Uşaqların “başında çatlayan” məktəbəqədərki təhsil...

Əjdər Ağayev: “Məktəbəqədər təhsil müəssisəsi az qala ibtidai sinfin funksiyasını üzərinə alır”



Təhsil İnstitutu həyəcan təbili çalıb. İnstitutun "3 və 4 yaşlı uşaqların məktəbəqədər təhsilə cəlb olunması layihəsi” üzrə yekun hesabatında qeyd olunur ki, 0-6 yaş arasında uşaqların böyük bir hissəsi məktəbəqədər təhsildən kənarda qalır.

Göstəricilər kənd və şəhər yerinə görə də dəyişir. Kənd yerlərində 1-5 yaşlı uşaqların 7, şəhər yerlərində isə 21 faizinin məktəbəqədər təhsil müəssisələrinə çıxışı var. Hesabatda bildirilir ki, aparılan tədbirlər nəticəsində məktəbəqədər müəssisələrdə təhsil alanların sayı artsa da, göstərici hələlik arzuolunan səviyyədə deyil. Və digər ölkələrdəki göstəricilərdən geri qalır.

Təhsil problemləri üzrə mütəxəssislər isə bu fikirdədir ki, uşaqların məktəbəqədər təhsil müəssisələrindən kənarda qalmasının başlıca səbəbi, məktəblə məktəbəqədər təhsil müəssisəsi arasındakı fərqin itməsidir. Valideynlər də məhz bu amili əsas tutaraq uşaqlarını məktəbəqədər təhsil müəssisələrinə aparmaqdan imtina edirlər. "Uşaq hazırlıq qrupunda, bağçada hərfləri, yazıb-oxumağı öyrənəcəksə, bəs məktəbə gedəndə nə edəcək?” deyən valideynlər məktəbəqədər müəssisəyə vəsait xərcləməyi əlavə məsrəf hesab edirlər. Amma məsələnin digər tərəfi də ibtidai sinif müəllimlərinin "hazırlıqlı uşaq” axtarışında olmasıdır. Son illərdə uşaqların birincə sinfə "hazır” gəlmələri dəb halını alıb. İbtidai sinif müəllimləri qrupuna hazırlıqlı uşaqları toplamağa çalışır. 

Uşaq gərək hərfləri də tanısın, yazmağı da bacarsın. Bəs müəllim dərs saatı ərzində nə işlə məşğul olacaq? Ayağını ayağının üzərinə aşırıb əyləşəcək?! Belə ziddiyyətlər, sonucda, yenə uşaqların "başında çatlayır”. Zərbə uşağa dəyir. Uşaq məktəbəqədər təhsil müəssisəsindən kənarda qalır. Məktəb şəraitinə hazır olmur.

Respublika Təhsil Şurasının sədri, təcrübəli pedaqoq Əjdər Ağayev məktəbəqədər təhsilin uşaqların tədrisi, təlim və tərbiyəsində böyük əhəmiyyət daşıdığını bildirdi:

- Sovet vaxtında da belə idi. Məktəblərdə hazırlıq qrupları vardı, məktəbəqədər yaşlı uşaqlar həmin qruplara gəlirdi, hazırlıq proqramı keçirdilər. İndi də nəzdində məktəbəqədər hazırlıq qrupları olan məktəblərimiz var. Adətən, bu hazırlıq qruplarına gələnlər sonra elə həmin məktəbin şagirdi olur. Bunun müsbət cəhəti odur ki, uşaq gedəcəyi məktəbi artıq tanımış olur. Məktəbə bələd olur. Təhsil İnstitutunun hesabatındakı rəqəmlərin nə dərəcədə doğru olduğunu deyə bilmərəm, amma uşaqların məktəbəqədər təhsilə cəlbolunma səviyyəsi həqiqətən də aşağıdır. 

Çünki valideynlər məktəbəqədər təhsilə maraq göstərmir. Valideynlər səhv olaraq bu fikirdədir ki, uşaq məktəbə gedəndə hər şeyi öyrənəcək. Məktəbəqədər təhsil müəssisəsinin funksiyası tamam başqadır. Məktəbəqədər təhsil müəssisəsi tədris vermir. Verməməlidir. Amma təəssüf ki, bəzən biz bunun əksini görürük. Məktəbəqədər təhsil müəssisəsi az qala ibtidai sinfin funksiyasını üzərinə alır. Təhsil qanununa görə, məktəbəqədər təhsil müəssisəsində uşaqların oyunu, təbiətlə, dünya ilə tanışlığı təmin edilməlidir. Sağlamlıq məsələləri uşaqlara öyrədilməlidir. 

Uşaqların ictimailəşməsi, kollektiv fəaliyyət prinsipləri aşılanmalıdır. Məktəbəqədər təhsil müəssisəsinin uşaqların sonrakı inkişaf pilləsi üçün əhəmiyyəti çox böyükdür. Amma, əlbəttə ki, təlim düzgün aparılsa. Məktəbəqədər təhsil müəssisəsi orta məktəbin, ibtidai sinfin funksiyalarını yerinə yetirməklə məşğul olacaqsa, təbii ki, onun daha heç bir üstünlüyü qalmayacaq. Uşaq üçün məktəbəqədər təhsil müəssisəsinə getmək o baxımdan vacibdir ki, uşaq orda kollektivdə birləşir, qarşıdakı məktəb həyatına alışır. Bəzən 1-ci sinfə aparılan uşaqların necə ağladığını, məktəbə getmək istəmədiyini, analarının ətəyini buraxmadığının şahidi oluruq. Bunlar hamısı, uşağın kiçik yaşlarından kollektivə, sərbəstliyə alışdırılmamasının nəticəsidir.

Ə.Ağayev orta məktəblərdə fəaliyyət göstərən məktəbəqədər hazırlıq qruplarının fəaliyyətinə də ciddi nəzarət edilməli olduğunu dedi:

- Elə məktəblərimiz var ki, orada məktəbəqədər hazırlıq qrupları fəaliyyət göstərir. Bəzi məktəblər isə şərait, texniki təchizat zəif olduğundan bunu təşkil edə bilmir. Amma məsələ təkcə texniki təchizatda, avadanlıqda, şəraitsizlikdə deyil. Təşkil edilmiş qruplarda iş necə gedir? O qruplarda mütəxəssislər çalışırmı? Təlim-tədris proqramının tələblərinə əməl edilirmi? Bax bu məsələlər daim gündəmdə olmalıdır. Məktəblərin nəzdində məktəbəqədər təhsil müəssisələrinin təşkilinə yardım edilməlidir və qruplarda ixtisaslı kadrların çalışması təmin edilməlidir.

Məlahət Rzayeva