Ukraynaya savaş açmaq səbəbsiz deyil

Kremlin məqsədi Qərbin sanksiyaları səbəbindən ağır duruma düşmüş rus xalqının başını qatmaqdır



Ukrayna Prezidenti Pyotr Poroşenko Ali Radaya Rusiya ilə dostluq və əməkdaşlıq haqqında sazişin dayandırılması ilə bağlı qanun layihəsi təqdim edib. Bu barədə Ukrayna prezidentinin parlamentdəki nümayəndəsi İrina Lutsenko məlumat verib. Lutsenko parlamentin bu təşəbbüsə dəstək verəcəyinə ümid etdiyini vurğulayıb. Xatırladaq ki, noyabrın 25-də Kerç boğazı yaxınlığında Ukrayna ilə Rusiya gəmiləri arasında yaşanan insident tərəflərin münasibətlərini kəskinləşdirib. Həmin gün boğazı keçməyə cəhd edən Ukrayna gəmiləri Rusiya dənizçilərinin dayanma tələbinə məhəl qoymayıb. Bu zaman gəmilərdən biri talan edilib, onların saxlanılması üçün silahdan istifadə olunub. İnsident nəticəsində Ukraynaya məxsus üç gəmi saxlanılıb. 

Hadisə zamanı 3 ukraynalı hərbçi yaralanıb. Tərəflər baş verən hadisədə bir-birini ittiham edir. Ukrayna gəmilərin keçidi barədə Rusiyaya öncədən xəbərdarlıq edildiyini və dəniz gəmiçiliyi barədə bütün beynəlxalq normalara uyğun addımlar atıldığını deyir. Öz növbəsində Rusiya tərəfi Ukraynanı bilərəkdən provokasiya yaratmaqda, beynəlxalq qanunları pozmaqda və Rusiyanın ərazi sularına icazəsiz daxil olmaqda günahlandırır.

Tərəflərin gərginliyi ilə bağlı "Şərq”ə fikirlərini bölüşən ADP sədri, politoloq Sərdar Cəlaloğlu deyib ki, dünyada baş verən bütün hadisələrə bir rakursdan baxmaq lazımdır. Qlobal iqtisadi böhran getdikcə dərinləşməkdədir. Böhranın əsas əlaməti isə siyasi krizisə səbəb olmasıdır: 

"Ciddi iqtisadi böhran yaşayan dövlətlər üzləşdikləri çətinlikləri başqa ölkələrin boynuna atmağa çalışırlar. Məsələn, Amerikanın Yaxın Şərqdə apardığı müharibə, Rusiyanın Ukrayna daxil olmaqla bir sıra bölgələrdə yürütdüyü hərbi ritorikaya əsaslanan siyasət daxili iqtisadi-siyasi böhrandan yaxa qurtarmaq, auditoriyanın nəzərini başqa istiqamətə yönəltmək məqsədi güdür. Bəzən cəmiyyətdəki narazılıqları dəf etmək üçün belə addımlara ehtiyac duyulur və zamanla ənənəyə çevrilir. Misal üçün, Çar Rusiyası inqilabın qarşısını almaq üçün Birinci Dünya Müharibəsinə girdi, Sovet Rusiyası da məhz həmin səbəbdən Əfqanıstana savaş açdı. İndiki halda məqsəd Qərbin sanksiyaları səbəbindən ağır duruma düşmüş rus xalqının başını qatmaq, nəzərləri müharibə ehtimalına sövq etməkdir. Rusiya-Ukrayna arasında hərbi əməliyyatların başlayıb-başlamayacağını isə yaxın zaman göstərəcək”.

İsmayıl