Belə məlumatları ölkəmizdə fəaliyyət göstərən Rusiyanın “5-ci kolon”u bilərəkdən yayır
Son günlər işğal olunmuş yeddi rayonun Azərbaycana qaytarılma məsələsi yenidən gündəmə gəlib. Rusiya Dövlət Dumasının İrəvanda rəsmi səfərdə olan komitə sədri Leonid Slutskinin iddiasına görə, İrəvana səfəri çərçivəsində Vladimir Putin Ermənistanı Dağlıq Qarabağ ətrafındakı 7 rayonu Azərbaycanın nəzarətinə qaytarmağa məcbur edə bilər. Aprel ayına nəzərdə tutulan səfəri çərçivəsində Rusiya prezidenti Vladimir Putinin Serj Sarkisyanla Qarabağ məsələsini dərindən müzakirə edəcəyini vurğulayan Rusiya rəsmisi ümidlə vurğulayıb ki, Qarabağ nizamnlanması üzrə bütün sağlam səylər yaxın gələcəkdə nəzərə çarpacaq nəticələrə gətirəcək.
Rusiyalı siyasətçi həmçinin münaqişənin "Madrid prinsipləri” əsasında həll edilməsini vacib sayır: "Münaqişəni "Madrid prnisipləri” əsasında həll etmək lazımdır. Rusiya Qarabağ məsələsinin əsas sülhməramlısı olaraq qalır”.
Yerli politoloqlar isə hesab edir ki, Azərbaycanın 7 rayonunun qaytarılması əvəzində Rusiya sülhməramlı qüvvələr adı altında yenidən Azərbaycana qayıtmaq və faktiki olaraq ölkəmizi yenidən işğal etmək niyyətindədir.
İlk baxışdan bu açıqlamanın ağlabatan bir ideyaya oxşadığını deyən politoloq Qabil Hüseynlinin sözlərinə görə, Putinin Azərbaycanla bağlı müəyyən planları olduğu açıq-aşkar ortadadır: "Bu ideyaları həyata keçirmək üçün də rəsmi Moskva mütləq Azərbaycanın müəyyən arzularını yerinə yetirməlidir. Bu arzular içərisində də "Madrid prinsipləri”nə uyğun olaraq Dağlıq Qarabağ ətrafındakı 7 rayonun Azərbaycanın nəzarətinə verilməsi məsələsi kifayət qədər aktualdır. Putin çox gözəl bilir ki, 7 ətraf rayon gec-tez Azərbaycana qaytarılacaq. Bu məsələ sülh yolu ilə öz həllini tapmasa belə, Azərbaycanın milli ordusu hərəkətə keçib, öz torpaqlarını işğaldan azad edəcək. Azərbaycan ordusu işğal altında qalan torpaqlarını azad etmək üçün genişmiqyaslı hərbi əməliyyatlara başlayacağı halda isə yalnız 7 rayon yox, bütünlükdə Dağlıq Qarabağı Azərbaycan öz nəzarəti altına alacaq və torpaqlarımızı ermənilərdən təmizləyəcək. Bu mənada, Putinin İrəvan səfəri zamanı Dağlıq Qarabağ məsələsini müzakirə edəcəyi və 7 rayonun Azərbaycana qaytarılması üçün qüvvə sərf edəcəyinə inanmaq olar”.
İndiki situasiyada Dağlıq Qarabağ ətrafı 7 rayonun qaytarılmasının Azərbaycan üçün də sərfəli olduğunu deyən politoloqun sözlərinə görə, 7 rayon Azərbaycanın nəzarətinə verildikdən sonra Dağlıq Qarabağ münaqişəsinin özünü ayrılıqda həll eləmək və onun statusunu müəyyənləşdirmək Azərbaycan üçün o qədər də çətin olmayacaq.
Putinin Azərbaycanla bağlı konkret planlarına gəldikdə isə politoloq deyib ki, Moskva Dağlıq Qarabağa yeridiləcək sülhməramlıların Rusiya qüvvələri olmasını əsas şərt olaraq irəli sürür və sonradan Moskva üçün Dağlıq Qarabağın geri qaytarılması naminə Azərbaycanın da Avrasiya İttifaqına daxil edilməsi məsələsi ilə bağlı iddialar qaldıracaq: "7 rayonun qaytarılması müqabilində Rusiya sülhməramlı qüvvələr adı altında öz ordusunu Dağlıq Qarabağda yerləşdirmək istəyini heç gizlətmir də. Elə Leonid Slutskin də başda olmaqla ayrı-ayrı Rusiya rəsmiləri tərəfindən bu niyyətləri dəfələrlə etiraf olunub: "Əslində məsələnin çətin tərəfi də elə budur. Amma hər şeyə rəğmən 7 rayon Azərbaycana qaytarılacağı təqdirdə bu hadisəni müsbət hal kimi qiymətləndirmək olar”.
REAL Hərəkatının İdarə Heyətinin üzvü, politoloq Azər Qasımlı isə hesab edir ki, yeddi rayonun qaytarılmasının müntəzəm olaraq gündəmə gətirilməsi əslində alver predmetidir: "7 rayonun Azərbaycana qaytarılmasına inanmıram və hesab edirəm ki, belə məlumatları ölkəmizdə fəaliyyət göstərən Rusiyanın "5-ci kolon”u bilərəkdən yayır. Rusiya 7 rayonu Azərbaycana qaytarmaq üçün Ermənistana daha əvvəl də təzyiq edə bilərdi, amma bunu heç bir vaxt düşünməyib. Çünki bu yalnız rus qoşunlarının, yəni hərbi bazalarının Qarabağda yerləşdirilməsi müqabilində mümkündür. Azərbaycan tərəfi də heç vaxt buna getməyib. Əgər indiki mərhələdə də buna getməsə, heç bir rayon qaytarılmayacaq. Bu birmənalıdır. Sadəcə olaraq, Rusiya öz maraqlarını düşünür, "5-ci kolon” da bu maraqlar üçün ictimai rəy formalaşdırır, cəmiyyətimizdə Moskvadan gözləntilər yaradırlar. Təbii ki, müxtəlif cür aldadıcı vasitələrdən istifadə edərək”.
Şəymən