Rasim İsmayılov siqaret alüdəçiliyinin səbəblərini sadaladı

Siqaretın satılmasına yaş məhdudiyyəti qoyulmalıdır



Milli Məclisdə «Tütün və tütün məhsulları haqqında» qanuna dəyişikliklərin müzakirəsi zamanı millət vəkilləri ağrılı mövzuya toxunublar. Millət vəkili Eldar Quliy ev siqaret çəkənlərin çoxalmasından narahatlıq ifadə edib. Millət vəkili hətta orta məktəblərdə qızlar arasında da siqaret çəkənlərin artdığını həyəcanla bildirib: «Hətta son zamanlar bizdə orta məktəblərdə qızlar arasında da siqaret çəkənlərin sayı daha da çoxalıb. Eyni zamanda siqaret çəkən qadınların da sayı durmadan artmaqdadır. Orta məktəblərdə buna qarşı kəskin mübarizə aparılmalıdır. Çünki kiçik yaşlarından siqaretə qurşanmış qızların gələcəkdə anna olmaq şansı da azalır». 

Millət vəkili Hüseynbala Mirələmov dövlət və özəl ali məktəblərdə tələbələrin dəhzlizdə siqaret çəkməsinə toxunub: «İnanın ki, adamın ürəyi bulanır» deyən H.Mirələmov siqareti Azərbaycan mentalitetinə yad olduğunu, siqaret reklamlarının qarşısının alınmasının vacibliyini qeyd edib. Millət vəkili Mahir Aslanov da siqaret reklamlarının qadağan edilməsini vacib sayıb. Millət vəkilləri cəmiyyətdə son illər siqaretə artan aludəçiliyin bir səbəbinin də təyin edilmiş cərimələrlə bağlı qanunun icra olunmamasını göstəriblər.

Həqiqətən də, 20-ci əsrdə siqaret çəkən qadın birmənalı «alçaq» hesab edilirdisə, 21-ci əsrdə deyəsən, siqaret çəkməyənlər «geridəqalmış» hesab edilir. Ən dəhşətlisi də elə budur. Xanımların siqaret çəkməsi artıq dəb halını almaqdadı və hətta «insan hüququ» kimi də qəbul edilir. «Çəkirəm, özümə ziyan edirəm, başqasına nə dəxli…» korazehin düşüncə sahibi olanlar da çoxdur.

Məsələyə münasibət bildirən "Siqaretsiz Həyat” İctimai Birliyinin sədri Rasim İsmayılov "Şərq"-ə söyləyib ki, orta məktəblərdə azyaşlı qızlar arasında siqaret çəkənlərin sayının artması məsələsini ümumiləşdirmək daha düzgün olardı: " Siqaret – bir az yüngül formada desək, məişət narkomaniyasıdır. Bu pis vərdişə ümumilikdə 14-15 yaşlı məktəblilərin aludə olması faktını Səhiyyə Nazirliyinin rəsmiləri də təsdiqləyir. Qeyd edim ki, 2005-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Tütünlə Mübarizə üzrə Çərçivə Konvensiyası qəbul edib. Ölkəmizdə tütünlə mübarizə istiqamətində görülən işlər mövcud konvensiyaya uyğun həyata keçirilir. 

Azərbaycanda azyaşlı məktəblilər arasında siqaret çəkənlərin sayının ildən-ilə artmasının kökündə məktəbdə siqaret əleyhinə təbliğat işlərinin aparılmaması, şagirdlər qarşısında müəllimlərin siqaret çəkməsi, siqaret çəkən şagirdlərə qarşı hər hansı bir inzibati cəza növünün olmaması, məktəblilərin boş vaxtlarının səmərəli keçməməsi, məktəblilərə müəllim-valdeyin nəzarətinin olmaması, şagirdlərə, azyaşlılara siqaretin satılması, cəmiyyətdə siqaret çəkən məktəblilərə qarşı qınaq metodunun olmaması kimi məsələlər dayanır. Təbii ki, bnlar mənim subyektiv fikirlərimdir. Məktəblilərin məişət narkomaniyasına aludəçiliyini yaradan xeyli səbəblər misal gətirmək olar. Siqaret çəkmək elə bir vərdişdir ki, onu zorla tərgitmək mümkün deyil. Bu, sırf insan iradəsinə bağlı olan bir amildir. Əgər məktəbdə şagirdlərin boş vaxtları səmərəli təşkil olunarsa, zərərli vərdişlər haqqında müxtəlif diskusiyalar aparılarsa, bu halda məktəbli siqaret çəkməyə vaxt tapmaz. Və ya bu, onun siqareti tərgizməsinə səbəb ola bilər. Məktəbli siqaret çəkməyə başlayıbsa, bu, ilk növbədə özünün, valdeyinin, məktəbin və cəmiyyətin günahıdır. Hər kəs gərək özü-özünü dərk elədiyi gündən sağlamlığına diqqət yetirsin. Bu halda o, cəmiyyət üçün yararlı insana çevrilə bilər. Unutmaq lazım deyil ki, siqareti tərgizmək, başlamaq qədər asandır".

