“Qadağalarla insanlara təsir etmək mümkün deyil”

Arzu Nağıyev: “Dində və inanc məsələsində radikallıq və maarifçiliyin dəqiq sərhədi bilinməlidir”



Ölkə ictimaiyyətini narahat edən ciddi məsələlərdən biri də Azərbaycanda dini radikalizm elementlərinin zaman-zaman özünü açıq şəkildə büruzə verməsidir. Müvafiq qurumlar tərəfindən aparılan mütəmadi əməliyyatlara və önləyici tədbirlərə baxmayaraq, hələ də Azərbaycanda Suriya və İraqdakı terror təşkilatlarına qoşulan, "şəriət dövləti” yaratmaq niyyətində olan yüzlərlə insan var.

Ötən gün təhlükəsizlik orqanlarının yaranmasının 96-cı ildönümü münasibətilə çıxış edən nazir Eldar Mahmudov da ölkədəki dini radikalizmə toxunub və bəyan edib ki, regiondakı bəzi dövlətlərin dini dairələri, xüsusi xidmət orqanları Azərbaycanda radikallaşmaya rəvac verir. Terrorçuluq və dini ekstremizm halları ilə mübarizə aparıldığını deyən E.Mahmudov vətəndaşlarımızın radikal dini ekstremist qrupların və xarici ölkələrdə qanunsuz fəaliyyət göstərən silahlı dəstələrin tərkibində iştirak etməsinin narahatlıq doğurduğunu bildirib. Azərbaycanda son dövrlər artan dini radikalizmlə bağlı "Şərq”in suallarını cavablandıran Milli Təhlükəsizlik Nazirliyinin sabiq zabiti, siyasi ekspert Arzu Nağıyev məsələ ilə əlaqədar maraqlı məqamlara təmas edib və problemin həlli yollarını sadalayıb.

- Son zamanlar Azərbaycanda dini ekstremizmin artmasının səbəbləri nədir? Ölkəmizdə radikal qruplar üçün münbit şərait var, yoxsa onlar müəyyən boşluğu doldururlar?

- Məsələ heç də münbit mühitin yaranmasından getmir. Hər bir dövlət öz maraqları çərçivəsində siyasət yeridir. Necə deyərlər, siyasətdə dost olmur, maraqlar əsas rol oynayır. Məhz buna görə də dövlətlərin hərəsi öz marağından çıxış edir. Məsələn, dini təriqətlərdən və cərəyanlardan asılı olaraq Səudiyyə Ərəbistan öz marağını, Qətər, Küveyt, İran isə öz maraqlarını müdafiə edirlər. Türkiyənin dövlət siyasətini dəstəkləyən və ya ondan kənar olan dini icmalar da öz maraqlarına uyğun Azərbaycanda təbliğat aparırlar. Eyni zamanda qeyri-müsəlman inanclı təriqətlər və onların dəstəkçisi olan "Yəhovanın şahidləri”, "Həyatverici lütf” kimi qurumlar da dövlətləri tərəfindən ayırd edilən xəttə uyğun olaraq təbliğatla məşğul olurlar.

- İddia edirlər ki, 10 il əvvəl Azərbaycanda dini radikalizmdən söhbət belə getmirdi, amma indi addımbaşı ekstremist halların şahidi oluruq. Sizcə, ötən müddətdə cəmiyyətdə nə dəyişib? İnsanlarımızı radikallaşdıran amillər nədir?

- On il əvvəlki şərait ilə indikini eyni çərçivəyə qoymaq olmaz. 10 il əvvəl müxtəlif dini təriqətlər arasında bu qədər ayrı-seçkilik və narazılıqlar yox idi. Bu gün müharibə ocağına çevrilmiş Yəmən və digər ərəb ölkələrində sünni-şiə məsələsi bu qədər qabarıq deyildi. İŞİD kimi bir terror təşkilatının fəaliyyəti yox idi. İran kimi dövlətə iqtisadi embarqo qoyulmamışdı. Bu gün isə bütün bunlar mövcuddur və Azərbaycan sərhədləri bu dövlətlərdən çox da uzaqda deyil. Suriyada gedən proseslər də bizə ciddi təsir edir, əməliyyat şəraitini dəyişir. Daha doğrusu, çətinləşdirir və gərginlik yaradır. Rusiyanın, Şimali Qafqazın timsalında əməliyyat şəraitinin nə qədər gərgin olduğunu aydın görmək olar. Bütün bunların hamısı əsas şərtlərdəndir. Məhz bu amillərin qarşısının alınması hüquq-mühafizə orqanları qarşısında əsas məsələdir. Bu gün MTN dini radikal qurumların və onların havadarlarının ölkəmizdəki fəaliyyətini tam nəzarətdə saxlaya bilir. Lakin bu, tək hüquq-mühafizə orqanlarının apardığı tədbirlərlə bitmir və bitə də bilməz.

- Bu yaxınlarda deputatlardan biri təklif etdi ki, gənclərin xarici ölkələrdə dini təhsil almasına qadağa qoyulsun, dini ədəbiyyatlara nəzarət olunsun və s. Sizcə, qadağa və məhdudiyyətlərlə problemi aradan qaldırmaq mümkün olacaqmı?

- Bilirsiz, tək qadağalarla insanların inancına təsir etmək mümkün deyil. Bir daha qeyd etmək istəyirəm ki, dində və inanc məsələsində radikallıq və maarifçiliyin dəqiq sərhədi bilinməlidir. Bəlkə də bütün müsəlman ölkələri ilə müqayisədə tolerantlıq baxımından Azərbaycan birincidir və bu istiqamətdə dövlət siyasəti həyata keçirilir. Ən əsası savadlı, dini elmləri dərindən bilən və mentalitetə uyğun kadrlar yetişdirilməlidir. Dinin müsbət tərəfləri təbliğ olunmalı, radikallıq rüşeymdə məhv edilməlidir. Başqa üsullar nəticə verməyəcək.

- Ən çox hallandırılan çıxış yollarından biri dini maarifləndirmədir. Bu barədə fikriniz nədir, maariflənməni hansı formada aparmaq daha əlverişlidir?

- Dini maarifləndirmə işi mütləq gücləndirilməlidir. Bütün maarifləndirici işlərdə təriqətlərə və cərəyanlara yer verilməlidir. Gənclərə dini savad verilməli və bu zaman onlara müqayisəli təkliflər aşılanmalıdır. Əks təqdirdə, aparılan heç bir mübarizə arzuolunan nəticəni verməyəcək. Misal kimi qeyd etmək lazımdır ki, yas mərasimlərində iştirak edən din xadimlərinin vahid geyim forması məhz Azərbaycanın milli mentalitetini əks etdirdiyi üçün ciddi mübahisə obyektinə çevrilmədi. Belə şeyləri diqqətə almaq lazımdır. Bilirsiz, hər şeydən əvvəl din xadimləri özləri müsbət misal yeri, nümunəvi nəfər olmalıdır. İlk növbədə onların özü xürafatdan, elmsizlikdən uzaq dayanmalıdır.

İsmayıl