Artıq Ermənistan KTMT-nin urvatsız bir üzvüdür
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında prosedur və rotasiya qaydalarına uyğun olaraq, 2020-ci ilə qədər baş katib vəzifəsini Ermənistan nümayəndəsi daşımalı idi. Lakin Yuri Xaçaturovun vaxtından əvvəl vəzifədən azad edilməsindən sonra baş katib vəzifəsini Ermənistanda saxlamağa çalışan Nikol Paşinyan uğursuzluqla üzləşdi. Ötən gün Astanada keçirilən Sammitdə Ermənistanın yeni namizədinin təşkilatın baş katibi olmasına icazə verilmədi. Quruma rəhbərlik Belarusdan olan nümayəndəyə həvalə edildi.
KTMT ölkələri liderlərinin Astana görüşünü şərh edən rusiyalı politoloq Yevgeni Mixaylov da deyib ki, görüşün nəticələri Ermənistanın fəaliyyətini dağıtdı. Konfliktoloq qeyd edib ki, bugünkü gün daxili siyasi qeyri-sabitlik və diplomatik nöqsanlar səbəbindən Ermənistanın təsiri KTMT-nin digər üzvləri tərəfindən faktiki olaraq sıfıra endirilib: "Xaçaturovun digər erməni namizədlə əvəzlənməsindən imtina edilməsinin başlıca səbəbi budur ki, Ermənistanın hara istiqamətləndiyi bəlli deyil. Əgər o, Qərbə istiqamət alacaqsa, onda təşkilatda əsas rol oynayan Rusiyanın maraqlarının satılmasını müşahidə edə bilərik”. Rusiyalı politoloq bildirib ki, Ermənistan tərəfindən Rusiya və Belarus əleyhinə provokasiya hər an mümkündür:
"Çünki biz vaxtaşırı olaraq Azərbaycanın Rusiya və Belarusdan silah alması ilə bağlı İrəvanın narazılığını müşahidə edirik və bu istiqamətdə neqativ informasiyalar yayılır”.
Düşmən ölkənin növbəti uğursuzluğunu şərh edən politoloq Məhəmməd Əsədullazadə "Şərq”ə deyib ki, Rusiya "NATO”-su adlandırılan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Astana sammitində təşkilatın baş katibliyinin Belarusa verilməsi, erməni baş nazir Nikol Paşinyanın reytinqinə və xarici siyasətinə Moskva tərəfindən vurulan zərbədir:
"Prosedur imkan verirdi ki, erməni tərəfi Yuri Xaçaturovu digər şəxslə əvəz etsin. Lakin Moskva buna imkan vermədi. Qazaxıstan və Belarus da burada mühüm rol oynadı. Bu, Nikol Paşinyanın xarici siyasətinin fiaskosu, həmçinin Rusiyaya qarşı apardığı siyasətinin məntiqi nəticəsidir. Artıq Ermənistan KTMT-nin urvatsız bir üzvüdür. Bu ölkənin heç bir hüququ və istəyi tanınmayacaq. Paşinyan öz adamını baş katibliyə gətirməyə çalışmaqla təşkilatda olan Ermənistanı neytrallaşdırdı. Necə deyərlər, qaş düzəltdiyi yerdə gözü vurub çıxartdı.
Göründüyü kimi Rusiyanın Ermənistanın yeni hakimiyyətinə qarşı kəskin qəzəbi var. Bu qəzəb Paşinyana baha başa gələcək”. Analitik vurğulayıb ki, dekabrın 6-da KTMT növbəti toplantısında Ermənistanın baş katibliyinə son veriləcək: "Bununla Ermənistan növbəti dəfə müttəfiqləri tərəfindən çıxdaş ediləcək. Hazırda Azərbaycanın mövqeyi KTMT üzvləri arasında ciddi siyasi çəkiyə malikdir. Qazaxıstan və Belarus Azərbaycanla sıx əməkdaşlığına görə, işğalçı Ermənistanı sıxışdırır”.
İsmayıl