“Siyasi məhbus” labirinti: bir irəli, iki geri

2 fərqli “siyasi məhbus” siyahısı hazırlayan
"5-ci kolon” təmsilçilərinin sosial şəbəkələrdəki söz duelində müxtəlif mətləblərin üstü açılır


Radikal müxalifət düşərgəsində ötən ayın ortalarından başlayan "siyasi məhbus” qovğası prosesə
daha çox iştirakçının qoşulması ilə yeni mərhələyə qədəm qoyub. Bəzi siyasilərin və "hüquqmüdafiəçiləri”nin aktiv rol aldığı bu yarışda tərəflər bir-birinə üstün gəlmək üçün bütün
arsenallarını səfərbər ediblər. Oktyabrın 17-də özlərinin 94 nəfərlik siyahısını təqdim edərək
rəqiblərindən bir addım önə keçən Xədicə İsmayıl və dəstəsinin qarşı tərəfin 166 nəfərlik
siyahısı ilə bağlı ittihamlarının ana xəttini bu ikitirəliyin Əli Kərimli tərəfindən salınması təşkil
edir. İsmayıl hesab edir ki, bu işlərin başında "ağılsız ambisioz” adlandırdığı Kərimli dayanır.
Radikal müxalifət düşərgəsində də ümumi yanaşma məhz bu yöndədir.


AXCP və "Milli şura”nın açıq mətnlə 166 nəfərlik siyahını dəstəkləməsi, Kərimlinin nəzarətində
olan "Azadlıq” qəzetində Xədicəgilin 94 nəfərlik siyahısının "iqnor” olunması, eyni zamanda,
ötən müddət ərzində hər iki tərəfə yaxın olan adamların dilindən səslənən fikirlər belə qənaətə
gəlməyə əsas verir ki, 166 nəfərlik siyahının təbliğatına qollarını çırmalayanlar məhz Ə.
Kərimlinin sifarişini yerinə yetirirlər. Eyni zamanda, 94 nəfərlik siyahı müəllifləri Ə.Kərimli və
Leyla Yunus tandeminin siyahısının qeyri-peşəkarcasına, əsaslandırılmamış məlumatlar əsasında
hazırlanması yönündə ictimai rəy formalaşdırmağa çalışırlar. Təbii ki, qarşı tərəf də boş
dayanmaq niyyətində deyil. Onlar bir gün gec açıqladıqları siyahılarına bəraət qazandırmaq üçün
Xədicəgilin dəstəsini hakimiyyətə işləməkdə ittiham edirlər. Qarşılıqlı söz duelinin əsas ünvanı
qismində isə sosial şəbəkələr çıxış edir. Odur ki, ötən həftə ərzində tərəflərin bir-birlərinə
ünvanladıqları "facebook” mesajlarına diqqət yetirməkdə fayda var. Bu, həm də "siyasi məhbus”
davasının alt qatında yatan səbəblərə işıq tutmaqda yardımçı olur.

Əvəz Zeynallının qrant etirafı: siyasi məhbus məsələlərinin arxasında böyük pullar var
Spot: "Eşidirəm ki, siyasi məhbus məsələlərinin arxasında böyük pullar var. İddia etmirəm ki,
pul yoxdur. Və bunu ölkəyə "vicdan dərsi” keçən adamlar edirsə, əxlaqsızlığın rəngi qıpqırmızı
olur”

Ə. Kərimli - L. Yunus cütlüyünün 166 nəfərlik siyahısının ən fəal təbliğatçılarından biri "Xural”
qəzetinin baş redaktoru Əvəz Zeynallıdır. O, "Yeni Müsavat” qəzetinə müsahibəsində siyahının
hazırlanmasında iştirak etmədiyini, sadəcə, təbliğinə qoşulduğunu dilə gətirib. Öz "facebook”
səhifəsində açılmış diskussiyalarda X. İsmayılın dəstəsinin ünvanına kəskin ittihamlar
səsləndirməsini və qarşı tərəfdə yer almasını Ə. Zeynallının köhnə düşmənçilikdən doğan
hesablaşması kimi qiymətləndirənlər də var. Bununla belə, hesab edirik ki, səbəb hər nə olursa
olsun, Ə. Zeynallının toxunduğu məsələlər müəyyən qədər aydınlaşdırıcı rol oynaya bilər. Belə
ki, "siyasi məhbus” oyununun arxasında sırf maddi maraqların dayandığını bu gün dünyada
bilməyən yoxdur. 

