
Özü ac, pişiyi tox...
Qaraçuxurun küçələrində bir qoca rus qadını sürünürBu qarının evini dələduzlar ələ keçirib, o isə vaxtı ilə yaşadığı evin həndəvərindən uzaqlaşa bilmir

Küçədə yaşayan, "bomj” həyatı sürən insanları çox görmüşük. Bu dəfə haqqında söhbət açılan qadın isə "bomj” deyil. Sadəcə, mənzili əlindən alındığı üçün küçədə qalmağa məhkum olmuş birisidir. Onun barəsində "strateq.az” saytı məlumat verib. Saytın yazdığına görə, Suraxanı rayonu Qaraçuxur qəsəbəsində Yaşar Əliyev küçəsinin həyətində qoca bir rus qadını yaşayır. Yayın cırhacırında da, qışın oğlan çağında bu zavallı qadının daldalanacağı yer yoxdur. Yayda günəş, yaz və payızda yağış, qışda qar altında gününü keçirməyə məhkumdur. Səbəb 7-8 il bundan əvvəl hansısa bir dələduzun aldadıb mənzilini əlindən almasıdır: "Mənzili əlindən alındıqdan sonra zorla qocalar evinə göndərilən nənə əlinə fürsət düşən kimi bu "həbsxanadan” qaçmağı bacarıb. Evinə gələndə isə öz qapısını üzünə bağlı görüb. O gündən indiyə qədər də məhəllədə oturub üzvü olduğu toplumun nə zamansa vicdana gəlib bir vaxtlar yaşadığı "yuvasını” ona qaytaracağı günü gözləyir. "Yuvası” isə bu müddət ərzində 4 dəfə bundan ona, ondan buna satılıb. Hazırda içərisində kirayəşinlər yaşayır. Belə aydın olur ki, min bir fırıldaqla mənzili nənədən alan adamın əslində evə də ehtiyacı yox imiş. Sadəcə kirayə puluyla özünə çörək pulu çıxartmaq istəyirmiş.
Nənə isə onu "yuvasız” qoyan cəmiyyətə səssiz etirazını davam etdirir, üzünə həsrət qaldığı evinin keşiyini çəkməkdən bir an belə bezmir, usanmır.
Təmizkar nənə...
Bir neçə il bundan əvvələ qədər üç 9 mərtəbəli bina ilə əhatə olunmuş həyətdə zavallı nənənin sığındığı dəmir bir köşk vardı. Lakin ötən il bu xoşbətlik də nənənin əlindən alınıb. Məhəllədə abadlıq işləri aparılarkən həmin köşk də uçurulub. "Tifağı dağılan” nənə bir ildən artıqdır ki, yağışın, qarın altında gecələyir.
Qonşudakı xanımlar nənənin olduqca təmizkar olduğunu bildirirlər. Hər gün paltarlarını soyuq suyla yuyub, məskunlaşdığı dalanda çəkdiyi ipə asır. Təmizkarlığının qarşısını nə qışın soyuğu kəsə bilir, nə yazın, payızın yağışı. Qar altında belə həmin iplərdən paltarların sallandığını görmək mümkündür. Evsizliyinin ilk dövrlərində məhəllədəki bir xanım həftədə bir dəfə onu evinə dəvət edər, çimizdirirmiş. İndi də eyni iltifatın davam edib-etmədiyini kimsə bilmir. Bu barədə özünə verdiyimiz suallar isə cavabsız qaldı. Bəşər övladına etibarın ağır nəticələrini yaşayan nənəni sualımızın xeyirxah niyyətinə inandırmaq mümkün olmadı.
Təqaüdünə pişiklərə süd alır
İnsanların zülmündən göydə Allaha sığınan bu qoca qarı bütün çətinliklərə baxmayaraq, yerdə də özünə yeni etibarlı sirdaşlar tapa bilib. Gecə-gündüz yanından ayrılmayan, yatarkən belə onu tək buraxmayan, qışın soyuğunda qucağına sığınıb isinən bir neçə pişik dostundan söhbət gedir. Yurd-yuvasız dostların yaşadıqları ortaq tale onlar arasında ayrılmaz bir bağ yaradıb.
Qoca nənəni həqiqətən də yaxşı dost adlandırmaq olar. Özü ac qalsa belə, dördayaqlı sirdaşlarının qarnını tox tutmağı bacarır. Məhəllə baqqalının bildirdiyinə görə, aldığı təqaüdü ilə hər gün onlara 2 litr süd alır. Bəzən təqaüdünü gec alanda süd üçün baqqala borca gedir. Amma o, indiyə qədər öz qarnı üçün bu cür ağız açmayıb. Pulu çatana qədər özünə ərzaq alıb, pulu olmayanda isə günlərlə ac qalmağa üstünlük verib. Fəqət bir gün belə pişikləri ac qoymayıb.
Nisyə aldığı südün pulunu isə digər sakinlərdən daha tez qaytardığından məhəllə baqqalı onun adını borc dəftərinə belə salmayıb. Zavallı nənə! İndi onun adına heç borc dəftərində də rast gəlmək mümkün deyil”.