R.İsmayılovun sözlərinə görə, söhbət yalnız məktəblilərdən gedirsə, bu zərərli vərdişin qarşısını almaq üçün məktəblərdə siqaret əleyhinə tədbirlərin keçirilməsi vacibdir:

 " İlk növbədə şagirdlər arasında siqaret əleyhinə mübarizəni gücləndirmək üçün müxtəlif idman oyunlarının, intelektual yarışların, rəsm, yazı müsabiqələrinin keçirilməsi kimi məsələlərlə onların asudə vaxtlarının səmərəli keçməsini təşkil etmək lazımdır. Ancaq bu, təkcə məktəblə bitən bir məsələ deyil. Məktəbli məktəbdən çıxandan sonra o məktəbli deyil. Ola bilər ki, məktəbli məktəbdə siqaret çəkmir, ancaq internetklubda hər hansı bir oyunu damağında siqaret oynamasa alınmır. Deməli, burada aidiyyatı orqanlar tərəfindən internetklublar nəzarətə götürülməlidir. Və ya azyaşlı (məktəbli) parkda, küçədə siqaret çəkirsə, deməli, siqaret satılmasına yaş məhdudiyyəti qoyulmalıdır... Xeyli misallar gətirmək olar. Bu, elə bir prosesdir ki, zəncirvari bir-birinə bağlıdır. Azyaşlıların bu zərərli vərdişdən əl çəkmələri və ya bu vərdişə başlamamaları üçün üçün ümumilikdə cəmiyyət – hər bir insan üzərinə düşəm işin məsuliyyətini hiss etməlidir. Bu isə əsasən məktəblilərin evdə, məktəbdə və cəmiyyətdə düzgün marifləndirilməsindən, düzgün tərbiyyə olunmasından asılıdır".


"Bu işdə valideynlərin üzərinə hansı məsuliyyət düşür?" sualına gəlincə, təşkilat sədri qeyd edib ki, siqaret və digər zərərli vərdişlərə meyl əsasən yeniyetməlik dövründən başlayır: 

"Çünki yeniyetmələr şəxsiyyətin inkişafı dövrünü keçirdiklərinə görə bu dövrdə ətrafdakı neqativ vərdişlərə daha çox meylli olur, özlərini bir növ böyüklərə oxşatmaq istəyirlər. Hər bir uşaq əsasən özündə ailə modelini formalaşdırır. Yəni, gözün açanda valdeyinini siqaret çəkən görürsə, o, düşünür ki, yəqin belə olmalıdır. Burada valdeyinin uşağı düzgün istiqamətləndirmək, tərbiyələndirmək, maarifləndirmək məsuliyyəti daha böyükdür. Valdeyini siqaret çəkməyən bəzi uşaqları isə cəmiyyət, – ətrafındakı dostlar formalaşdırır. İradəsi zəif olan uşaqlar bütün zərərli vərdişləri daha tez götürür. Bütün bu məsələlərdə yenə də məktəb, valdeyin və cəmiyyət birlikdə mübarizə aparmalıdır. Düşünürəm ki, bütün məsələlərdə olduğu kimi azyaşlıların məişət narkomaniyasına aludə olmamaları üçün cəmiyyətdə düzgün maarifləndirmə işi aparılmamlıdır. Bunun üçün isə bu işlə məşğul qlan təşkilatlara dəstək lazımdır".

Məlahət Rzayeva