Oxumaq, oxumaq, ana dilində oxumaq...

"Valideynlər rus bölməsinə üstünlük verməklə övladlarını bəzi imkanlardan məhrum edirlər"


Son zamanlar rus dilində təhsil alanlar barədə müxtəlif fikirlər səsləndirilir. Rus bölməsinə meyl edən valideyn və şagirdlərin sayının artması günümüzün reallığıdır. Bu seçimdə hər kəsin özünə görə səbəbləri var.

Məsələ burasındadır ki, uşaqlarını rus bölməsinə qoyan ailələrin bəzilərində ümumiyyətlə əcnəbi dili bilən olmur. Ancaq rus bölməsinə üstünlük verənlər kimi bu dilin təhsilimzə fəsadlar gətirəcəyini düşünənlər də var.

Bu günlərdə millət vəkili, akademik Gövhər Baxşəliyeva rusdilli məktəblərə marağın artması məsələsinə toxunub. "Ümumi təhsil haqqında” qanun layihəsinin müzakirəsində çıxışı zamanı deputat bu yöndə tendensiyanın artmasından narahatlığını ifadə edib: "Bu yaxınlarda hətta belə bir məlumat açıqlandı ki, rusdilli məktəblərə övladlarını oxutmağa göndərmək istəyən valideynlərimizin sayı xeyli artıb. Bunun mütləq kökü, səbəbləri öyrənilməlidir.

Heç bir dilin, o cümlədən, rus dilinin əleyhinə deyiləm. Amma bununla belə, hesab edirəm ki, ibtidai təhsil, orta təhsil mütləq Azərbaycan, ana dilində olmalıdır.

Eyni zamanda, dediyim kimi, araşdırılmalı, səbəbləri öyrənilməlidir ki, nəyə görə valideynlər öz övladlarını rus məktəblərində oxutmaqda maraqlıdırlar.

Bu maraq nədən irəli gəlir? Ancaq bir məqamı bildirmək istəyirəm ki, uşaqlar başqa dildə oxuyanda və danışanda artıq başqa dilin, başqa mədəniyyətin daşıyıcılarına çevrilirlər. Mən bunu orta və ali təhsilini rus dilində alan bir şəxs kimi deyirəm. Onlar öz mədəniyyətlərinin deyil, başqa dillərin, başqa mədəniyyətlərin daşıyıcılarına çevrilirlər. Bu, çox ziyanlıdır.

Bəzən görürsən ki, nə ana, nə ata rus dilini bilir, amma övladını rusdilli məktəbə göndərir və bununla da öz övladını mənəvi cəhətdən şikəst edir. Sabah o uşaq dərsini tam anlaya bilməyəndə, necə olacaq? Ona görə hesab edirəm ki, ibtidai təhsil, orta təhsil mütləq Azərbaycan, ana dilində olmalıdır”.

Millət vəkilinə haqq qazandırdığını deyən sosioloq-alim Əhməd Qəşəmoğlu "Şərq”ə bildirib ki, valideynlər rus bölməsinə üstünlük verməklə övladlarını bəzi imkanlardan məhrum edirlər: "Elmi araşdırmalarımdan gəldiyim nəticələrə əsasən, insanın daxili potensialını hərəkətə gətirmək üçün ana dilinin çox böyük imkanları var.

 Lakin əcnəbi dillərdə bu imkan ana dilimiz qədər deyil. Çünki öz dilimizdə energetika ilə bağlı elm sahələrini öyrəndikcə insan bu sahəyə daha çox inanır. Beləliklə, övladlarımızı birinci sinifdən rus bölməsinə qoyanda onları qeyd etdiyim imkanlardan məhrum edirik. Elə bil ki, uşaqların daxilində qurulan mexanizm bir qədər yad olur və insanın daxili potensialını oyatmaq bir qədər arxa plana keçir. Valideynlər övladına mənəvi zərbə vurmaqla yanaşı, eyni zamanda bizim yeni nəslimizin keyfiyyətinə də təsir göstərirlər”.

Valideynlərin nə üçün övladlarını rus dilində oxutmağa meyilli olduğuna gəlincə, sosioloq bildirib ki, bu, təhsil sistemimizin problemli durumda olması ilə bağlıdır: "Valideynlərin çoxunda belə bir fikir var ki, rus bölməsində daha yaxşı təhsil verilir və nizam-intizam ciddi olur. Həmçinin rus bölməsində neqativ hallar, məsələn, pul yığımları həmişə az olub. Valideynlər fikirləşirlər ki, onsuz da övladı Azərbaycan dilini bilir və rus dilində təhsil alanda gələcəkdə iş tapmaq asan olacaq. Yalnız Azərbaycan dilini bilməklə normal iş tapmaq olmur. Hətta bir dəfə şirkətdə çalışan xarici vətəndaşın rus dili öyrəndiyinin şahidi oldum. Ona dedim ki, "Azərbaycanda işləyirsənsə, ya türk, ya Azərbaycan dilini öyrən ki, burada işini yaxşı qura biləsən”. Həmin şəxs gülərək bildirdi ki, "sizin işçilər Azərbaycan dilində danışır ki, mən də bu dili öyrənim?”.

