Ordumuz dünyanın ən güclü ordularından birinə çevrilməkdədir - Müasir silahların alınması prosesi davam edəcək

"Azərbaycan Silahlı Qüvvələri hərbi-texniki imkanlarına, döyüş bacarığına, hərbi qulluqçularının peşəkarlıq səviyyəsinə görə post-sovet məkanında, həmçinin bölgənin bir sıra ölkələri arasında ilk yerlərdən birini tutur”.
Bunu "Sherg.az”a açıqlamasında hərbi ekspert Ramil Məmmədli deyib.
Ekspert bəyan edib ki, dövlətimizin hərbi sahəyə verdiyi əhəmiyyət göz önündədir: 
"Prezident doğru qərarları ilə, bütün kənar təzyiqlərə baxmayaraq Azərbaycan Silahlı Qüvvələrinin güclənməsinə, infrastrukturunun möhkəmlənməsinə, texnika arsenalının müasirləşdiriməsinə yönələn addımlar atır. Azərbaycan Ordusunun güclü olmamasını istəyən qüvvələr çoxdur. Əlbəttə, bu, təkcə Ermənistan deyil. Azərbaycan Silahlı Qüvvələrinin müasirləşməsi, çevik əməliyyatlar həyata keçirə biləcək struktura çevrilməsi bəzi dövlətləri də ciddi narahat edir. Lakin Azərbaycan dövləti mərhələli şəkildə ordunun inkişafına nail ola bilib. Göründüyü kimi təkcə son 10 il ərzində Azərbaycan Ordusu müasir silahlı qüvvələr sırasına çıxa bilib. Artıq ordumuzun Quru Qoşunları, Hərbi Hava və Hava Hücumundan Müdafiə Qüvvələri, Xüsusi Təyinatlı Qüvvələri, Kəşfiyyat bölmələri müasir texnika və texnoloji avadanlıqlar, silah və sursatlarla təmin olunub”.
R.Məmmədlinin sözlərinə görə, Azərbaycanın havadan və qurudan müdafiəsinin təminatı müasir texnikalar sayəsində daha da gücləndirilib: 
"Ali Baş Komandan İlham Əliyevin ordu ilə bağlı çıxışından aydın olur ki, Silahlı Qüvvələrimiz dünyanın ən güclü ordularından biri olmağa yaxındır və biz bunu yaxın illərdə görə biləcəyik”.
Qeyd edək ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev hərbçilər və onların ailə üzvləri ilə görüşündə bir sıra məqamlara toxunub. Dövlət başçısı deyib ki, bu il imzalanmış bir çox önəmli kontraktların icrası nəticəsində Azərbaycana ən müasir silahlar və texnika gətiriləcək: "Bu gün mövcud olan texnika və silahlar imkan verir ki, biz işğalçıların istənilən hərbi hədəfini yüksək dəqiqlik və böyük dağıdıcı qüvvə ilə darmadağın edə bilək. Əlbəttə, hər bir ölkənin, o cümlədən müharibə şəraitində yaşayan ölkələrin gücünü, ilk növbədə, onun hərbi qüdrəti müəyyən edir”.
İsmayıl