Saytın həyat hekayəsini dərc etdiyi nənəni düşdüyü ağır durumdan necə çıxarmaq olar? Bu məsələdə rəsmi qurumların üzərinə hansı vəzifə düşür?
"Müqaviləni etibarsız etmək olar”
Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev "Şərq”ə açıqlamasında bir çox insanın haqqında söhbət açılan yaşlı qadınla eyni taleyi bölüşdüyünü dedi:
- Gündəlik həyatımızda nə qədər mənzil fırıldaqçılarına, dələduzlara rast gəlirik. Bəlkə bu nənə də hansısa dələduzun əlinə düşüb. Amma biz əlimizdə hər hansı fakt olmadan kimisə dələduz adlandıra bilmərik. Bilirsiz, mənzilin "kupçası” varsa, o, qanunsuz satıla və ya alına bilməz. Bu, mümkün deyil. Çünki "kupçalı” mənzillər notariat qaydada alınır və satılır. Mənzil satılırsa, notariat qaydada yoxlanır ki, satıla bilər, ya yox, bu mənzili satmaq olarmı? Çox güman ki, bu qadın kiməsə etibarnamə verib, həmin şəxs də bundan istifadə edərək mənzili satıb. Sonra artıq 2-ci əl mənzili başqa birisinə satıb. Beləcə, mənzil əldən-ələ keçib. Qadın məhkəməyə, prokurorluğa müraciət edə bilər. Sənədləri təqdim etməklə. Əgər alqı-satqı müqavilələri arasında vaxt qısadırsa, bu o deməkdir ki, mənzilin sürətli satışı həyata keçirilib. Əgər bir il ərzində mənzil iki və daha artıq adama satılırsa, deməli, burada izin itirilməsinə çalışılır. Mənzilin alqı-satqı müqaviləsinə baxmaq lazımdır ki, hansı sürətlə həyata keçirilib. Sübutları, sənədləri təqdim etməklə məhkəmə vasitəsilə həmin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə nail olmaq mümkündür. Amma yetərincə sübutlar lazımdır. Və bu işlə maraqlanacaq yaxşı bir vəkil olmalıdır. Həmin qadın məhkəmə instansiyalarına müraciət edibmi, bunu bilmirik.
Ə.Nuriyev tənha, yaşlı insanların analoji hallarla tez-tez üzləşdiyini bildirdi:
- Təəssüf ki, belə hadisələr olur. Yaşlı, tənha, kimsəsiz insanlar bəzən dələduzların əlinə düşür. Bu da ona görə baş verir ki, tənha insan yaşlandıqca, özünə qulluq edə bilmir, yaxud xəstəlik səbəbindən xidmət edəcək birisini axtarır. Bəzən şahidi oluruq ki, tənha, yaşlı insanlar "Ömürlük saxlama müqaviləsi” bağlayır, nə qədər ki, sağdır mənzilində yaşayacağını, vəfat etdikdən sonra isə mənzilinin ona qulluq göstərən adama verilməsinə dair müqavilə imzalayır. Mülki Məcəllə buna icazə verir. Amma bəzən də yaşlı insan müqavilə bağladığına peşman olur, yanıldığını anlayır, lakin gec olur. İnsanlar da müxtəlifdir. Elə mərhəmətli insanlar var ki, yaşlı insana təmənnasız, əvəz gözləmədən xidmət edir, qulluğunda dururlar. Elələri də var, müqavilə imzalandıqdan sonra hər vəchlə çalışırlar ki, yaşlı insan tez dünyadan köçsün, mənzil boşalsın. Bu məsələdə sosial xidmət əməkdaşlarının da rolu olur. Fərdi evlərdə, mənzillərdə sosial xidmət göstərən insanlar ailənin sirlərinə bələd olur, yaşlı insanları tovlayıb, mənzili ələ keçirməyə çalışırlar. Amma əlbəttə, vicdanlı, namuslu sosial xidmətçilər də var.
Bu məsələlər çox qəlizdir. İnsan həyatda nəylə üzləşəcəyini bilmir. Kim bilir, sabah başına nə iş gələcək?! İnsan ahıl yaşlarında tənha da qala bilər, kimsəsi olmaz, ona qulluq etməyə. Belə hallarda ən yaxşısı dövlətin sosial təminatı üzərinə götürməsidir. Bizdə qocalar evləri var, orada nə qədər tənha, ailəsi ilə yola getməyib, dövlətin müəssisəsinə sığınan insanlar yaşayır. Amma elə insanlar da var ki, deyir, evimi tərk etmərəm, öləndə gərək öz evimdə ölüm. Bu cür insanlara da dövlət nəzarəti və qayğısı lazımdır. Məsələn, mənzili əlindən alınan qadınla bağlı qohumları, əgər qohumlar yoxdursa, qonşular rəsmi orqanlara müraciət edə bilər. Bəlkə elə sübutlar tapılacaq ki, qadının mənzili özünə qaytarılacaq? Hər halda, rəsmi müraciətlər edilməlidir.
Məlahət Rzayeva