Saakaşvili diqqəti özünə çəkmək istəyir

O, Ukrayna sərhədinə gələcək, amma ölkəyə buraxılmayacaq



Odessa vilayətinin keçmiş qubernatoru və Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili sentyabrın 10-da Ukraynaya qayıtmaq niyyətindədir. Bu barədə o, "facebook” sosial şəbəkəsində məlumat verib: "Bu gün elan edirəm ki, sentyabrın 10-da Polşadan Ukraynaya qayıdacam”. Bundan əlavə, Saakaşvili Ukrayna hakimiyyətindən xahiş edib ki, bu ölkəyə qayıdışı zamanı "sirk” yaratmasınlar.

Qeyd edək ki, iyulun 26-da Ukraynanın Miqrasiya Xidməti Prezident Petr Poroşenkonun Saakaşvilinin bu ölkənin vətəndaşlığından məhrum edilməsi barədə fərmanını nəşr edib. Saakaşvili hazırda Avropa İttifaqı ölkələrinə səfərə çıxıb və artıq Macarıstanda, Litvada, Polşada olub. Gürcüstanın keçmiş prezidentinin sözlərinə görə, o, həmin ölkələrə Ukrayna pasportu ilə gedir.

Odessa vilayətinin keçmiş qubernatoru Ukraynaya qayıtmaq niyyətini bir neçə dəfə bildirib.
Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin sentyabrın 10-da Ukraynaya qayıdacağına dair bəyanatını şərh edən politoloq Tofiq Abbasovun sözlərinə görə, Saakaşvilinin Ukrayna sərhədlərini keçib-keçməyəcəyinə dair dəqiq məlumatı ancaq Ukraynanın rəsmi dairələri verə bilər: 

"Biz isə sadəcə olaraq prosesləri kənardan müşahidə edirik. Saakaşvilinin Odessa vilayətinin keçmiş qubernatoru və Gürcüstanın sabiq prezidenti olduğunu xatırladan politoloq faktiki olaraq onun adi bir vətəndaş olduğunu və heç bir rəsmi statusunun olmadığını deyib. Ukraynanın Miqrasiya Xidməti onun vətəndaşlığını ləğv etdiyinə görə, deməli, Saakaşvilini persona non qrata kimi görür, onun Ukrayna hüdudlarında mövcudluğunu arzu etmirlər. Ancaq Mixail Saakaşvili mübariz xarakterə sahib olduğundan Ukraynanın Miqrasiya Xidmətinin xəbərdarlığına qarşı çıxmaqla yenidən bütün diqqətləri özünə yönəltmək istəyir.

T.Abbasov hesab edir ki, Saakaşvili dediyi sözü yerinə yetirib Ukraynaya qayıtmaq istəsə belə ölkənin Miqrasiya Xidməti bu məsələni siyasiləşdirmədən onu sərhəddən geri qaytaracaqlar və ölkəyə girişinin qadağan olduğunu diqqətinə çatdıracaqlar: 

"Lakin sabiq prezident bu məsələni siyasiləşdirəcək. Hər nə qədər Saakaşvili Ukrayna hökuməti üçün arzuolunmaz şəxs hesab olunsa da, müəyyən siyasi dairələrdə və ictimaiyyətdə özünəməxsus nüfuzu var. O, qubernator olduğu vaxtlarda Odessa vilayətində apardığı islahatlar, rüşvətin qarşısını almaq üçün atdığı addımlar və inqilaba verdiyi töhfələr fonunda kifayət qədər tərəfdar qazanmışdı. Ancaq daxili işlər nazirinin Arsen Avakovla arasındakı münasibətlər gərginləşdikdən sonra ona qarşı siyasi kampaniya başladı və onun Ukraynadakı varlığını qəbul etmədi. Saakaşvili isə Ukrayna vətəndaşlığı təsdiq edən sənədin onun əlindən qeyri-qanuni alındığını hesab etdiyi üçün öz mübarizəsini davam etdirir. Çalışır ki, siyasi elitanın, ictimai şəxslərin və beynəlxalq qüvvələrin dəstəyindın istifadə edərək öz haqlarının bərpasına nail olsun”.

Saakaşvilinin həm Gürcüstan, həm də postsovet məkanı üçün çox işlər gördüyünü vurğulayan politoloq İlqar Vəlizadə M.Saakaşvilinin Gürcüstan, Ukrayna və digər cəmiyyətlərə yeni idarəetmə formalarını təqdim edib və nəticədə illərlə formalaşan sistemin əleyhinə çıxdığını xatırladıb: 

"Hakimiyyət-xalq münasibətlərini möhkəmləndirən bir lider kimi Saakaşvilinin fəaliyyəti müsbətdir. Ona görə, həm Gürcüstanda, həm də Ukraynada hakim dairələr bundan narazı idi və Saakaşvilini səhnədən götürmək üçün zaman gözləyirdilər. Digər tərəfdən Saakaşvili ilk növbədə siyasətçidir. Onun fəaliyyət prinsipləri siyasi formalara, metodlara arxalanır. Siyasətçinin əsas resursu odur ki, hər zaman gündəmdə qalsın. Belə olmasa, siyasətçi unudulur. İndiki məqamda gündəmdə qalmaq da bir bacarıq tələb edir”. 

İ.Vəlizadənin sözlərinə görə, Saakaşvili tək deyil, onun arxasında Qərbin siyasi dairələri dayanır: 

"Belə olmasaydı, indiyə qədər ona qarşı müəyyən addımlar atılar, yaxud İnterpol vasitəsi ilə tutulardı. Onu Ukraynaya Barak Obamanın hakimiyyəti dövrünün siyasi qüvvələri gətirdilər. Amerikada hakimiyyət dəyişdikdə isə onun əsas havadarları meydandan çıxdı. Donald Trampın başı başqa məsələlərə qarışıb və Saakaşvili və Ukrayna ikinci plana keçib. Ukrayna siyasi hakimiyyəti də elə bu zamanı gözləyirdi ki, Saakaşvilini işdən çıxartsın. Pyotr Poroşenkonun və ailəsinin xüsusi biznesi var və onlar ənənəvi siyasəti inkar etmirlər. 

Saakaşvili isə bu partiya-oliqarx münasibətlərini ifşa edirdi. Ona görə, qubernatoru uzaqlaşdırdılar. Lakin hələ də Saakaşvilinin potensialı var və gündəmdə qalmağa çalışır. Onun arxasındakı qüvvələr də tam şəkildə səhnədən uzaqlaşmayıb. Onlar istəyərdi ki, Saakaşvili gündəmdə olsun və beləliklə, həm Ukraynanın, həm də Gürcüstanın daxili siyasətinə təsir göstərsinlər. Saakaşvili bunu bilir və istifadə edir. Ona görə, keçmiş prezidentin dəyişmək istədiyi sistem ona qarşı müqavimət göstərir”.

Şəymən