasında qardaşı şair Əliqulu Qəmküsarın xüsusi rolu olub.
Maarifçi ailəsində doğulan R.Nəcəfov mükəmməl təhsil alıb, ərəb, fars, rus və gürcü dillərini dərindən bilib.
1912-ci ildə Tiflisə köçən Rzaqulu Nəcəfov "Molla Nəsrəddin” jurnalına ikinci redaktor təyin edilib. Daha doğrusu, o, jurnala redaktorluq edən Əliqulu Qəmküsarın köməkçisi olub. Həmin dövrdə Tiflisdə çıxan rusdilli qəzetlərdə və məşhur "Molla Nəsrəddin” jurnalında maraqlı yazıları ilə tanınan Rzaqulu artıq oxucuların sevimlisinə çevrilib. Hələ Culfada yaşayarkən o, inqilabi fəaliyyətlə məşğul olub. Tiflisdə yaşadığı illərdə də Rzaqulu inqilabi fəaliyyətini davam etdirib. Ona görə də Rzaqulunu tez-tez həbs edir və sorğu-suala tutublar. Hətta ona bir dəfə Kutaisi həbsxanasında işgəncə veriblər. 1918-1920-ci illərdə Rzaqulu Nəcəfov Tiflisdə Azərbaycan hökumətinin konsulu vəzifəsində çalışıb. Sovet hakimiyyəti qurulduqdan sonra Rzaqulu Nəcəfov Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinin üzvü olub və məsul vəzifədə işləyib. Qafqazda populyar olan "Yeni fikir” qəzetinin redaktoru Rzaqulu Nəcəfov naxçıvanlı gənclərin Tiflisdə təhsil almalarına yaxından maddi və mənəvi köməklik göstərib. Sonralar "Dan ulduzu” jurnalına da baş redaktorluq edib.
AMEA-nın Naxçıvan bölməsinin əməkdaşı Musa Quliyevin araşdırmalarına görə, R.Nəcəfovun "Molla Nəsrəddin” jurnalı ilə mənəvi doğmalığı hələ o, Naxçıvanda yaşadığı illərdən başlayıb. Xatirələrində yazıb: "...C.Məmmədquluzadə hələ məcmuə çap olunmamışdan bir neçə ay qabaq ətraf şəhərlərlə - Naxçıvan, İrəvan, Gəncə, Şəki, Şirvan və Bakı ilə rabitə bağlayır. Biz o vaxt Naxçıvandaydıq. Mirzə öz oğulluğu Heydər ağa Şahtaxtinskini Naxçıvana göndərib, oradakı dostlarına məcmuənin çıxacağını xəbər verib material istəmişdi”.
Rzaqulu Nəcəfov Cəlil Məmmədquluzadənin yaxın silahdaşı olduğundan "Molla Nəsrəddin” jurnalına müxbirlik etməyi özünə mənəvi borc bilib və bundan qürur duyub. O, Tiflisdə yaradılmış Yeni Əlifba Komitəsinin sədr müavini olub, Tiflis (Azərbaycan) Dövlət Dram Teatrına direktorluq edib və 1930-cu ildə obyektiv səbəblər üzündən Bakıya köçərək, nəşriyyatda işə düzəlib.
Dövri mətbuatda müntəzəm olaraq, aktual problemlərə dair elmi, ciddi və satirik üslubda məqalələr, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir haqqında xatirələr dərc etdirib. Rzaqulu Nəcəfov "Mozalan”, "Bir müsəlman”, "Lağlağı”, "N.R.”, "R. Nəcəfzadə” və s. gizli imzaları ilə "Bürhani-tərəqqi” (1909), "Həqiqət” (1910), "Molla Nəsrəddin” (1913), "Maarif işçisi” (1927), "Dan yıldızı”, "Yeni fikir” (1926), "Yeni Gəncə” (1925) nəşrlərində dərc olunub.
M.Quliyevin yazdığına görə, 1920-ci ildən sonra Rzaqulu Nəcəfovu açıq və gizlində izləyiblər. Gənclik və əməl dostlarının bir çoxu həbs edilib, güllələnib, yaxud da Sibirə sürgün edilib. Hələ o, Tiflisdə yaşayanda sorğu-suala tutulub.
