Son vaxtlar hərbi xidmətdən yayınma halları azalıb

Amma elə gənclər var ki, yaxşı bir yerdə işləyir. İşi əldən verməmək üçün orduda xidmətdən imtina edir




Azərbaycanın milli təhlükəsizlik naziri Eldar Mahmudov təhlükəsizlik orqanlarının yaranmasının 96-cı ildönümü münasibətilə keçirilən mərasimdə hərbi xidmətdən yayınma hallarına dair maraqlı məqama toxunub.

Nazir bildirib ki, ordudan yayınmaq məqsədilə saxta sənədlərdən istifadə edilməsi, ali təhsil haqqında sənədin saxtalaşdırılması və sair hallar müəyyən edilib. Onun sözlərinə görə, hazırda bütün bu faktlar barədə 14 cinayət işinin istintaqı aparılır.

Nazirin diqqət çəkdiyi məsələyə münasibət bildirən hərbi ekspert Azad İsazadə "Şərq”ə açıqlamasında söyləyib ki, son illər ölkəmizdə xidmətdən qaçma halları azalıb. Çünki hərbi qulluq keçməyənləri dövlət qulluğuna götürmürlər. Ekspertin qənaətincə, ordudan yayınmaq cinayətdir: "Doğrudur, hazırda da müxtəlif yollarla xidmətdən yayınanlar mövcuddur. Bunun da bir neçə səbəbi var. Baxın, cəbhə zonasında döyüşlər hələ də səngiməyib. Bəzi valideynlər bundan qorxuya düşüb, övladını xidmətə göndərmək istəmir. Üstəgəl, orduda neqativ hallar hələ də qalmaqdadır. Bundan əlavə elə gənclər var ki, yaxşı bir yerdə işləyir. İşi əldən verməmək üçün orduda xidmətdən imtina edir. Səbəblər çoxdur. Ordudan yayınma hallarına bütün ölkələrdə rast gəlmək mümkündür. Bir daha qeyd edim ki, ölkəmizdə bu neqativ tendensiya ortadan qalxmaq üzrədir”.

MTN-in sözügedən hallara qarşı mübarizəsinin nəticəsindən söz açan ekspert vurğulayıb ki, aparılan işlər belə halların sayını xeyli azaldacaq: "Çünki ordudan, əsgərlikdən çəkinmək qanunla cinayətdir. Gənclər bilsələr ki, xidmətdən qaçdıqlarına görə cəza çəkəcəklər, onda saxta və qanunsuz yollara getməyəcəklər”.

Ayyət Əhməd