Ortaq ideoloji xətt yaradılmalıdır
Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi
"Bu məmləkət dünyanın gözləmədiyi, ümid etmədiyi bir vaxtda ali milli kimliyinin yüksəlişiylə səhnəyə çıxdı. Bu səhnə 7 min illik bir türk beşiyidir. Beşik təbiətin küləkləriylə yelləndi. Beşiyin içindəki uşaq təbiətin yağışlarıyla yuyundu. O uşaq təbiətin ildırımlarından, qasırğalarından əvvəlcə qorxdu. Sonra onlara öyrəşdi. Onları təbiətin atası tanıdı, onların övladı dünyaya gəldi. Bir gün o təbiət uşağı, sonra təbiət oldu, şimşək, ildırım, günəş oldu; Türk oldu. Türk budur: İldırımdır, Qasırğadır, dünyanı işıqlandıran Günəşdir”. Bu hikmətli fikirlər Mustafa Kamal Atatürkə məxsusdu.
Özünü tanımayan, öz keçmişinə, soy-kökünə bələd olmayan, hansı nəsil ağacının bir budağı olduğunu bilməyən gəncdə milli mənlik şüurunun inkişafından söhbət gedə bilməz. Gənclərdə formalaşan milli mənlik şüuru onlarda vətənpərvərlik hisslərinin tərbiyəsinə böyük təsir göstərir. Bu hisslər üzvi surətdə bir-biri ilə bağlıdır. Hətta deyərdik ki, bir-birindən müsbət mənada təsirlənir. Gənc nəslin vətəndaş mövqeyinin olması, gənclərin cəmiyyətdə tam şəkildə görünməsi, fikirlərini açıq şəkildə ifadə etməsi olduqca vacibdir. Azərbaycan gənci hər zaman seçilən,
Vətənin dar günündə öz mövqeyini göstərən, silaha sarılan gənclik kimi xarakterizə edilir. Gənclik bizim sabahımızdır, deyirlər. Milli məfkurəyə, dəyərlərə, milli mənlik şüuruna sahib olan, vətənpərvərlik hissləri ilə tərbiyə olunan gənclik, həqiqətən, dövlətin, xalqın gələcəyidir. Müasir gənclərimizə gəlincə, bu gün gənclər arasında saya gəlməz qədər vətənpərvər insanlar var və onlarla tez-tez rastlaşırıq. Bir qisim gənclər də var ki, onlarda yalançı vətənpərvərlik, hay-küyçülük formalaşıb. Hətta az da olsa elələri var ki, çəkinmədən vətənpərvərlik duyğusundan uzaq olduğunu qeyd edir. Təbii ki, axırıncılar çox az olduğundan, ümumi prosesə təsir göstərə bilməzlər. Çünki vətənpərvər, milli mənlik şüuruna sahib olan gənclərimiz kifayət qədərdir. Milli şüur uzun bir tarixi inkişaf prosesinin məhsuludur.
Belə ki, milli şüurun inkişafında bütün ictimai-siyasi hadisələr - sosial yaşam tərzi, sosial sarsıntılar, milli mübarizə motivləri, ideologiya öz izini qoyur. Bunun ən bariz nümunəsi erməni qəsbkarlarının torpaqlarımızı işğal etməsi nəticəsində təbiətə vurulan ziyanlar, milli və ekoloji şüurun inkişaf etdirilməsini tələb edir. Burada milli mənlik şüurunun inkişafı böyük rol oynayır. Milli mənlik milli şüurun bir komponentidir. Milli mənliyin əsasını insanın - hər bir fərdin mənsub olduğu millət və ya xalqın onu əhatə edən sosial həyatın bütün sahələrinə bəslədiyi subyektiv əqidəsi təşkil edir. Milli mənliyə vətəni sevmək, doğma yurda məhəbbət bəsləmək, təbii sərvətləri qorumaq və s. ilə bağlı olan sosial keyfiyyətlər daxildir.