Bu haqda da məlumat tədqiqatçı-alim Əziz Şərifin "Keçmiş günlərdən” (Bakı, 1983) kitabında verilib. Əziz Şərif yazıb: "1927-ci ildə atamın (Qurbanəli Şərifzadənin - müəllif) vəfatından on il keçirdi. O zaman məsul vəzifələr daşıyan və uzun müddət "Yeni fikir” qəzetinin baş redaktoru olan Rzaqulu Nəcəfov vaxtilə yaxşı tanıdığı, dərin hörmət bəslədiyi, ictimai xidmətlərini yüksək qiymətləndirdiyi Qurbanəli Şərifzadəni yada salıb ona "Hüznlü bir xatirə” başlıqlı məqalə həsr etmişdi. Böyük qardaşı, görkəmli şair Əliqulu Qəmküsar, İran inqilabının iştirakçılarından olan əmisi oğlu Nəcəfqulu Nəcəfov və Naxçıvanın açıqfikirli ziyalı gəncləri kimi, Rzaqulu da Naxçıvan mühitində böyümüş, ərsəyə çatmış və Q.Şərifzadənin təsiri ilə ictimai fəaliyyətə başlamışdır...”
Rzaqulu Nəcəfovun maraqlı olan bu nekroloq yazısı "Dan ulduzu” jurnalının 1927-ci il tarixli 12-ci nömrəsində dərc edilib. Əziz Şərifin yazdıqlarından məlum olur ki, bu yazının çapından sonra Rzaqulu Nəcəfova qarşı kampaniya başlanmış və sonda ona rəsmi xəbərdarlıq edilib. Rzaqulu Nəcəfovu zəiflik göstərməkdə, sovet mətbuatından və öz məsul mövqeyindən sui-istifadə etməkdə günahlandırıblar. Bəhanələri də bu imiş ki, guya, Qurbanəli Şərifzadə xatırlanmağa layiq olan şəxsiyyət deyilmiş və sair. Qeyd edək ki, Q.Şərifzadə haqqında yazılan elmi məqalələr, sanballı monoqrafiyalar həmin illərdə Rzaqulu Nəcəfova qərəzli kampaniya aparanların yalanlarını üzə çıxarır və ifşa edir. Əziz Şərifin yazdıqlarına görə, o, bu məsələdə Rzaquluya köməklik edə bilmir və işə böyük yazıçı Cəlil Məmmədquluzadə qarışır. Mirzə Cəlil Zaqafqaziya Ölkə Partiya Komitəsində məsul vəzifədə olan dostu Teymur Hüseynova müraciət edir və bundan sonra Rzaqulu Nəcəfova qarşı olan kampaniya dayandırılır. Əlbəttə, Əziz Şərif Sovet hakimiyyəti illərində bu hadisələr haqqında hərtərəfli və açıq yaza bilməzdi. Həmin illərin sənədləri Tiflisin xüsusi arxiv fondlarında tədqiqatçıların yolunu gözləməkdədir...
Bu kampaniyanı aparanlar 1937-ci ildə yenidən Nəcəfovlara qarşı hücuma keçiblər. Bolşeviklər 1937-ci ildə Bakıda və Naxçıvanda xalqın etimadını qazanan Nəcəfovları həbs edib, amansızlıqla qətlə yetirib, ailələrini isə sürgünə göndəriblər. Şair Əliqulu Qəmküsarın qızı Qəmər Salamzadənin yazdığı xatirələrdən ("Kiçik pəncərədən görünən dünya” Bakı, 1990) məlum olur ki, Rzaqulu Nəcəfov iki dəfə ailə qurub. Tiflisli Məsumə Fərəcullayeva ilə nikahından Akif və Orxan adlı oğlanları olub. Məsumə xanım cavankən vəfat etdiyindən Rzaqulu ikinci dəfə Rza xanın qızı Bilqeyis xanım Talışinskaya ilə ailə qurub.
Qeyd edək ki, R.Nəcəfov Azərbaycan Xalq Cümhuriyyətinin dövründə Tiflisdə konsul vəzifəsini layiqincə yerinə yetirib. Yenə də Qəmər xanımın xatirələrindən: "İbrahim Əbilov tanıdığı, etibar etdiyi adamlarla Ankaraya yola düşdü. Bu adamların içində bizim ailənin yaxın tanışları və qohumları da vardı: Naxçıvandan Əliqulu və Rzaqulu Nəcəfovların əmisi oğlu Nəcəfqulu Nəcəfov, Rza Təhmasib, Musa Həsən oğlu”.
Rəsmi sənədlərdə Rzaqulu Nəcəfovun ölüm tarixi 1938-ci il kimi qeyd edilib. Lakin NKVD-yə məxsus sənədlərdə 1937-ci ildə güllələnənlərin siyahısında Nəcəfov Rzaqulu Ələkbər oğlunun da adı var: (1885, Naxçıvan - 29.10.1937, 52 yaş). Onun həbs olunduğu tarix belə qeyd edilib: 27.9.1937. Bu siyahıda əmisi oğlu Nəcəfqulu Nəcəfovun da adı var.
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb