“Qurtulun bu qadın paxıllığını çəkmək xəstəliyindən!”
“Bir qadın evinin xanımı olmaq yerinə səhər-axşam nəqliyyatda əziyyət çəkirsə, iş saatlarında ayaqları şişirsə, beyni yorulursa, bunu kefindən etmir”
Ağdam rayonunda orta məktəb müəlliminin həyat yoldaşı tərəfindən yandırılması cəmiyyətdə müəyyən müzakirələrə yol açıb. Qeyd edək ki, 1960-cı il təvəllüdlü Vəliyeva Kima həyat yoldaşı Bəndəli oğlu tərəfindən benzinlə yandırılıb. Aparılan araşdırmalar zamanı məlum olub ki, hadisə ərlə arvad arasındakı ailə münaqişəsi nəticəsində baş verib. Belə ki, zərərçəkmiş K.Vəliyeva həyat yoldaşını evdən qovmaq və onunla ayrılmaq istəyib.
Noyabrın 10-da tərəflər arasında yenidən mübahisə olub və K.Vəliyeva ərini evdən qovub. Həyat yoldaşının bu hərəkətinə əsəbiləşən İ.Vəliyev K.Vəliyevanın dərs vəsaitlərini yandırmaq istəyib. İ.Vəliyev kitabların üzərinə benzin töküb od vurarkən K.Vəliyeva ona mane olmaq istəyib. Hadisə nəticəsində K.Vəliyevanın əlləri və ayaqları yanıb. Faktla bağlı araşdırmalar aparılır. Maraq doğuran məsələ isə müzakirələr zamanı sosial şəbəkə istifadəçilərinin hadisənin mahiyyətindən uzaqlaşaraq mövzunun qadınların işləməsi üzərinə çəkilməsidir. K.Vəliyevanın həyat yoldaşını evdən qovmaq və onunla ayrılmaq istəməsi fonunda işləyən qadınlar tənqid atəşinə tutulub. Guya ki, iş qadınları ailəsinə, həyat yoldaşına qarşı biganələşir, bəzi hallarda isə evə çörək gətirir deyə ailədə liderlik "eşq”inə düşür. Bəs, ekspertlər necə düşünür? Qadınların işləməsinin ailə münasibətlərinə bu və ya digər formada mənfi təsirləri varmı?
"Sağlam Toplum” İctimai Birliyinin sədri, sosioloq Lalə Mehralı isə təəssüflə qeyd edib ki, bizim insanlar öz fikrini ölçüb-biçmir, başqasının fikrinin doğru olub-olmadığını hesablamadan təsdiqləyir, haqqında danışılan insanın kimliyi, xarakteri, mövqeyi barədə olar-olmaz danışır: "Sanki cəmiyyət ittiham etməyə insan axtarır, günah keçisi axtarır. Niyə kişi öldürəndə, yandıranda, döyəndə haqlı olur, öldürülən, döyülən, yandırılan qadın haqsız? Hamı bu dəqiqə fikir yürüdür ki, yəqin qadın əxlaqsız hərəkət edib, kişinin namusuna söz gətirib ki, o da qarşılığında belə qəddarlaşıb. Niyə heç kim olayın, hadisənin, vəziyyətin içini görmür? Müəllimə, həkim, mühəndis, deputat və daha nə vəzifələrdə işləyib bizim qadınlar, nə vaxt bu qədər azğınlaşıb onların əri? Yaxın keçmişdə nə qədər məşhur qadın alimlərimiz, doktorlarımız, professorlarımız olub, onların əri olmayıb bəyəm? Hamısı dul, boşanmış, ərsiz olub deyə karyera qurub? Onlarda eqo yüksəlmirmiş? Bütün cəmiyyətə səslənirəm - qurtulun bu qadın paxıllığını çəkmək xəstəliyindən! Bir qadın işləyirsə buna mənəvi, maddi ehtiyacı olduğu üçündür! Bir qadın evinin xanımı olmaq yerinə səhər-axşam nəqliyyatda əziyyət çəkirsə, iş saatlarında ayaqları şişirsə, beyni yorulursa, bunu kefindən etmir. O pul qazanmaq istəyirsə, burda pis nə var? Ailəsinə əlavə gəlir gələcəksə, niyə bunda bir qəbahət axtarırsınız? Onun ərinin kim olduğu barədə siz niyə fikir yürüdürsünüz bilmədən, düşünmədən?
Əslində məni narahat edən bir məsələ də bu mövzuda qadınların daha çox aqressiya nümayiş etdirməsidir. Ən çox da evdar xanımlar. Qadın öz qazancını görəndə mənən daha güclü olur, bunu ev xanımları daha yaxşı anlayar. Axı hər xərclədikləri manatı həyat yoldaşlarından almalı olurlar. Ya tənbəllikdən işləmək istəmirlər, ya həyat yoldaşı icazə vermir. O da oturub bütün günü işləyən qadının qeybətini etməklə məşğul olur. İşləyən qadın ailəsini unudur, evindən soyuyur, ərinə diqqət etmir kimi ittihamları bütün işləyən qadınlara şamil etməyin. Siz isti-yorğan döşəyinizdə xumarlananda o qadınlar sübh tezdən oyanıb bütün gün edəcəyi işləri 2 saata sığdırmağa çalışırlar. Məktəbə övlad yola salırlar, işə hazırlaşan ər üçün süfrə qururlar, günorta, axşam süfrəsi üçün xörək hazırlayırlar, hələ gün başlamamış onlar yorğunluğun pik həddinə çatırlar. Siz səhər yeməyinə saat 12-də oyananda, o, iş yerində tər tökür.
İşləyən xanımı əri də dəstəkləyirsə, işi daha rahat olur. Ər anlayır ki, xanımı ona və ailə büdcəsinə kömək üçün bu əziyyətə qatlanır. Hansı xanım istəməz ki, evində oturub hər şeylə təmin olunmağı? Təmin olunmursa, niyə otursun evdə o qadın? Övladı üçün, özü üçün maddi ehtiyacını ödəmək istəyirsə, burda nə qəbahət var?”
Şəymən