Türkiyə modelini əsas götürmək lazımdır

İctimai yerlərdə siqaret çəkənləri cərimələməyi bir orqana tapşırmaq effektli olmayacaq



"İctimai yerlərdə siqaret çəkənlərə qarşı tətbiq olunan cərimələrin mexanizmi necə olacaq? Mən bunu heç cür başa düşə bilmirəm. Bu günə qədər heç bir vətəndaş ictimai yerdə siqaret çəkdiyinə görə cərimə olunmayıb, çünki hələ də cərimə edəcək dövlət orqanı müəyyən deyil”.

Bu sözləri Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında deputat Hüseynbala Mirələmov "Tütün və tütün məmulatı haqqında” qanuna edilən dəyişikliyə münasibət bildirərkən deyib: "Keçən ildən İnzibati Xətalar Məcəlləsində ictimai yerlərdə siqaret çəkənlərə qarşı maliyyə cərimələrinin olması öz təsdiqini tapıb. Amma baxaq görək, bu günə qədər siqaretə görə kim cərimə olunub? Əlbəttə ki, heç kim. Axı siqaretə görə vətəndaşı hansı dövlət orqanı cərimə edir ki? Bu səlahiyyət hansı quruma tapşırılıb?”. Komitənin sədri Eldar İbrahimov deputat həmkarına belə cavab verib:

"Bu cəriməni müvafiq icra hakimiyyəti orqanı etməlidir. Biz bu quruma şərti olaraq müvafiq icra hakimiyyəti orqanı deyirik. Cərimələri kim yazacaq, onu hələ mən özüm də bilmirəm”. H.Mirələmov isə siqaretə görə cərimənin qanunda mexanizminin düzgün olmadığını vurğulayıb.

Məsələyə münasibət bildirən deputat Musa Quliyev layihə ilə bağlı kollegial qərarın qəbul olunmasını söyləyib. Onun sözlərinə görə, qanunda Türkiyə modeli əks olunarsa, daha yaxşı olar: "Əmək və Sosial siyasət komitəsində Tütün istehlakının məhdudlaşdırılması haqqında qanun layihəsi hazırlanıb. Qanun qüvvəyə minəndən sonra isə, onun tətbiqi mexanizmləri, siqaret çəkənlərə qarşı nəzarəti kimlərin aparacağı məsələləri müəyyənləşəcək. Subyektiv fikrim bundan ibarətdir ki, qanunun və onun tətbiqi ilə bağlı mexanizmləri hazırlayarkən Türkiyə modelini götürmək lazımdır. Çünki Türkiyə modeli kifayət qədər uğur qazanmış, hətta BMT-nin xüsusi mükafatını almış bir ölkədir. Bununla da, orada qısa müddət ərzində siqaret çəkənlərin qarşısı xeyli azaldı və bu sahədə mübarizə çox uğurlu şəkildə davam etdi. Qardaş ölkədə bu mübarizə kollegial şəkildə aparılır. Yəni, Türkiyənin hər hansı bir bölgəsində bu sahəyə vali nəzarət edir. Bizdə isə bu məsələyə nəzarəti icra başçısının verdiyi sərəncamla yaradılmış xüsusi komissiya edə bilər. Bu komissiyaya isə müxtəlif bölgədə çalışan səhiyyə strukturunun nümayəndələri, vergi, bələdiyyə və polis işçiləri daxil ola bilər. Müxtəlif sahələrdə çalışan bu insanlar informasiya alan zaman gedib müvafiq yerlərdə vəziyyəti yoxlamaq, aktlaşdırmaq və cərimə tətbiq etmək səlahiyyətinə malik ola bilər”.

Deputatın sözlərinə görə, bu məsələ bir orqana tapşırılsa, öhdəsindən gəlmək mümkün olmayacaq: "Çünki siqaret çəkilmə qadağan olunan yerlərin siyahısı o qədər genişdir ki, əslində Türkiyədə heç belə siyahı yoxdur. Orada bütövlükdə qapalı məkan anlayışı verilir və belə məkanlarda siqaret çəkilməsi qadağan olunur. Həmçinin, maliyyə mənbələri də axtarmaq lazımdır. Nəzarət edəcək olan müxtəlif sahə adamları başqa işdə işləyirlər və maaş alırlar. Bu işlə də məşğul olacaqlarsa, maliyyə mənbələri müəyyən edilməlidir. Mənbələrin də real yolu siqaret çəkənlərə qarşı mübarizədə cərimələrin müəyyən faizinin nəzarət edən şəxslərin əmək haqqına keçirilməsi ola bilər”.

Yeganə Bayramova