Milli mənlik şüuru sayəsində millət xalq və etnik qrup maddi və mənəvi sərvətlərinin tarixi inkişaf xüsusiyyətlərini, sosial-etnik cəhətlərini bütün dolğunluğu ilə dərk edir, bunlarla bağlı bu və ya digər hadisəyə öz münasibətini bildirir. Milli mənlik şüuru ictimai şüurdan kənarda mövcud ola bilməz. O, şüurun daxilində yüksək səviyyədə çıxış edir. Mənlik şüuru insanın özünün fikir və hisslərinin, mənafe və məqsədlərinin öyrənilməsinə yönəlir. Bu halda insanın daxili aləmi şüurun obyekti kimi çıxış edir.
Mənlik şüuru hər bir şəxsin daxili xarakterini, insanlara, cəmiyyətə olan münasibətini bildirir. Sosial şəratidən asılı olaraq mənlik şüuru dəyişir, insanın öz hərəkət və davranışını sərbəst surətdə seçir, başqaları qarşısında məsuliyyət daşıdığını dərk edir. Mənlik şüuru olan insan özünü təhlil və özünümühakimə qabiliyyətinə malik olur. Beləliklə, qeyd etmək lazımdır ki, milli şüur, milli hisslər, milli mənlik şüuru ekoloji şüurun yaranmasına, millətin özünü dərk etməsi prosesinə təsir edir və cəmiyyətdə öz mövqeyinin möhkəmlənməsinə kömək edir.
Millətin formalaşmasının, dövlətin güclü olmasının vacib şərti gənc nəsildə milli mənlik şüurunun inkişaf etdirilməsindədir. Bunun üçün ilk növbədə insanda fərdi mənlik şüuru formalaşdırılmalıdır. Bu, ailədən gələn bir məsələdir. Fərdi mənlik zaman keçdikcə formalaşır, arealını genişləndirir və milli mənliyə çevrilir. Bu prosesin uğurla başa çatmasında isə ailə, məktəb, formalaşdığı mühitin böyük rolu var. Yəni cəmiyyətin tərkib hissəsi olan insanın kimliyi, cəmiyyətin kimliyindən heç nə ilə fərqlənmir. Azərbaycana milli kimliyini dərk edən və vətənpərvər kimi formalaşacaq gənclər lazımdır. Bu gənclər ölkəmizi gələcəyə aparacaq, dövlətimizi qoruyacaq, düşmənlərimizi məhv edəcək. Gənc nəslin qeyd olunan meyarlarını özündə birləşdirməsi üçün onlara tərbiyə verən təbəqənin, bundan sorumlu institutlarının üzərinə böyük məsuliyyət düşür.
Gənclərdə milli mənlik şüurunun inkişafı elə getməlidir ki, bu, təkcə gəncin öz şəxsi təşəbbüsündən asılı olmasın. Gənclər fikirləşməlidir ki, onun bugünkü fəaliyyətindən millətin gələcəyi asılıdır.
Milli mənlik şüuru Azərbaycanın varlığının, milli özünüidarə və özünütəsdiqinin, milli ləyaqətin və ümumbəşəri keyfiyyətlərin məcmusudur. Milli mənlik şüurunun komponentlərinə: millətin adı, varlığı, dili, xarakteri, adət və ənənələri, psixologiyası, mənəviyyatı, mədəniyyəti daxildir.
Hər bir azərbaycanlı gəncdə milli mənlik şüuru belə bir zəmin üzərində təşəkkül tapır və belə bir həqiqəti bir daha təsdiq edir ki, mədəniyyətin, elmin inkişafı xalqın böyüklüyü və kiçikliyindən deyil, həmin xalqın müdrikliyindən və zəngin təfəkkür tərzindən asılıdır.
Bu gün mənəvi tərbiyənin mühüm tərkib hissələrindən biri Azərbaycan gənclərində milli mənlik şüurunun formalaşdırılmasıdır. Azərbaycan gəncləri öz kökünə müraciət edərək xalqın tarixi irsini, tariximizin bəzəyi olan görkəmli şəxsiyyətlərin həyat və fəaliyyətini öyrənir, milli özünüdərkin, milli özünütəsdiqin, milli özünəməxsusluğun bütün əlamətlərini aşkar etməyə çalışır.
Torpaqlarımızın işğaldan azad edilməsi, əsirlərimizin öz doğmaları ilə qovuşması üçün gənclərimizdə vətənpərvərlik ruhu günü-gündən artmalıdır. Bugünkü gənclik Azərbaycanın potensial hərbi gücüdür. Nəzərə almaq lazımdır ki, dünyada bir çox dəyişikliklər gəncliyin hesabına mümkün olub. Çünki gənclik böyük qüvvədir və o, özündə böyük bir potensialı cəmləyir.
