Paşinyanın taleyi Qarabağ problemindən asılıdır
Baş nazir yaxşı anlayır ki, ölkənin dirçəlməsi, iqtisadi baxımdan verdiyi vədlərini reallaşdırması birbaşa münaqişənin həlli ilə bağlıdır
Davosda Prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın qeyri-rəsmi görüşündən sonra tezliklə Bakı və İrəvanın Qarabağ münaqişəsi ilə bağlı anlaşma imzalaya biləcəkləri haqqında bəyanatlar yayılır. Rusiyalı politoloq Stanislav Tarasovun fikrincə, erməni tərəfi təzyiq altında bir neçə rayonu güzəştə getməyə məcbur olacaq. Və bu, iyunda baş verəcək. "Novosti-Armeniya”nın verdiyi məlumata görə, digər rusiyalı politoloq Modest Kolerov Ermənistanla Azərbaycan arasında anlaşmanın fərqli zamanda baş verəcəyini söyləyib. O hesab edir ki, anlaşma mart ayında imzalanacaq və razılaşma sənədi çoxdandır ki, mövcuddur.
Beynəlxalq Avrasiya hərəkatının lideri, siyasi elmlər doktoru və publisist, həmçinin "Kremlin ideoloqu” adlandırılan Alensandr Duqin də müsahibəsində hadisələrin bu cür inkişafının mümkün olduğunu bəyan edib: "Məsələ bundadır ki, Rusiya ilə Azərbaycanın mövqelərində müəyyən əlaqə və ardıcıllıq var.
Rusiya burada passiv müşahidəçi yox, həll prosesinin aktiv iştirakçısıdır. Moskva ilə Bakı arasında əvvəlcə Dağlıq Qarabağ ətrafındakı beş və sonra daha iki rayonun qaytarılması məsələsi ilə bağlı qarşılıqlı anlaşma var. Bu, Ermənistanın əvvəlki rəhbərliyi ilə razılaşdırılmışdı”. Duqinin sözlərinə görə, dəyişən yalnız Nikol Paşinyanın mövqeyi olub: "O, hakimiyyətə böyük ölçüdə antirus, milli, liberal və qərbmeyilli dalğaların üzərində gəlib. Lakin bir siyasətçi kimi Paşinyan anlayır ki, Qarabağ məsələsində əvvəlki Ermənistan hakimiyyəti ilə razılaşdırmaların inkar edilməsi onun özünə mənfi təsir göstərəcək”. Duqin hesab edir ki, Nikol Paşinyanın Qarabağ anlaşmaları ilə bağlı artıq bu yazda daha rasional mövqe tutacağını güman etməyə imkan verən bir sıra amillər mövcuddur: "Moskva və Bakının mövqeləri möhkəmdir və hər hansı bir dəyişikliyi nəzərdə tutmur. Bu zəmində, təkrar edirəm ki, mən ən qısa zamanda beş və daha sonra iki rayonun Azərbaycana qaytarılması haqqında razılaşmanı istisna etmirəm. Bundan sonra isə yeni mərhələ başlayacaq”.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı prosesləri "Şərq”ə şərh edən millət vəkili Tahir Kərimli deyib ki, Nikol Paşinyana daxili və xarici təzyiqlərin olacağı gözlənilən idi. Buna səbəb onun yeritdiyi yanlış siyasət və verdiyi vədləri yerinə yetirməsidir:
"Paşinyan israrla deyir ki, Dağlıq Qarabağ erməniləri ona səs verməyib, buna görə də onların əvəzinə məsələləri şərh edə bilməz. Ancaq münaqişə tərəfi kimi üç dəfə Prezident İlham Əliyevlə qeyri-rəsmi görüş keçirir. Xarici işlər nazirini görüşə göndərir. Bütün görüşlərdə də Ermənistanı münaqişə tərəfi kimi təqdim edir. Paşinyan da təmaslarda Qarabağ məsələsinin həlli istiqamətində çalışdığını söyləyir, mümkün variantların müzakirə olunmasını dəstəklədiyini deyir. Ona görə də erməni mediası, daha doğrusu, Sarkisyan rejiminə bağlı mətbuat baş naziri tənqid edir, Paşinyanı "təslimçi” sülhə hazır olmaqda suçlayır.
Davos görüşünü əks etdirən fotoda Paşinyanın çox qəmgin durması da erməni KİV-ləri tərəfindən onun çarəsizliyi kimi dəyərləndirilir. Münaqişənin rəsmi adı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsidir. İstər-istəməz İrəvan burada tərəfdir. Paşinyan özünü kənara çəkə bilməz. ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun açıqdan-açığa verdiyi bəyanatlar, Ermənistandakı sabiq səfir Riçard Millsin sözləri Amerikanın fəallığını artırdığını göstərir. Digər həmsədr ölkə Rusiyanın da mövqeyi dəyişməkdədir.
Paşinyan Rusiyaya səfəri zamanı Medvedyevlə görüşdüyü halda, prezident Putinlə görüşə bilmədi. Daha doğrusu, Putin onu qəbul etmədi. Bunların hamısı göstərir ki, Paşinyan ciddi təzyiq altındadır. Görünür, artıq böyük dövlətlər münaqişənin həllinin uzanmasından beziblər. Əlavə olaraq son dövrlər rəsmi Bakı ilə Moskva və Vaşinqton arasında münasibətlər xeyli normallaşıb. Bu ölkələr Azərbaycanın mövqeyini dəstəkləyirlər”.
Parlament üzvü bildirib ki, son zamanlar ən çox rus diplomatlar ortada razılaşma sənədinin olmasını qeyd edirlər:
"Hər bir halda bunun "Lavrov planı”nın inkişaf edilmiş formulu sayılan "Bolton planı” olduğunu deyirlər. Paşinyanın taleyi Qarabağ problemi ilə bağlıdır. Yaxşı başa düşür ki, münaqişənin həllində güzəştə getsə, "Qarabağ klanı”nın gücünü artıra, onların təzyiqinə tuş gələ bilər. Eyni zamanda anlayır ki, ölkənin dirçəlməsi, iqtisadi baxımdan verdiyi vədlərini reallaşdırması birbaşa münaqişənin həlli ilə bağlıdır. Yəni Paşinyan iki od arasında qalıb. Amma prosesi başa çatdırmaq məcburiyyətində olduğunu dərk edir”.
İsmayıl