"Heç nəyi hesablamadan hansısa bir ərazi üzrə marşrut xətti açmaq düzgün deyil"
Sərnişinlər nə vaxt rahat gedib-gələcəklər?
Rəsmilərin sözlərinə görə, bir-birini təkrarlayan marşrut xətt avtobuslarının sayı azaldılacaq
"Heç nəyi hesablamadan hansısa bir ərazi üzrə marşrut xətti açmaq düzgün deyil"
"Heç nəyi hesablamadan hansısa bir ərazi üzrə marşrut xətti açmaq düzgün deyil"
İctimai nəqliyyatın tənzimlənməsi və əhalinin narazılığına səbəb olan özbaşınalıqların aradan qaldırılması istiqamətində müsbətyönlü addımlar atılsa da, bir sıra problemlər hələ də aktualdır.
Söhbət bir-birini təkrarlayan marşrut xətlərindəki avtobus sürücülərinin dayanacağa tez çatmaq "yarışı"ndan gedir. Eyni hərəkət istiqamətində fərqli daşıyıcı şirkətlərə məxsus marşrut avtobusları əvvəllər də olub, indi də. Sadəcə əvvəllər bütün avtobuslarda ödəniş birbaşa sürücülərə edildiyi üçün burada sürücülərin daha çox sərnişin aparıb, əlavə qazanc əldə etməsi məsələsi daha çox qabardılırdı. Lakin gediş üçün ödəniş ancaq kartla olan bəzi avtobuslar arasında da bu "yarış”ın iştirakçıları az deyil. Sürücülərin burda hər hansı maddi marağı yoxdursa, niyə yenə də sürət həddini artırıb, dayanacağa tez çatmaq üçün digər avtobuslarla yarışa çıxırlar?
Hər il mərhələli şəkildə avtobus parkını yeniləməyə davam ediləcəyini vurğulayan Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli açıqlamasında bu məsələyə də toxunub.
Onun sözlərinə görə, şəhərin yüklənməsinə səbəb olmasın deyə, biri-birini təkrarlayan marşrut xətt avtobuslarının sayı azaldılacaq:
"Ölkə rəhbərliyinin istəklərindən biri də avtobusların sıxılmış təbii qazla işləməsidir. Bu həm də ekologiyanın çirklənməsinin qarşısını almaq üçün əhəmiyyətli addımdır. Bizim təklif etdiyimiz qanun layihəsində 2022-ci ildən ictimai nəqliyyatda sıxılmış təbii qazla işləyən, yaxud elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadə nəzərdə tutulur. Bu gün "BakuBus”da 302-ə yaxın avtobus var. Onların xəttə çıxma nisbəti 270-ə yaxındır. Digər 30-u qəzalar, problemlərin yaranma ehtimalı ilə bağlı ehtiyatda saxlanılır. Gətirəcəyimiz 300, bəlkə də bir qədər çox avtobus sıxılmış təbii qazla işləyəcək. Hər il mərhələli şəkildə avtobus parkını yeniləməyə davam edəcəyik. Mütəxəssislərimizin hesablamalarına görə, Bakı üçün 1700 avtobus lazımdır. Biz bunları 3 il ərzində reallaşdırmağı planlaşdırırıq. Bizim istəyimiz vətəndaşın rahat və təhlükəsiz şəkildə mənzil başına çatmasıdır. Hazırda daşıyıcılar bunu təmin edə bilmir. Edə bilmirsə, deməli, dövlətimiz bunun qeydinə qalacaq və tam nəzarətə götürəcək. Buna heç bir şübhəniz olmasın”.
Qeyd edək ki, dünya ölkələrində avtomobillərin qazla - sıxılmış qazla işlədilməsi praktikası mövcuddur. Dünyada 1 milyard avtomobil varsa, bunun 50 milyonu qazla işləyir. Ancaq bu üsulla daha çox yük avtomobilləri və fərdi maşınlar işlədilir. Məhz təhlükəlilik dərəcəsi nəzərə alınaraq ictimai nəqliyyatda qazla işləyən avtobuslardan istifadəyə nadir hallarda rast gəlinir.
Azərbaycan Texniki Universitetinin Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasının dosenti, nəqliyyat üzrə ekspert Fərhad Eyyubov "Şərq”ə açıqlamasında deyib ki, marşrut xətləri açılanda ilk növbədə sərnişin axınına diqqət ayırmaq lazımdır. Onun fikrincə, yeni marşrut xətlərinin açılması və onların hərəkət trayektoriyasının təyin edilməsi, eyni zamanda dayanacaqların müəyyənləşdirilməsi ciddi araşdırma tələb edən bir sahədir:
"Heç nəyi hesablamadan hansısa bir ərazi üzrə marşrut xətti açmaq düzgün deyil. Avtobusların sayı sərnişin axınına, onların tələbatına uyğun olmayanda əksər marşrut xətləri bir-birini təkrarlayır. Amma bu o demək deyil ki, kor- koranə şəkildə onların hansınısa ləğv etmək lazımdır. Həmin avtobuslar az olduqda sərnişinlərin tələbatı ödənilmir və onlar məcbur qalır, bir marşrutdan düşüb, digərinə minsin. Yaxud da başqa nəqliyyat vasitəsindən istifadə etməli olurlar. Hesab edirəm ki, üst-üstə düşən marşrut xətlərinin qarşısı keyfiyyətli formada alınmalıdır ki, sərnişinlər əziyyət çəkməsin. Çünki əks təqdirdə sərnişinlərin təyinat yerinə çatdırılmasında müəyyən çətinliklər yaşanır. Sözsüz ki, marşrutlar sərnişinlərin axın istiqamətinə uyğun seçilir və bu zaman həmin xətt üzrə hərəkət edən avtobusların keçdiyi yollara da fikir vermək lazımdır. Şəhərdə yüklənmə və tıxac yaranmasın deyə marşrutlar nisbətən enli küçələrdən keçməlidir”.
Paytaxtdakı nəqliyyat problemini aradan qaldırmaq üçün BNA-nın atdığı müvafiq addımları təqdirəlayiq hesab edən F.Eyyubov hesab edir ki, nəticənin effektiv olması üçün hərtərəfli ölçüb-biçmək, elmi cəhətdən üzərində işləmək lazımdır.
İctimai nəqliyyatda sıxılmış təbii qazla işləyən nəqliyyat vasitələrindən istifadəyə gəldikdə isə nəqliyyat eksperti bəzi xarici ölkələrdə belə bir təcrübənin mövcud olduğunu deyib. Onun sözlərinə görə, sıxılmış təbii qazla işləyən nəqliyyat vasitələrindən təhlükəsizlik qaydalarına və müasir standartlara uyğun qaydada istifadə edilsə, risk faktoru az olar: "İlk növbədə sürücü istifadə etdiyi nəqliyyat vasitəsinin sıxılmış təbii qazla işlədiyinin fərqində olmalı və ona uyğun hərəkət etməlidir. Həm də ki, şəbəkədə olan 5-10 faiz nəqliyyat vasitəsini ekoloji cəhətdən yüksək səviyyədə nizamlamaqdansa, nəqliyyat şəbəkəsində olan köhnə avtobusları xətdən uzaqlaşdırmaq lazımdır”.
Şəymən