Gənclərimizdə vətənpərvərlik ruhunun yüksək olması da vacib amillərdəndir. Çünki milli ruhda böyüyüb formalaşan gənclik hər şeyə qadirdir. Təbii ki, torpağa, yurda sevginin əsası ailədə və məktəbdə qoyulur. Buna görə də hər bir məktəb ilk növbədə şagirdlərin yüksək vətənpərvər kimi böyüməsi üçün bütün imkanlardan istifadə etməlidir. Bunun üçün məktəblilər ölkənin tarixilə yanaşı, onun hər bir bölgəsini yaxşı öyrənməlidirlər. Çünki Vətəni yaxşı tanımadan onu sevmək çətindir. Ölkə, Vətən sevgisi uşaqlara möhkəm aşılanmalıdır. Gənclərdə vətənpərvərlik hissinin aşılanması, formalaşdırılması məhz məktəblərin üzərinə düşən vəzifələrdəndir. Vətənpərvərlik hissi uşaqlarda körpə yaşlarından formalaşdırılmalıdır. Torpaqlarımızın işğal günlərində bunu uşaqlara faciə kimi deyil, bu faciəni törədənlərə nifrət hissi kimi aşılamaq lazımdır.
Hər bir cəmiyyətin gələcəyi onun yetişməkdə olan gənc nəslidir. Gənc nəslə qayğı isə hər bir dövlətin siyasətinin aparıcı istiqamətlərindən biridir.
Gənclərin milli mənlik şurunun azərbaycançılıq ideologiyası prizmasından inkişaf etdirilməsi sevindirici haldır. Azərbaycanı parçalanmadan qurtarmış ulu öndər Heydər Əliyevin də uğurlarının kökündə məhz azərbaycançılıq ideyası dayanırdı. Ulu öndər dağılmış dövləti, zədələnmiş milli birliyi azərbaycançılıqla bərpa etdi, möhkəmləndirdi. Xalq Heydər Əliyevin azərbaycançılıq ideyası ətrafında birləşdi və ölkəni parçalamaq istəyən xarici və daxili qüvvələr zərərsizləşdirildi. Azərbaycançılıq ideologiyası, bir tərəfdən, Azərbaycan türklərinin ölkədəki digər etnik qruplara tolerant münasibətinin, sülh içində yaşamaq istəyinin bariz göstəricisi oldusa, digər yandan, Azərbaycanın türk dünyasının ayrılmaz parçası olduğunu təsdiqlədi. Azərbaycançılıq ideologiyasının təməl prinsipi həm də vətənpərvərliyi ehtiva edir. Yəni biz məqsədimizə qısa bir zamanda çatmaq üçün problemə daha çox bu istiqamətdən yanaşmalıyıq.
