Tramp-Putin görüşü vacibdir

Çünki hazırda ABŞ-Rusiya arasında bir çox məsələdə anlaşmazlıq var



ABŞ Prezidenti Donald Trampla Rusiya lideri Vladimir Putin arasında gözlənilən görüş baş tutmayıb. İki liderin Parisdə keçirilən Birinci Dünya müharibəsinin bitməsinin 100 illiyi ilə əlaqədar keçirilən sammitdə bir araya gələcəyi iddia edilirdi. Lakin iki ölkə rəhbərinin təması ayaqüstü salamlaşmadan o yana keçməyib. Rusiya XİN başçısı Sergey Lavrov isə açıqlamasında bildirib ki, Putinlə Trampın görüşü noyabrın 30-da "G-20” ölkələrinin sammitində reallaşacaq. Lavrovun sözlərinə görə, liderlər sammit çərçivəsində bir sıra mühüm məsələləri müzakirə edəcəklər. 

Ekspertlər hesab edir ki, Yaxın Şərq məsələsi, Ukrayna problemi, o cümlədən ABŞ-ın İrana və Rusiyaya qarşı sanksiyaları fonunda iki liderin təması xüsusi əhəmiyyət daşıyır. Ehtimal edilir ki, iki ölkə başçısının bir araya gəlməsi, regiondakı problemlərin müəyyən mənada həllinə səbəb ola bilər. 

Maraqla gözlənilən Putin-Tramp görüşünü "Şərq”ə dəyərləndirən siyasi elmlər namizədi Zaur Məmmədov deyib ki, ABŞ və Rusiya dünyanın ən güclü dövlətləridir. Buna görə də iki dövlətin liderinin görüşü problemlərin çözülməsi baxımından olduqca vacibdir: 

"Amerikada parlament seçkiləri başa çatıb. Yəni Prezident Tramp istədiyi şəkildə rusiyalı həmkarı ilə görüşə bilər. Bundan əvvəl iki ölkənin lideri bir neçə dəfə təmasda olublar. Putinlə Trampın biri-birinə simpatiya bəsləməsi açıq-aşkar görünür. Hətta Trampın Rusiya ilə bağlı atdığı hər müsbət addım Amerikada ciddi etirazla qarşılanır. Çünki ABŞ və Rusiya arasında həm Ukrayna, həm də Suriya məsələsində ciddi qarşıdurma və anlaşmazlıq mövcuddur. Əgər iki ölkə biri-birinə qarşı kompromisə getməzsə, münasibətlər daha da gərginləşə bilər. Əlaqələrin tezliklə normallaşacağı gözlənilmir”.

Ekspert bəyan edib ki, Amerika çox yumşaq şəkildə, lakin strateji hədəfləri önə çıxardaraq Rusiya sərhədlərinə yaxınlaşmaqdadır. 

Bu da təbii ki, Moskvanı narahat edir: "Hesab edirəm ki, hər iki ölkə bundan sonra da Ukrayna və Suriya məsələsində inadkarlıq nümayiş etdirəcəklər. Rusiyanın Ağ Evdən istəyi var. Moskva sanksiyaların aradan qaldırılmasını tələb edir. Əgər bu istək reallaşarsa və İran Suriyadan çəkilərsə, Vaşinqton-Moskva arasında ciddi razılaşmaların şahidi ola bilərik”.

İsmayıl