Qurban bayramında Əfv fərmanı gözlənilmir

Bu günlərdə Əfv komissiyasının toplantısı olmayıb




Əlamətdar günlərdə Əfv fərmanının verilməsi ənənəsi formalaşdığından məhbus ailələrinin qulağı səsdə, gözü yolda olur.

Qarşıdan müsəlman aləminin müqəddəs günlərindən biri - Qurban bayramı gəlir. Qurban bayramında Əfv fərmanının imzalanacağı gözləniləndirmi?

Azərbaycan Respublikası Prezidenti yanında Əfv Komissiyasının üzvü, Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev "Şərq”ə açıqlamasında Əfv fərmanı imzalanmasının birbaşa Prezidentin səlahiyyətində olduğunu vurğuladı:

- Bilirsiniz ki, Əfv fərmanı imzalamaq cənab Prezidentin müstəsna hüququdur. Və cənab Prezident də humanizm prinsiplərinə əsaslanaraq vaxtaşırı yüzlərlə ailəni sevindirir. Lakin bunu da qeyd etməliyəm ki, sonuncu Əfv fərmanı Novruz bayramı ərəfəsində verildi və 423 məhbus azadlığına qovuşdu. Yəni, sonuncu Əfv fərmanından qısa müddət keçir, ona görə də belə qısa müddətdə növbəti Əfv fərmanının imzalanacağı o qədər də real görünmür. Lakin yenə də hər şey Prezidentdən asılıdır.

Ə.Nuriyev əfv sektoru, Əfv komissiyası katibliyinin hər gün işlədiyini də dedi:

- Bu günlərdə Əfv komissiyasının toplantısı olmayıb. Lakin Əfv fərmanı imzalandı, imzalanmadı, Əfv komissiyasının katibliyi onsuz da işləyir, müraciətlərə baxılır. Yəni, bu iş daim aparılır. Bilirsiz ki, cənab Prezident bu ilin fevral ayında penitensiar sahədə hüquqi islahatlara təkan verəcək sərəncam imzaladı. Azərbaycan dövləti cəza siyasətinin humanistləşdirilməsini prioritet sayır və görülən işlər də məhz bu istiqamətdədir.

Məlahət