Siyasi proseslərdən az-çox başı çıxan hər kəs bu gün "siyasi məhbus”
bazarının yaxşı qazanc vəd etdiyini anlayır. Elə Azərbaycanda da bu biznesin tərəfləri üçün pul
qazanmaq istəyi birinci məqsəddir. "94”lüklərlə "166”lıqlar arasında gedən qızğın mübarizəni
məhz bu amillə izah etmək heç də əsassız yanaşma deyil. Ə.Zeynallının müsahibəsində
səsləndirdiyi fikirləri bu məsələdə etiraf kimi də qəbul etmək olar: "Açığı, bu qrant məsələsi ilə
hər yerdə qabaqlaşıram. Bu ölkədə böyük qrant mafiyası var. Özümü bir çox hallarda bu
mafiyanın əhatəsində hiss edirəm. Eşidirəm ki, siyasi məhbus məsələlərinin arxasında böyük
pullar var. İddia etmirəm ki, pul yoxdur. Və bunu ölkəyə "vicdan dərsi” keçən adamlar edirsə,
əxlaqsızlığın rəngi qıpqırmızı olur”...

Zaman tutarsızlığı: kim haqlıdır?

Hər iki tərəfin öz həqiqətlərini müdafiə etmək üçün istinad etdiyi məqamlardan biri də
siyahıların elan olunması tarixi ilə bağlıdır. Xədicə İsmayıl, onun dəstə üzvləri Rövşən Hacıbəyli
və Xalid Bağırov oktyabrın 17-də öz siyahılarını elan etdiklərini, bir gün sonra isə qarşı tərəfin
tələm-tələsik natamam siyahı hazırlamaqla özünü gülünc vəziyyətə qoyduğunu bildiriblər. Əvəz
Zeynallı isə adları sadalananların iddialarının doğru olmadığını, əslində, Xədicəgilin siyahısının
oktyabrın 20-21-də açıqlanmalı olduğunu bəyan edib: "Əvvəlcədən elan etmişdik ki, oktyabrın18-də siyasi məhbus siyahısını təqdim edəcəyik. Bizim dostlarımız tələm-tələsik bir gün əvvəl
siyahılarını təqdim etdilər. Bu, peşəkarlıq və qaydalara ziddir. Onlar ayın 20-21-də elan etməli
idilər”.

94 nəfərlik siyahının müəlliflərindən olan vəkil Əsabəli Mustafayev Ə. Zeynallının zaman
məsələsi ilə bağlı söylədiklərinə elə "Xural”ın baş redaktorunun "facebook” səhifəsində gedən
müzakirələrdə cavab verib: "Əvəz bəyin guya 166 nəfərlik siyahıdan sonra biz siyahı tutmuşuq
məlumatı yalandır. Bizim siyahı çoxdan hazır idi, lakin bəzi mübahisəli məqamlar olduğu üçün
yekunlaşdırmaq olmurdu”.

Rəsul Cəfərov da qarşı tərəfin iddialarını bu fikirlərlə yalana çıxarmağa çalışıb: "Siyasi
məhbuslarla bağlı sənəd bir gün və ya bir ayın içərisində hazırlanmış sənəd deyildi. Sənəd
oktyabrın 17-də elan olundu. Bu sənədin hazırlanmasına faktiki bir neçə ay əvvəldən
başlanılmışdı. Bununla bağlı konkret işçi qrupu olub. Bu qrup görüşlər keçirib, araşdırma
aparılıb və yekunda bu siyahı ortaya çıxıb”.