Dövlət xadimi, türkoloq, filologiya elmləri doktoru, professor Firudin Cəlilov bir millətin milli mənlik şüurunun inkişafı, gənclərdə vətənpərvərlik hisslərinin, ideologiyasının təbliği üçün vacib olan amillərə toxundu: "Milli şüurun formalaşması elə bir ciddi məsələdir ki, bunun üçün psixoloqlar, sosioloqlar və bu kimi digər sahənin mütəxəssisləri ortaq bir ideoloji xətt yaratmalıdırlar ki, gənclərə bu, təbliğ olunsun. Hətta milli mənlik şüururun inkişafı ailədən başlamalıdır. Hələ kiçik yaşlarından bu ideologiyanın təməli qoyulmalıdı. Orta məktəblərdən, hətta bağçalardan uşaqlarda, sonralar ali məktəblərdə gənclərdə vətənə sevgi ilə milli şüurun formalaşması paralel aparılmalıdı. Bunlar işlənib hazırlandıqdan sonra digər proseslərə imkan yaradılmalıdır. Böyük tarixə malik millətlər əsrlər boyu törələrlə yaşayıblar. Bu törələrdə millətinə, dövlətinə bağlılıq da ilk yerlərdən birini tutur. Bu kontekstdə dövlət himnimiz, bayrağımız təbliğ olunmalıdır. Bayrağımızın simvolları nəyi təbliğ edir. Himnimiz və onun mətndəki məntiqi açılmalıdır. Dövlət atributlarından biri əlifbadır. Əlifbamız düzgün təbliğ edilməlidir. Dövlət atributlarımız hələ uşaq bağçalarından təbliğ edilməklə gələcək nəsil formalaşdırılmalıdır. Bütün bunlardan əlavə xalqın soy-kökü var. Soy-kökümüz də deyir ki, biz böyük bir ailəyik. Bu ailənin də çoxlu övladları - özbək, tatar, qırğız, azəri, tuba , turan və bir çox digər övladları var. Bu adlar da həmin ailənin üzvləridir. Biz bu qardaşların tarixini bilməliyik. Yəni bir konsepsiya formalaşıb orta məktəblərdə dərslik kimi təbliğ edilməlidir. Gənclərdə vətənpərvərlik şüurunu məntiqli və geniş şəkildə qurmaq lazımdı. Mətbuatın bu sahədə rolu və məsuliyyəti çox böyükdü. Amma çox təəssüf ki, bu gün böyük bir jurnalist ordusu olsa da, 1000 jurnalistdən 100 nəfəri hələ milli şüurun anlamını dərk edir. Hələ mətbuatda belə olanlara gəlib milli mənlik şüurunu öyrətmək lazımdı. Əli qələm tutan milli mənlik şüurunun anlamını bilmirsə, vətənpərvərlik təkcə sözlə deyil, hərənin vicdanında yaranmalıdı məntiqini dərk etmirsə, cəmiyyətdə hansı təbiliğatdan, ideologiyadan danışmağa dəyər? Mətbuatın rolu və məsuliyyəti böyük olsa da, hələ də bizdə mətbuatda olanlar bunun tam dərk edə bilmirlər. İdeoloji siyasət hazırlanmalıdı. Vətənə, torpağa, milli dəyərlərə, dövlət atributlarına sevgi necə olmalı, milli mənlik şüurunun inkişafı istiqamətində diasporanın işi, dövlətin siyasəti ilə vəhdət təşkil etməlidir. Milli ideologiya zəifdi. Milli məsələlərə münasibət çox zəifdi. Azərbaycanda iki böyük ideologiya olmalıdır. Biri azərbaycançılıqdı. Amma milli ideologiya türkçülükdü. Bunlar qoşa təbliğ olunmalıdır. Alayarımçıq təbliğ də gənc nəslin milli mənlik şüuruna birmənalı şəkildə təsir etmiş olur. Böyük dövlətlər bu sahəyə çoxlu vəsait xərcləyir, pul ayırırlar. Bizdə də ayırsınlar. Amma çox təəssüf ki, milli-ideoloji istiqamətdə təbliğ üçün ayrılan vəsait ayrı-ayrı istiqamətlərə yönəlir. O işin başında duranlar, humanitar sahəyə başçılıq edənlər bunu nəzərə almalıdılar. Yaxşı ki, bu sahəyə 25 il nəzarət edən məmuru çıxartdılar. Bəlkə bundan sonra o sahəyə gələnlər milli ruhda tərbiyə sahibləri olsalar, milli mənliyin, milli ideologiyanın nə qədər millət üçün vacib olduğunu dərk etsələr, daha böyük işlərə imza ata bilərik. 25 ildə milli ideologiyanın belini qıran, onun əleyhinə işləyən bəzi məmurlar nə qədər varsa, ciddi uğurlar gözləməyə dəyməz. Bizim milli ideologiyamızın yenidən müalicə olmağa, dirçəlməyə ehtiyacı var”.