İş yerlərinin əksəriyyətində rusca danışırlar. Baxmayaraq ki, müstəqilliyimizi elan etmişik, amma bu günə qədər rus dili kultu yüksək olub”.

Sosioloqun sözlərinə görə, rusdilli təhsilə marağın yüksək olmasının bir səbəbi də, siyasi amillərlə bağlıdır:

 "Bəziləri bildirir ki, ruslar olduqca böyükdür, onların Azərbaycana qarşı gücü var. Bu da bir tərəfdən camaatı qorxudur. 

Ona görə də istəyirlər ki, uşaqları rus dilində təhsil alsınlar. Amma təhsil sistemimiz normal qurulsaydı, təbii ki, hər uşaq rus dilini xarici dil kimi öyrənə bilərdi. Əlbəttə ki, xarici dil biliyi lazımdır. Universitetdə dərs dediyim tələbələrdən soruşuram ki, hansı xarici dillərdə kitab oxuduğunuzu deyin, sizə həmin dildə ədəbiyyat məsləhət görüm. Bu zaman auditoriyada səssizlik hökm sürür. Heç türk dilində də oxuyan yoxdur. Orta məktəb şagirdləri də bundan betər vəziyyətdədir. Hazırladığım milli təhsil konsepsiyasında əsaslandırmışam ki, indiki təhsil sistemi tamamilə aldadıcıdır. İndiki sistem müstəqil dövlətdə yeni nəslin yetişməsi üçün qarşıda duran vəzifələri yerinə yetirə bilməyən bir təhsil sistemidir”.

Təhsil üzrə ekspert Nabatəli Qulamoğlu isə xanım deputatla eyni fikirdə olmadığını dedi. Ekspertin sözlərinə görə, ölkəmizdə təhsil sistemi müvafiq qanunlarla tənzimlənir: 

"Yaxşı olardı ki, Gövhər xanım konstitusiyanı oxusun. Çünki təhsil azaddır, hər kəs istədiyi dildə təhsil ala bilər. Eyni zamanda təhsil almaq üçün heç bir dövlətdə, o cümlədən Azərbaycanda diskriminasiya hallarına yol verilmir. Bəli, hazırda rus bölməsinə axın güclüdür. Bunun səbəbləri müxtəlifdir. Əlbəttə, mən də istəyirəm ki, ana dilində təhsil alanların sayı daha çox olsun. Amma bu, iqtisadiyyat kimi bir məsələdir. Zorla ana dilində təhsil almağı təbliğ etmək olmaz. Sərt tədbirlər görməklə rusdilli təhsili aradan qaldırmaq mümkün deyil”.

N.Qulamoğlu bildirib ki, hazırda dövlət orqanlarında vəzifədə olan səlahiyyət sahibləri rusdillidirlər. Bu tendensiya insanları rus bölməsinə cəlb edir: 

"Dövlət idarələrinə gedəndə görürük ki, çoxları bir-biri ilə rus dilində danışırlar. Əgər sən dilini sevirsənsə, Azərbaycan dilini bilə-bilə niyə rus dilində danışırsan? Problemin həllinə buradan başlamaq lazımdır. Dövlət özü bu məsələni yönləndirməlidir. Eyni zamanda tələbə qəbulunda da belə problemlər var. Uzun müddətdir ki, ölkəmizdə tələbə qəbulunda dünyanın heç bir yerində olmayan birgə müsabiqə anlayışı var. 

Birgə müsabiqə Azərbaycan bölməsi və rus bölməsi arasında aparılır və bu yolla rus bölməsinin abituriyentləri , az olmasına baxmayaraq, müsabiqədə Azərbaycan bölməsinin abituriyentləri ilə sayca eyni yer qazanırlar. Müsabiqə yolu ilə rus dili bölməsinə daxil olanlar üçün yaşıl işıq yandırırlar. Bir tərəfdən də Azərbaycan dilinin əldən getməsinə heyifslənirik. Gövhər xanımın dediklərini sadəcə olaraq populizm hesab edirəm”.

Yeganə Bayramova