Tərəflərin tarix məsələsinin üzərində niyə bu qədər durduqlarının səbəbi bəllidir. Burada
auditoriyaya vermək istədikləri mesaj ondan ibarətdir ki, "vahid siyahı kimi bizim siyahımız
hazırlanıb, digəri isə onun əsasında meydana çıxıb”. Dava yenə, Ə.Zeynallının etiraf etdiyi kimi,
qrant davasıdır ki, ona görə də bu cəftədən bərk yapışıblar. Amma cəftə kimin əlində qalacaq,
onu az sonra daha aydın müşahidə edəcəyik.

Oktay Gülalıyev məlumat daşıyıb?

Spot: "Yekun siyahının hazırlanmasında Oktay Gülalıyev də son günlərə qədər iştirak edirdi.
Bizim heç xəbərimiz yox idi ki, o, bizim qrupda iştirak etməklə yanaşı, ayrıca siyahının üzərində
işləyir”

"Siyasi məhbus” vurhavurunun baş qaldırdığı ilk günlərdə Xədicə İsmayılın komandasının
hədəfindəki isimlər Ə. Kərimli və Cəmil Həsənli idisə, irəliləyən günlərdə bu siyahının
hazırlanmasında iştirak etdiyi iddia olunan "Milli şura”nın Koordinasiya Şurasının üzvü Oktay
Gülalıyevi də hədəf taxtasına yazdılar. Çünki onlar belə düşünürlər ki, Ə. Kərimli bu dəfə
şahmat taxtasında xarakteri tez-tez dəyişkənliyə məruz qalan Gülalıyevi piyada kimi irəli verib
ondan faydalanmaq istəyir. Amma qarşılıqlı atışmalardan aydın olur ki, köhnə KXCP-çi, hazırda
isə Kərimliçi olan bu siyasi dəllaldan faydalanmaq həvəsinə düşən təkcə AXCP sədri olmayıb.
Sən demə, O. Gülalıyev çox uğurla "kamuflyaj” olunaraq hər iki siyahının hazırlanmasında
iştirak edib. Vəkil Əsabəli Mustafayev bununla bağlı belə deyib: "Yekun siyahının
hazırlanmasında O. Gülalıyev də son günlərə qədər iştirak edirdi. Bizim heç xəbərimiz yox idi
ki, o, bizim qrupda iştirak etməklə yanaşı, ayrıca siyahının üzərində işləyir. Oktay bəyin və bəzi
şəxslərin rəyi bu idi ki, Nardaran işi üzrə tutulanların hamısı dərhal siyasi məhbus elan
olunmalıdır. Əsasən də vəkillər bunun qəti əleyhinə idi. Çünki bu şəxslər barədə bizdə heç bir
məlumat, sənəd yox idi. Siyahı isə hüquqi sənəddir və onun hazırlanmasında sənədlərə istinad
olunmalıdır. Bu şəxslərin çoxunun vəkilləri yox idi, hökmdən apellyasiya şikayəti verilməmişdir.
Hələ yazmadığım digər məlumatlar da var idi və bütün bunlar haqqında Oqtay bəy məlumatlı
idi”.

İndi X. İsmayılın dəstəsində belə bir şübhə hakimdir ki, O. Gülalıyev məqsədli şəkildə Kərimli
tərəfindən bu qrupun içərisinə daxil edilib və o, həm də məlumat daşımaqla məşğul olub. Əsabəli
Mustafayev həm də onu deməyə çalışır ki, 166 nəfərlik siyahı dəqiqləşdirilməmiş və yarımçıq
məlumatlara istinad edir.

O.Gülalıyev isə çörəklərinə şərik çıxmaq istəyənlərin qeyri-peşəkarlıqla bağlı iddialarını belə
cavablandırıb: "Baş vermiş hadisədən 11 ay ötməsinə baxmayaraq, kimsə Nardaran hadisələri ilə
bağlı həbs olunanlar haqqında məlumat toplaya bilməyibsə, bu, həm də onun problemi və qeyri￾peşəkarlığı, bu işə məsuliyyətsiz yanaşmasıdır”.

