Şagirdlərin dərs yükünə parlamentdə etiraz edildi: “Bu günün şagirdlərindən nə hərbçi, nə əsgər olacaq

“Əvvəllər uşaqlar həm əylənəcəyə, həm idmana, həm də təhsilə vaxt ayırırdılar. Bu gün isə təhsil saatına görə, Koreyanı da keçmişik”Siyavuş Novruzov: “Artıq valideynlər uşaqlarına nəinki repetitor, hətta çanta daşıyan tutur. Çünki məktəblilərin çantasının çəkisi bu gün 12-14 kiloqramdır”
Bu gün parlamentin toplantısında "Ümumi təhsil haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb. Layihəni təqdim edən parlamentin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli bildirib ki, sənəd 5 fəsil 33 maddədən ibarətdir.
Qeyd edilib ki, bu sənəd Azərbaycan Konstitusiyasına uyğun olaraq, ölkəmizdə ümumi təhsilin təmin olunması sahəsində dövlət siyasətinin əsas prinsiplərini, ümumi təhsilin təşkilati-hüquqi və iqtisadi əsaslarını müəyyən edir. Qanun layihəsinə görə ümumi təhsil müəssisələrində tədris dili dövlət dili – Azərbaycan dilidir. Vətəndaşların və təhsil müəssisəsi təsisçilərinin istəyi nəzərə alınaraq, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşmaya uyğun olaraq, təhsil müəssisələrində tədris müvafiq dövlət təhsil standartları əsasında digər dillərdə də aparıla bilər. Tədris digər dillərdə aparılan ümumi təhsil müəssisələrində Azərbaycan dili, ədəbiyyatı, tarixi və coğrafiyası tədris olunmalıdır. "Ümumi təhsilin təşkili" adlı 13-cü maddəyə əsasən, ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qızıl və ya gümüş medalla təltif edilirlər. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş beynəlxalq fənn olimpiadalarının qalibləri istənilən ixtisaslar üzrə, respublika fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar. 
Sənədə görə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilən şəxs, ağır, xüsusilə ağır cinayət törətməsinə görə məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslər, fəaliyyət qabiliyyətsizliyinə və ya məhdud fəaliyyət qabiliyyətli olmasına, habelə barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olan şəxslər, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş siyahıda göstərilən xəstəliklərə görə pedaqoji fəaliyyətlə məşğul olmasına qadağa qoyulmuş şəxslər pedaqoji fəaliyyətlə məşğul ola bilməzlər. Həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi etik davranış qaydalarını pozduğuna görə, əmək müqaviləsinə xitam verilmiş pedaqoji işçi 1 il müddətində pedaqoji fəaliyyətlə məşğul ola bilməz. Bildirilib ki, ümumi təhsil müəssisəsi əlavə gəlir əldə etmək məqsədilə nizamnaməsində nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi sahibkarlıq fəaliyyəti növləri ilə (ödənişli təhsil xidmətləri, yardımçı təsərrüfatlardan əldə olunan məhsulların, şagirdlərin əl işlərinin satışından və icarədən əldə olunan gəlirlər və s.) məşğul ola bilər.
"Ümumi təhsil haqqında” qanun layihəsinin qəbuly lazımdır. Bu ciddi və vacib məsələdir. Təhsil elə sahədir ki, bütün Azərbaycan vətəndaşları bu sistemlə bağlıdır. Hesab edirəm ki, orta təhsil sistemi nisbətən sadələşdirilməlidir. Şagirdləri bu qədər yükləmək olmaz”. 
Bu sözləri müzakirə zamanı deputat Siyavuş Novruzov səsləndirib. Millət vəkili bildirib ki, bu gün məktəblərdə oxuyan şagirdlərdən nə hərbçi, nə əsgər, nə də hüquq-mühafizə orqanlarında çalışan çıxacaq: 
"Çünki, əvvəllər uşaqlar həm əylənəcəyə, həm idmana, həm də təhsilə vaxt ayırırdılar. Bu gün isə təhsil saatına görə, Koreyanı da keçmişik. Uşaqlar səhər saat 8-dən axşam 10-a qədər təhsillə məşğul olurlar. Hansısa dövlətin mexanizmini olduğu kimi tətbiq etmək olmaz. Artıq valideynlər uşaqlarına nəinki repetitor, hətta çanta daşıyan tutur. Çünki məktəblilərin çantasının çəkisi bu gün 12-14 kiloqramdır. Belə olan halda, aşağı sinif şagirdləri çantasını daşıya bilmir. Bununla bağlı qərar qəbul edilməlidir”.
S.Novruzov yeni məktəblərin tikilməsi məsələsindən də danışıb. Bildirib ki, yeni məktəblər tikilməlidir: "Amma harada? Elə ərazilər var ki, orada çoxlu sayda məktəblər var. Amma həmin məktəblərdə 3 uşaq oxuyur. Bunun həlli var. Kanadada, ABŞ-da kənar yerlərdə yaşayan uşaqları avtobusla məktəbə gətirirlər. Bizdə də bu tətbiq edilə bilər”.
Deputat özəl təhsil müəssisələrindəki qiymətlərlə bağlı məsələyə də toxunub: "Bu gün kim təhsil müəssisəsi tikirsə, özündən qiymət qoyur. Amma həmin təhsil müəssisəsi bununla bağlı bir dəfə də hesabat vermir. İstər ali, istərsə də orta özəl təhsildə hər kəs istədiyi qiyməti qoyur. Heç bir əsas da göstərmir ki, qiymətlər niyə belədir? Birinin qiyməti 1000, digərinin 5000, o birinin isə 7500 manatdır. Baxdıqda görürük ki, bahalı məktəblərin müəllimləri dövlət məktəblərində çalışan müəllimlərdən çox məvacib almır. Belə olan halda, o boyda maliyyə hara gedir? O maliyyə təhsilə gedirmi? Bunlar müəyyənləşdirilməldir”.
Müzakirələrdən sonra qanun layihəsi birinci oxunuşda səsə qoyularaq qəbul edilib.
Anar Bayramoğlu