Hətta bəzi dairələr üzrə namizədlər də müəyyənləşib
2015-ci ilin payızında Azərbaycanda növbəti parlament seçkiləri keçiriləcək. Bəzi partiyalar seçkilərə blok şəklində, digərləri isə təkbaşına qatılmaq barədə qərar versələr də, istənilən halda bütün siyasi partiyalarda prosesə ciddi hazırlıq müşahidə olunur. Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Siyavuş Novruzov partiyanın namizədləri ilə bağlı proqram hazırlandığını deyib:
"Hazırda tədqiqat işləri gedir, yekunlaşandan sonra namizədlərin adları açıqlanacaq”. Azərbaycan Milli İstiqlal Partiyasının sədri Yusif Bağırzadə də seçkiyə hazırlaşdıqlarını deyib: "Yaxın 15 gün ərzində partiyanın yekun qərarı olacaq. Partiyanın tək və ya blok şəklində seçkiyə qatılması müzakirə olunacaq. 2011-ci il seçkilərində partiya 75-ə yaxın namizədlə iştirak etdi. Bu il də həmin praktikanı davam etdirmək istəyirik. 125 dairənin çoxundan partiyanın namizədləri irəli sürüləcək. Azərbaycanda parlament seçkiləri majoritar sistemdə keçirilir. Partiya builki seçkidə daha çox gənclərin və qadınların namizədliyini irəli sürməyə üstünlük verəcək. AMİP təşkilatlanmış partiyadır. Rayon təşkilatları xeyli fəaldır. Əməkdaşlıq məsələsini prioritet hesab edirik. Seçkidə iştirak edən siyasi qüvvələrlə əməkdaşlıq platformasına hazırıq”.
Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı da bildirib ki, namizədlərin müəyyənləşdirilməsi prosesinə başlanılıb: "Bu məsələ partiyanın Məclisində müzakirədən sonra təsdiq olunacaq. Qabaqcadan hansı dairədən, kimin namizədliyinin irəli sürüləcəyi barədə danışmaq düzgün deyil. Çünki bu məsələ həm namizədin, həm də rayon təşkilatının razılığı olandan sonra partiyada təsdiqlənməlidir”.
Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı mahiyyət etbarilə parlament seçkilərinə hazır olduğunu deyib: "Qalır onun detalları, neçə nəfərlə iştirak edəcəyik, kimlər hansı dairədən öz namizədliyini irəli sürəcək və s. Seçkilərlə bağlı strategiya bəllidir. Sadəcə taktiki vasitələrdən səmərəli istifadə etməklə ciddi uğur qazanmağın yollarını müəyyənləşdirmək məsələsi qalıb. Çünki hər zamanın özünün ortalığa qoyduğu tələblər, sifarişlər, qüvvələr nisbəti var. May ayında partiyanın Ali Məclisinin sessiyasını çağıracağıq. Həmin sessiyada artıq konkret fikirlərimiz ortalıqda olacaq, daha doğrusu, fikirlərimizi konkretləşdirəcəyik. Bundan sonra müəyyən etmiş olduğumuz taktiki xəttin mahiyyətinə uyğun olaraq seçkilərdə iştirak etməyə start verəcəyik”.
Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev isə hələlik yekun qərarın verilmədiyini deyib: "Parlament seçkiləri sınaq meydanıdır, bir siyasətçinin özünütəsdiq şansıdır. Ona görə də belə fürsəti qaçırmaq olmaz. Seçkiyə qatılmaq lazımdır. Qərarımda israrlı olsam, daha doğrusu, bu qərarda sona qədər qalsam, namizədliyimi vermək fikrindəyəm. Hətta indidən bölgə ilə də bağlı hesablamalar aparıram. Çox güman ki, yekun olaraq 117 saylı Oğuz-Qəbələ seçki dairəsinin üzərində dayanacam”.
İsmayıl