"5-ci kolon” təmsilçilərində indi də Türkiyə düşmənçiliyi zühur edibSpot: "Ömrü boyu siyasi sifarişlə işləyənlər, kimlərəsə xidmət edənlər elə zənn edirlər ki, başqaları da onlar kimi sifarişlə iş görürlər. Necə deyərlər, kar elə bilir hamı kardır”

Bizim üçün O. Gülalıyevin sosial şəbəkələrdəki diskussiyalar zamanı illərdir birgə addımladığı,
bütün fəaliyyətlərinə bələd olduğu keçmiş dost və indiki düşmənləri barədə söylədiyi fikirlər
yetərincə maraqlıdır: "Ömrü boyu siyasi sifarişlə işləyənlər, kimlərəsə xidmət edənlər elə zənn
edirlər ki, başqaları da onlar kimi sifarişlə iş görürlər. Necə deyərlər, kar elə bilir hamı kardır...”

Əlbəttə, bu debütant "hüquq müdafiəçisi”nin sözlərində həqiqət payı var. Çünki "siyasi məhbus”
alverçilərinin xaricdən gələn konkret sifarişləri icra etməsi şübhə doğurmur. Bu gün
O.Gülalıyevin həmin məqamı qabartması, sadəcə, məlumun elanıdır. Əslində, elə buna qədər də
sözügedən insanların "beşinci kolon” təmsilçiləri olması ilə bağlı ciddi fikirlər irəli sürülmüş,
onların anti-azərbaycançı mərkəzlərlə əməkdaşlığına dair sübutlar ortaya qoyulmuşdu.
Bildiyimiz kimi, bir neçə gün öncə Türkiyədə PKK terror təşkilatının təbliğatını aparmaq,
onlarla işbirliyində olmaq, terrorçu təşkilat yaratmaq və ya ona üzv olmaq ittihamları ilə
Xalqların Demokratik Partiyasından (HDP) olan bir neçə deputat həbs olundu. Uzun illərdir ki,
Türkiyə mediası və siyasi dairələr HDP-nin islamofob imperialist mərkəzlər tərəfindən qardaş
ölkəyə təzyiq vasitəsi kimi istifadə olunduğu, bu partiyanın həmin mərkəzlərin sifarişlərini
yerinə yetirdiyi barədə əsaslı fikirlər səsləndirib. 

Həmin imperialist mərkəzlərin Ankara hökumətinə qarşı təzyiqləri daha da artıb. Onlar açıq
mətnlə PKK terrorunu dəstəkləyən, əksər siyasi ekspertlər tərəfindən onun siyasi qanadı kimi
qəbul olunan partiyanın həbs olunmuş üzvlərini dərhal azadlığa buraxmağa çağırır, hətta
Türkiyədə davam edən hüquqi prosesə müdaxilə etmək istəyirlər. O mərkəzlər ki, vaxtilə
X.İsmayıla, L. Yunusa və digər "5-ci kolon” təmsilçilərinə müxtəlif adlar altında mükafatlar
vermiş, onların bu mərkəzlər qarşısındakı öhdəliklərini uyğurla yerinə yetirməsini qarşılıqsız
qoymamışdılar. Bu gün həmin mərkəzlərin qardaş Türkiyə dövlətinə qarşı apardıqları təzyiq
kampaniyalarına X. İsmayılın, Anar Məmmədlinin və digərlərinin açıq dəstək verməsi, özlərinin
sosial şəbəkələrdəki səhifələrində bununla bağlı çoxlu sayda statuslar paylaşması isə həm də o
reallığı ifadə edir ki, adları sadalanan "fəal”lar türk və müsəlman düşmənçiliyi aparan, dünya
erməniliyinə xidmət edən mərkəzlərlə işbirliyini davam etdirir, onların istənilən
kampaniyalarında canla-başla iştirak edirlər. Ona görə də Oktay Gülalıyevin Xədicə İsmayıl
dəstəsinin ünvanına "ömrü boyu siyasi sifarişlə işləyənlər, kimlərəsə xidmət edənlər” ifadəsi
işlədərkən nəyi nəzərdə tutduğunu anlamaq elə də çətin deyil. O, özünün də təmsil olunduğu "5-
ci kolon” təmsilçilərinin qardaş Türkiyəyə qarşı kininin məhz maddi maraqlara söykəndiyini və
bu qara piar kampaniyasının xarici maraq qruplarından alınmış təlimatlara əsaslandığını izah
etməyə çalışır. Amma bu diletantın da unutduğu bir məqam var ki, 3-5 nəfər riyakarın hər hansı
fikrinin cəmiyyətə heç bir təsiri yoxdur. Azərbaycan vətəndaşları dünyada baş verən hadisələri,
islam və türk düşmənçiliyinin kökündə dayanan səbəbləri çox gözəl dərk edir, bu tip oyunlara
qarşı istənilən platformada özlərinin mövqeyini ifadə edirlər. Bunu xədicələrin, anarların,
rəsulların sosial şəbəkələrdəki səhifələrində yazılan şərhlərdən də aydın görmək mümkündür.
Doğrudur, bu şərhlər çox qısa zaman sonra silinir və fikirlərin müəllifləri bloklanır. Görünür, bu
adamlara "tərbiyə verənlər”lə "Azadlıq” radiosunu, "Meydan” TV-ni, "Amerikanın səsi”ni
təlimatlandıranlar eyni şəxslər və ya mərkəzlərdir.
Amma fakt faktlığında qalır, bir daha təsdiq olunur ki, "5-ci kolon” üzvləri xaricdən aldıqları
sifarişlər üzrə fəaliyyət göstərirlər və bunu bəzən quyruğu qapı arasında qalan öz dostları dilə
gətirirlər.

