Zahid Oruc: “Azərbaycan elitasının içərisində və müxalif düşərgədə anti-Rusiya mövqeyə malik insanlar çoxdur”
"İndiyə qədər çoxsaylı riyakar mövqelərin şahidi olmuşuq. Rusiyalı parlamentarilərin səsləndirdikləri isə onun davamıdır”. Bu sözləri "Şərq”ə millət vəkili, Milli Məclisin Müdafiə və təhlükəsizlik komitəsinin üzvü Zahid Oruc Rusiya Dövlət Dumasının üzvü Leonid Slutskinin Ermənistanda keçirdiyi mətbuat konfransında söylədiyi fikirlərə münasibət bildirərkən deyib.
Deputat qeyd edib ki, L.Slutskinin bəyanatını Kremlin mövqeyi ilə eyniləşdirmək doğru deyil: "Şimal qonşumuz regionun əsas siyasətini və iqtisadi həyatını müəyyənləşdirən dövlətdir. Onun üçün bölgə maraq zonasının subyektidir. Azərbaycan da daxil Cənubi Qafqazın Avropa Birliyi və yaxud Amerikanın nüfuz zolağına keçməsi Moskva üçün öldürücü zərbə sayılır. Belə olan halda rusiyalı deputat dərk etməlidir ki, Azərbaycana qarşı çıxışları yanlışdır. Fikir verin, Kremlin Ermənistan üzərində qurduğu kurs iflasa uğrayıb. Çünki rəsmi İrəvanın müttəfiq kimi səmərəsi yoxdur. Digər yandan bu da bir həqiqətdir ki, Moskva separatçı Ermənistanı bir çoğrafiya kimi itirmək istəmir. Əvəzində isə Ermənistandan bir-birinin ardınca zərbələr almaqdadırlar. Çünki Ermənistan Kremlə iqtisadi yükdür. Buna rəğmən rusiyalı siyasilər Ermənistanı dəstəkləmək mövqeyindən çəkilmirlər”.
Millət vəkili hesab edir ki, ikili standart sözü cəmiyyətin leksikonundan çıxarılmalıdır: "Bu sözü ikiüzlülüklə əvəzləmək lazımdır”.
Azərbaycanın regionda əsas sülh dövləti olduğunu iddia edən Z.Oruc vurğulayıb ki, Qafqazda Rusiyanın ziyanına işləyən dövlət Ermənistandır: "Qəsbkar ölkə heç bir parametr üzrə səmərə
vermir. Bu səbəbdən Slutskinin fikirlərini faciə kimi qəbul etməyin əleyhinəyəm. Rusiya ilə əməkdaşlığı davam etdirmək lazımdır”.
"Duma üzvünün açıqlaması Azərbaycan-Rusiya münasibətlərinin inkişafına zərbə bura bilərmi” sualına gəlincə, millət vəkili söyləyib ki, hər bir hakimiyyət siyasi qurumlar, QHT strukturları və cəmiyyətin iradəsinə söykənərək fəaliyyət göstərir: "Ölkəmizdə Moskvanın xeyrinə atılan addımlar mənfi reaksiyalar doğurur. Azərbaycan elitasının içərisində və müxalif düşərgədə anti-Rusiya mövqeyə malik insanlar çoxdur. L.Slutski kimilər buna təkan verirlər. Cəmiyyətdə hiddət doğuran reaksiyalardan sonra böyük strateji müttəfiqlik, iş birliyi və qardaşlıq haqqında protokollar imzalayıb, xalqın qarşısına çıxarmaq çətin olur. Əlbəttə, arzulayıram ki, bu kimi çıxışlar münasibətlərə zərbə vurmasın”.
Ayyət Əhməd