Sərnişinlərin qəbulu üçün vağzal hazırdı

Bakı-Tbilisi-Qars qatarının yola düşməsinə az qaldı



Yanvarın 1-də Bakı-Tbilisi-Qars dəmiryolu xətti ilə sınaq qatarı yola salınacaq. AZƏRTAC-ın Anadolu agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Qars valisi Rəhmi Doğan bildirib.

Onun sözlərinə görə, Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin ilk mərhələsi bu ilin sonuna qədər tamamlanacaq. Yanvarın 1-də sınaq qatarı yola salınacaq və bununla da yeni ilin ilk günündə Bakı-Tbilisi-Qarsın açılışı həyata keçiriləcək.

"Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov "Şərq”ə açıqlamasında Gürcüstandakı işlərin artıq sona çatdığını bildirib: "Hazırda Azərbaycanın şərq və şimal-cənubi nəqliyyat dəhlizində işlər aparılır. Biz 2 layihə üzərində işləyirik. Bu layihə Azərbaycan dövlətinin vəsaiti hesabına aparılır. Gürcüstan tərəfdə olan işləri də biz həyata keçiririk. Demək olar ki, orda işlər tamamlanmaq üzrədi. Sadəcə bir az körpüdə işlər var. Yaxın zamanda onlar da yekunlaşacaq. Türkiyə tərəfi məlumat verib ki, ayın 1-də sınaq qatarını yola salacaqlar. Ancaq Gürcüstanda bəzi işləri tamamlayıb, 3 dəfə rels qatarı buraxmışıq və bunlar çox uğurla yerinə yetirilib. Dəmiryolları və stansiyalar tikilib, həmçinin elektrik təchizatı ilə rabitə-siqnalizasiya sistemi də yaradılıb. Axalkalaki stansiyası lüks terminala malikdir. Sərnişinlərin qəbulu üçün vağzal hazırdır. Türkiyədə gedən işlər barədə isə heç nə deyə bilmərəm”.

Qeyd edək ki, 826 kilometrlik Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinin inşası 2008-ci ildə başlayıb. Layihə sayəsində Asiya və Avropa arasında dəmir yolu ilə səyahətin müddəti 15 günə enəcək.

Yeganə Bayramova