Pakistan hərbi baxımdan Azərbaycana güclü dəstək göstərir

Üzeyir Cəfərov: “Pakistan təkcə quru qoşunları sahəsində deyil, hərbi dəniz qüvvələri istiqamətində də ölkəmizə öz təcrübəsini verib”
Zahid Oruc: “Böyük miqdarda silahların alınması ilə bağlı müqavilə imzalanıb”


"Azərbaycan-Pakistan İşçi Qrupunun 7-ci Görüşü”ndə ikitərəfli hərbi əməkdaşlığın cari
vəziyyəti və perspektivləri, eləcə də görüləcək birgə tədbirlər nəzərdən keçirilib. Tədbirin
yekununda Azərbaycan Müdafiə Nazirliyi ilə Pakistan İslam Respublikasının Birləşmiş
Qərargahı arasında ikitərəfli hərbi əməkdaşlıq Planı imzalanıb.


İkitərəfli hərbi əməkdaşlığı şərh edən ehtiyatda olan polkovnik-leytenant, hərbçi-ekspert Üzeyir
Cəfərov
da Pakistanla Azərbaycan arasında hərbi əməkdaşlığın güclənməsini mühüm addım kimi
dəyərləndirdi:

"Ümumiyyətlə, son illər Pakistanla Azərbaycan arasında hərbi sahədə həyata
keçirilən əməkdaşlıqdan çox məmnunam. Pakistan hər zaman Azərbaycana ən güclü dəstəyi
göstərib.
Pakistan bu gün də Ermənistanı müstəqil dövlət kimi tanımayan azsaylı ölkələrdən biridir. Aprel
döyüşlərində də Pakistan rəsmi olaraq bəyan etdi, təkcə Azərbaycanın bir xahişi yetər ki,
Ermənistanın işğalçı qoşunlarını işğal olunmuş Azərbaycan torpaqlarından qovmaq üçün Bakıya
təkcə mənəvi deyil, maddi və digər formalarda da dəstək göstərsin. Bu fikir çox vacibdir və
hesab edirəm ki, onu yüksək qiymətləndirmək lazımdır. Pakistan nüvə dövlətidir, böyük
potensiala malikdir, onun hərbi arsenalı hər zaman artan xətlə inkişaf edir. Bütün bunlar
Azərbaycanla Pakistan arasında hərbi əlaqələrin yeni mərhələsinin başlanmasından xəbər verir.
İslamabadla Bakı arasında gələcək hərbi əməkdaşlığı daha yüksək zirvələrdə görürəm. Pakistan
təkcə quru qoşunları sahəsində deyil, hərbi dəniz qüvvələri istiqamətində də ölkəmizə öz
təcrübəsini verib. Ümumiyyətlə, Pakistanın müdafiə sənayesi Azərbaycanın müdafiə sənayesilə
bərabər bəzi layihələr həyata keçirir. Bu istiqamətdə fəaliyyətin genişlənməsinə çox sevinirəm.
Ümid edirəm ki, Pakistanın bu təcrübəsi Azərbaycana hərbi baxımdan daha da güclənməyə xeyli
dərəcədə kömək edəcək”.


Milli Məclisin Müdafiə və Təhlükəsizlik Komitəsinin üzvü, millət vəkili Zahid Orucun
sözlərinə görə, Pakistan Azərbaycanın müstəqilliyini ilk tanımış ölkə kimi xalqımızın
yaddaşında xüsusi yer qazanıb, dövlətimizlə bağlı bütün məsələlərdə özünün birmənalı
mövqeyini hər zaman göstərib
:

"Digər tərəfdən, Dağlıq Qarabağ məsələsinə münasibətdə
Pakistan hər zaman Azərbaycanı müdafiə edir. Bunu hər cür vasitələrlə həyata keçirib.
Ermənistanı bir dövlət kimi tanımır. Digər tərəfdən də Pakistan müsəlman dünyasında kifayət
qədər hərbi və siyasi gücə malik olan dövlətdir. Regionda xüsusi imkanlara malikdir. Beynəlxalq
proseslərdə, yerləşdiyi məkanda söz sahibidir. Pakistanın hərbi sənayesi sayəsində silah
bazarında önəmli yerlərdən birini tutur”.
İkitərəfli hərbi əməkdaşlıq Planının Pakistan və Azərbaycanın ölkə başçıları arasında keçirilən
görüşün məntiqi nəticəsi olduğunu vurğulayan millət vəkili deyib ki, hazırkı şəraitdə iki ölkə
arasındakı əlaqələri inkişaf etdirmək üçün imkanlar genişdir: "Bir çox sahələrdə, xüsusən də
hərbi sahədə saysız uğurlara imza atan bir ölkə kimi Pakistanın təcrübəsini öyrənməyə ehtiyac
var. Bilirsiniz ki, Pakistanla Azərbaycan arasında böyük miqdarda silahların alınması ilə bağlı da
müqavilə imzalanıb. Bu cür əməkdaşlıqlar hər iki ölkənin strateji maraqlarına xidmət etdiyi
üçün bütün sahələrdə əlaqələrin genişləndirilməsinə zərurət var”.

Şəymən