Məgər bu siyahıları hakimiyyət hazırlayıb, ya da bununla bağlı hakimiyyət sifariş verib?
Radikal ünsürlərin ikrah doğuran pis bir mərəzi də var: nə zaman işləri düz getmirsə, ayaqları
büdrəyib üzüaşağı yumarlanmağa başlayırlarsa, dərhal "xoxan” axtarışına çıxır, günahı onun￾bunun üstünə atırlar. "Siyasi məhbus” qalmaqalı da bu sarıdan əlamətdardır. Ortada eyni
məqsədlə hazırlanmış iki fərqli siyahı var və bu siyahıların müəlliflərinin təxminən bir aya
yaxındır ki, bir-birlərinin ünvanına mətbuat orqanlarında, sosial şəbəkələrdə demədikləri sözlərqalmayıb. İndi düşüblər ki, sən demə, "günah həm hakimiyyətdə, həm də hakimiyyətin
trollarında” imiş. Əvvəlcə X. İsmayıl, sonra O. Gülalıyev, Ə. Zeynallı və digərləri olanların
səbəblərini hökumətdə axtarmağa başladılar. Onlar sosial şəbəkələrdə yazdıqları statuslarda
məhz bu iddia ilə çıxış etdi. İndi isə cəmiyyət üçün maraqlı olan müəyyən suallar meydana çıxır:
görəsən, hakimiyyətin bu prosesdə təqsiri nədən ibarətdir? Məgər bu siyahıları hakimiyyət
hazırlayıb, ya da bununla bağlı hakimiyyət sifariş verib? Bəlkə, xəbərimiz yoxdur, bu
"siyahıpərəstlər” "siyasi məhbus”larını hökumətə sırıyıb ondan qrant alacaqlar? Yoxsa X.
İsmayıla Ə. Kərimlinin ünvanına "ağılsız ambisioz” deməyi, O. Gülalıyevə isə qarşı tərəfi
"sifarişlə işləyən satqınlar” adlandırmağı hakimiyyət tapşırıb? Əlbəttə, bütün bunların cavabını
hamı yaxşı bilir. Radikallar "siyasi məhbus” labirintində bir irəli, iki geri vurnuxmaqdan
başlarını itiriblər. Çirkin mübarizələrini kiminsə ayağına yazmağa cəhd edənlərin özləri də dərk
edirlər ki, bu absurd iddiaları sabun köpüyündən başqa bir şey deyil və cəmiyyətdə ciddi qəbul
olunmur, elə qondarma "siyasi məhbus” siyahıları kimi.

Aqşin ŞAHİNOĞLU