Azərbaycanın tanınmış hərbi diktoru, hərbi vətənpərvərlik mahnılarının ifaçısı, "Vətənpərvərliyin Təbliğinə Dəstək” İctimai Birliyinin sədri Şəmistan Əlizamanlı də milli mənlik şüurunun, vətən hissinin təbliği istiqamətində Azərbaycanda aparılan ideoloji siyasətin təsirindən danışdı. Gənc nəsildə milli şüurun inkişaf etməsi istiqamətində görülən işlərdən danışdı: "Bu gün Azərbaycanda gənclərlə milli şürurun işkişafı, onlarda vətənpərvərlik hissinin yaranması üçün ciddi işlər aparılır. Bəlkə bunu kənardan hamı görə bilmir. Amma maraqlananda hiss edirsən ki, Azərbaycan gəncləri ilə iş aparılır, onlara Vətən sevgisi aşılanır, milli şüurun inkişafı istiqamətində təbliğat mexanizmi işini görür. Mən bu günlərdə bir neçə cəbhə bölgəsində olmuşam. Orda gənc əsgərlərimizin qarşısında çıxışlarımız oldu. Vətənpərvərlik mövzusunda söhbətlər aparıldı, musiqilər səsləndirildi. Mənə elə gəlir ki, elə incəsənət vasitəsilə, musiqinin dili ilə, poeziyanın pıçıltısı ilə də milli-ideoloji təfəkkürə təsir etmək mümkündür. Hətta bu, ən güclü mənəvi silah sayıla bilər. Səfərbərlik xidməti ilə birgə bir çox hərbi hissələrimizdə əsgərlərlə görüşlər keçirilib. Eyni zamanda gənclərlə görüşlər, tədbirlər keçirilir ki, bunlar da birmənalı şəkildə milli ideologiyanın inkişafına təsirini göstərir. Müharibə gedən dövlətlərdə milli şüurun təbliğinə daha çox ehtiyac hiss olunur. Bu, ideoloji bir müharibədir həm də. Bu müharibədə gənclərimiz daha iti dünyagörüşünüə, zəkaya, məntiqə və savada sahib olmalıdırlar. Vətəni qorumaq təkcə ələ silah alıb vuruşmaq da demək deyil. Təbii ki, lazım gələrsə, torpaq uğrunda qan tökülər. Amma buna qədər də gənclik milli şüuru elə formalaşdırıb düşmən qarşısında sipər olmalıdır ki, mənəvi, informasiya baxımından onlara üstün gələ bilək. Bu gün müharibə şəraitində olan dövlətin də, millətin də bir amalı olmalıdı. Milli maraqlar, dövlətin maraqları və gəncliyin dövlətin siyasətini dəstəkləməsi. Bu gün internet dünyasıdı və biz düşmənlə təkcə səngərdə deyil, informasiya dünyasında da müharibə aparırıq. Bu müharibədə güclü olmaq vacibdir. Milli musiqilərə üstünlük vermək, incəsənətin dili ilə milli şüura təsir etmək, musiqinin köməyi ilə gənclərə vətən sevgisini aşılamaq ən uğurlu yollardan sayılır. Biz hər görüşümüzdə imkan qədər vətən ruhlu musiqilərlə gənclərimizin, xüsusən vətən keşiyində duran əsgərlərin qarşısında çıxış edirik. Vətən qarşısında hər birimizin məsuliyyəti və borcu var. Biz uşaqlarımıza vətəni kiçik yaşlarından sevdirməyi bacarmalıyıq. Biz tariximizi, soy-kökümüzü öyrətməklə milli şüurun formalaşmasına nail ola bilərik. Mənə elə gəlir ki, Azərbaycan bu istiqamətdə yetərincə gəncliyini yetişdirə bilir, buna qadir dövlətdir”.
Bəşəriyyətə yeni dəyərlər qazandıran XXI əsr və modern reallıqlar millətimizin və müstəqil dövlətimizin qarşısında mühüm vəzifələr qoyur. Bunlardan ən önəmlisi gənc nəslin milli mənlik şüurunun və vətənpərvərlik hisslərinin tərbiyəsidir. Xalqının tarixini, dilini, mədəniyyətini bilməyən insan milli mənlik şüuruna malik ola bilməz.
Vətən üçün milli könüllülük - millətin qəlbində qiyamətə qədər yaşayacaq bir özləm kimi varlığını davam etdirəcək bir dəyərdir. Şəxsinə "Biz türklər” xitabı ilə başqa mədəniyyətlərlə ünsiyyət qurmağı bacaran və öz sivilizasiyasına heyranlıq hiss edən vətəndaşlar həmişə öz milli kimlik ləyaqətini müdafiə edəcəklər.
Tahirə Məmmədqızı
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür.