Tofiq Yaqublunun çağırışı eşidilmədi

Hüquq müdafiəçiləri İşçi Qrupunu tərk etmək niyyətində deyillər




Novruz bayramı ilə əlaqədar ölkə başçısı tərəfindən imzalanan əfv sərəncamı ətrafında söz-söhbətlər bitmir. Müsavat başqanının həbsdəki müavini Tofiq Yaqublu İşçi Qrupunda təmsil olunan hüquq müdafiəçilərini qurumu tərk etməyə çağırıb. Başqan müavini fikirlərini belə əsaslandırıb: "Artıq neçənci dəfədir ki, onların siyasi məhbuslarla bağlı tələblərinə məhəl qoyulmur”.

T.Yaqublunun İşçi Qrupunu tərk etmək çağırışına cavab verən hüquq müdafiəçiləri isə heç də fəaliyyətsiz olmadıqlarını, əksinə, öz missiyalarını layiqincə yerinə yetirdiklərini vurğulayıb.
İlk növbədə, tam səmimiyyəti ilə Tofiq Yaqublunun tezliklə azadlığa çıxmasını arzulayan Konstitutsiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev bildirib ki, onunla yanaşı digər hüquq müdafiəçiləri də Tofiq Yaqublunun və digər məhbusların öz azadlığına qovuşması ilə bağlı mümkün olan hər şeyi edir və etməkdə də davam edəcəklər: "Biz hər şeydən əvvəl yaşlı, səhhətində müəyyən problemlər olan məhbusların vəziyyətinin daha da yaxşılaşdırılması və onların əfv olunması ilə bağlı qərarların qəbul edilməsinə çalışırıq. Bu da müxtəlif vasitələrlə baş tutur. Təsadüfi deyil ki, İşçi Qrupu fəaliyyətə başlayandan ölkə başçısı tərəfindən imzalanan əfv sərəncamlarında hüquq müdafiəçilərinin təklifləri nəzərə alınır. Bəzi hallarda əfv sərəncamından bizim maksimal gözləntilərimiz olur və ya ola bilər. Amma bir şeyi unutmayaq ki, hər şeyin davamlı olaraq inkişaf etməsi daha vacibdir. Ümid edirəm ki, növbəti əfv zamanı İşçi Qrupunun siyahısına daxil olan daha çox məhbus azad olunacaq”.

Ə.Nuriyevin sözlərinə görə, İşçi Qrupunun əsas missiyası həbsdə olan insanların pozulduğu ehtimal olunan hüquqları ilə bağlı məsələni aidiyyəti qurum qarşısında qaldırıb aydınlaşdırmaq və məhbusların durumunun, saxlanma şəraitinin daha da yaxşılaşdırılmasına yönəlik təkliflər təqdim etmək, onların tezliklə azadlığa çıxması istiqamətində müzakirələr aparmaqdan ibarətdir: "İşçi Qrupunun mandatı humanitar əsaslar üzərində qurulub. Qrup məhkəmə orqanını və ya hər hansı dövlət qurumunu əvəz etmir və bu, mümkün də deyil. Biz sadəcə olaraq, məhbusların əfv olunması ilə bağlı proseslərin daha da sürətləndirilməsinə nail ola bilirik. Bütün bunlar da əlbəttə ki, qanunvericilik daxilində olmalıdır. Çünki İşçi Qrupu prezidentin və Avropa Şurasının baş katibi Torbörn Yaqlandın qərarları əsasında öz fəaliyyətini bərpa edib. Təbii ki, istənilən halda bizim fəaliyyətimiz haqlı və ya haqsız tənqidlərə məruz qalacaqdır. Bundan qətiyyən rəncidə deyilik”. Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı isə İşçi Qrupunu tərk etmək barədə düşünmədiyini qeyd edib: "Tofiq bəyə çox hörmət edirəm. Amma hələlik bu haqda düşünməmişəm. Düşünməmiş, məsləhətləşməmiş, arqumentlərə söykənməmiş qərar qəbul etmirəm. Hansısa bir quruma daxil olanda, yaxud ordan istefa verəndə həmişə qərarı rəhbərlik etdiyim təşkilat üzvləri ilə məsləhətləşirəm. Ona görə ki, mən məmur deyiləm, insan hüquqlarının müdafiəsi ilə məşğul olan ictimai təşkilat rəhbəriyəm. Yəni təşkilat bir özüm və papkamdan ibarət deyil ki, istənilən quruma daxil olum və təklif olanda o qurumdan çıxım”.

Digər hüquq müdafiəçisi Səadət Bənənyarlı da İşçi Qrupunu tərk etməyin çıxış yolu olmadığını bildirib: "Tofiq Yaqublunun müraciətini yaxşı anlayıram. Onların gözləntiləri İşçi Qrupundan böyükdür. İstərdik ki, böyük əfv olsun. Öz adıma deyə bilərəm ki, əgər İşçi Qrupunu tərk etməyimlə bütün problemlər həll olunsa, bu dəqiqə qurumu tərk edərəm. Amma bilirəm ki, bu, çıxış yolu deyil. Yenə də dialoq üçün bir müstəvidir. Əlimizdən gələni etməyə çalışırıq”.

Şəymən