Qatarı, Teplovozu dərhal dayandırmaq olmur

“Gərək avtomobil sürücüləri dəmir yolundakı keçidlərdən keçərkən diqqətli olsunlar, ehtiyatı əldən verməsinlər”


Fevralın 15-də saat 18 radələrində Saatlı rayonunun Sarıcalar kəndi ərazisindəki qorunmayan keçiddə Sabirabad rayon sakini Güloğlan Ağayevin idarə etdiyi "VAZ-2106” markalı avtomobili teplovoz vurub.

Daxili İşlər Nazirliyi xəbər verir ki, qəza nəticəsində sürücü və sərnişinləri - həyat yoldaşı Hökumə və qızı Lamiyə hadisə yerində ölüblər.

Nəqliyyatda Baş Polis İdarəsi tərəfindən araşdırma aparılır.

"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov "Şərq”ə açıqlamasında bildirib ki, qəza qorunmayan keçiddə baş verdiyi üçün "Azərbaycan Dəmir Yolları” QSC heç bir məsuliyyət daşımır:

- Var qorunan keçidlər, bir də var, qorunmayan keçidlər. Qorunan keçidlərdə şlaqbaum, işıqfor qoyulur, nəzarətçi olur. Amma qorunmayan keçidlərdə isə sürücü avtomobilin hərəkətini özü tənzimləməli, təhlükəsizliyini maksimum təmin etməyə çalışmalıdır. Avtomobil dəmir yoluna yaxınlaşdıqda, diqqətlə baxmalıdır ki, qatar gəlir, ya yox. Bilirsiz, sürücülər bəzən qatarın sürətini düzgün hesablamır, görürlər uzaqdan qatar hərəkətdədir, yanlış olaraq belə qərar verirlər ki, qatar gəlib çatanadək keçib gedərəm. Amma səhvə yol verirlər. Qatar, teplovoz dərhal dayandırılması mümkün olmayan nəqliyyat növləridir. Gərək avtomobil sürücüləri dəmir yolundakı keçidlərdən keçərkən diqqətli olsunlar, ehtiyatı əldən verməsinlər. Qorunan keçidlər dəmir yolunun intensiv hərəkət olan hissələrindədir. Hansı yerdə ki, hərəkət intensiv deyil, orada qorunmayan keçidlərdir və belə ərazilərdə məsuliyyət artıq sürücülərin üzərindədir. "Yol hərəkəti haqqında” qanunun 44-cü maddəsində bu barədə aydın yazılıb.

N.Əzməmmədov qeyd etdi ki, dəmir yolunun Bakı-Böyükkəsik istiqamətində hazırda rabitə və siqnalizasiyaların yenilənməsinə başlanılıb. İşlər başa çatdıqda bu istiqamətdə qorunmayan keçidlər artıq olmayacaq.

Nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov da bu fikirdədir ki, avtoqəzaların baş verməsində daha çox sürücülər məsuliyyət daşıyır:

- Qəzaların əksəriyyəti sürücülərin yol-hərəkəti qaydalarını pozmaları səbəbindən baş verir. Etiraf etməliyik ki, sürücülər yol hərəkəti qaydalarını bilmir, öyrənməyə təşəbbüs də etmirlər. Gün ərzində müşahidə kameraları tərəfindən nə qədər qayda pozuntuları qeydə alınır. Dayanma-durma qaydalarını pozurlar, sürət həddinin aşırlar, işıqfora məhəl qoymurlar. Həm də diqqətsizdirlər, avtomobili dağınıq idarə edirlər. Sükan arxasında, idarəetmə zamanı mobil telefonla danışırlar. Bu isə sürücünün diqqətini minimuma endirir. Sükan arxasına əyləşmiş insanın bütün diqqəti yolda, hərəkətdə olmalıdır. Çox adam avtomobil idarə etməyi bilmədiyi halda avtomobil alıb sürməyə başlayır. Ona görə də qəzaların sayı artır. Piyadalar da məsuliyyətsizdir. Yolu harda gəldi keçirlər. Avtomobillərin qarşısından qaçırlar. Daha düşünmürlər ki, bu, motordur, birdən əyləc tutmadı, saxlaya bilmədi maşını. Ya vurub öldürəcək, ya da şikəst edəcək səni. Dəmir yolunda isə sürücülər daha da ehtiyatlı olmalıdır. Çünki dəmir yolu keçmək vaxt aparır, qatar isə sürətlə gəlir. Sürücü dəmir yolu qarşısında mütləq dayanmalı, qatarın gəlib-gəlmədiyinə əmin olduqdan sonra yolu keçməyə qərar verməlidir.

Məlahət Rzayeva