Tərəflərin münaqişənin həll variantına yaxınlaşacağı gözlənilir
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla erməni həmkarı Zöhrab Mnatsakanyan fevral ayında Almaniyada keçiriləcək 54-cü Münhen Təhlükəsizlik Konfransı çərçivəsində görüşə bilərlər. Bu barədə Ermənistan XİN rəhbəri Z.Mnatsakanyan İrəvanda səfərdə olan Avropa İttifaqının qonşuluq siyasəti və genişləndirmə üzrə komissarı Yohannes Hanla keçirdiyi konfransda deyib. Nazir bildirib ki, görüş barədə razılıq olarsa, əvvəlcədən məlumat veriləcək: "Aydındır ki, danışıqlar prosesində irəliyə doğru gedirik”.
Məlumdur ki, XİN rəhbərləri arasında sonuncu görüş həmsədrlərin vasitəçiliyi ilə 16 yanvarda Fransanın paytaxtı Parisdə baş tutub. 4 saatdan çox davam edən danışıqlarda bir sıra məsələlər, o cümlədən hər iki tərəfin əhalisinin sülhə, təhlükəsizliyə və dayanıqlı regional inkişafa hazırlanması yolları müzakirə edilib. Məlumdur ki, münaqişə tərəflərinin Davos görüşündən sonra prosesin müəyyən qədər canlandığı müşahidə olunur. Ümumiyyətlə, son aylar danışıqların intensiv hal aldığı görünməkdədir. Yerli və xarici ekspertlərin, həmsədr ölkə təmsilçilərinin də açıqlamasından bəlli olur ki, münaqişənin həlli ilə bağlı nikbin gözləntilər var. Onların fikrincə, artıq Paşinyana qarşı təzyiqlər formalaşır. Erməni nazir də danışıqlar prosesində irəliləyişin olduğunu deyir. Ancaq təbii ki, bunun əksini düşünənlər də var.
Münaqişə ətrafındakı prosesi "Şərq”ə dəyərləndirən siyasi ekspert Zeynal Əmralıyev deyib ki, hələ Ermənistanda hakimiyyət dəyişikliyi baş verəndə Dağlıq Qarabağ münaqişəsində həll variantına yaxınlaşılacağı barədə gözləntilər var idi. Hazırda baş verənlər prosesin bu istiqamətdə getdiyini göstərir. Analitikin sözlərinə görə, istər Prezident İlham Əliyevin erməni hökumət başçısı ilə görüşü, istərsə də diplomatik idarə rəhbərləri arasında müntəzəm görüşlər və görüş sonrası verilən açıqlamalar bizdə nikbin düşüncə yaradır:
"İrəvanda baş verən dəyişiklikdən sonra Azərbaycan tərəfi Paşinyana açıq şəkildə şans tanıdı. Bu ona görə edildi ki, yeni hakimiyyət danışıqlarda əvvəlki rejimdən fərqli olaraq konstruktiv mövqe sərgiləsin. Şəxsən mən özüm də parlament seçkilərindən sonra Paşinyanın münaqişənin həlli ilə bağlı əvvəlki hökumətdən fərqli mövqe sərgiləyəcəyini gözləyirdim. Dünyada tanınmış institutların və aparıcı ekspertlərin, eləcə də sadə ermənilərin Paşinyandan gözləntilərindən biri bu idi. Ancaq inanmıram ki, sadə xalq istər münaqişənin uzun müddət davam etməsində maraqlı olsun. Sadə xalq çox yaxşı anlayır ki, münaqişəni uzatmaq yalnız onların ziyanınadır. Qarabağ erməniləri və Ermənistandakı ermənilər arasında sosial ziddiyyətlər var.
Ermənistanda uzun müddət hakimiyyəti zəbt etmiş "Qarabağ klanı” münaqişənin həllində kompromisdən uzaq dururdu. Bu cinayətkar rejim münaqişədən öz xalqını əsarətdə saxlamaq üçün istifadə edir. Prezident İlham Əliyev də müvafiq çıxışlarında bölgədə ikinci bir erməni dövlətinin yaradılmasına imkan verməyəcəyimizi, Qarabağa dünya praktikasında tətbiq edilmiş ən yüksək muxtariyyəti verməyə hazır olduğumuzu bəyan edib.
Azərbaycan son zamanlar çox güclü layihələr həyata keçirir və bunu hər kəs görür. Ancaq Ermənistan bu münaqişənin səbəbindən həyata keçirilən layihələrdən təcrid olunmuş vəziyyətdədir. Təbii ki, bu kimi məsələlər düşmən ölkədə də müşahidə olunur və təhlil edilir”.
Politoloq bəyan edib ki, Paşinyana münaqişənin həlli ilə bağlı təzyiq göstərən ilk növbədə elə öz xalqıdır:
"Gələcəklə bağlı isə danışıqlar prosesinin daha da intensivləşəcəyini və müsbət istiqamətdə addımların atılacağını gözləyirəm. Nazirlərin qəbul etdiyi "xalqların sülhə hazırlanması” fikri də məhz buna hesablanmış bir bəyanat kimi qəbul edirəm. İki tərəf arasında il ərzində bir neçə dəfə görüş gözləyə bilərik. Həmçinin, icmalar arasında dialoq da çox önəmlidir. Bildiyiniz kimi, Azərbaycan tərəfdən icmanın rəhbəri dəyişildi.
Olduqca çevik və bacarıqlı bir diplomat olan Tural Gəncəliyev artıq icmanın rəhbəridir. Ona görə də hərtərəfli danışıqlar aparılmalıdır. Beynəlxalq təşkilatların, xüsusilə də ATƏT-in bu məsələdə səylərini daha da artırmasına ciddi ehtiyac var. Lakin təbii ki, münaqişənin həlli əsasən iki tərəfdən asılıdır. Uzun müddət apardığımız siyasətlə mövqeyimizi ortaya qoymuşuq. İndi qalır, qarşı tərəfin məsələnin həllində istəkli olub-olmamasını nümayiş etdirməsinə”.
İsmayıl