Mehriban Zeynalova bu məsələdə ictimaiyyətin aktivliyinin vacib olduğunu vurğuladı
"Uşaq hətta valideyninin razılığı ilə əməyə cəlb edilibsə, o, bütöv iş günü deyil, yarım gün işləməlidir"
Əmək qanunvericiliyinə əsasən, uşaqların işə qəbul edilməsi üçün minimum hədd 15 yaşdır. Həmin yaşdan 18 yaşınadək olanlarla əmək müqaviləsi bağlanarkən onların valideynlərindən və ya övladlığa götürənlərdən (qəyyumlarından) birinin, yaxud qanunla onları əvəz edən şəxslərin yazılı razılığı alınmalıdır.
Bu fikir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 10 saylı regional bölməsinin Masallı şəhərində "Uşaq əməyinin istismarının qarşısının alınması” və "Qeyri-rəsmi məşğulluğun qarşısının alınması” mövzularında keçirdiyi maarifləndirici tədbirində vurğulanıb.
Qeyd edilib ki, 15 yaşına çatmayanların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb edilməsi hallarına görə İnzibati Xətalar Məcəlləsində cəza tədbirləri nəzərdə tutulub.
Tədbirdə uşaq əməyinin istismarı və məcburi əməyə cəlbetmə hallarına qarşı mübarizə, əmək münasibətləri sahəsində uşaq hüquqları barədə iştirakçılara geniş məlumatlar verilib.
"Qeyri-rəsmi məşğulluğun qarşısının alınması” barədə də söhbət gedib. Qeyri-leqal məşğulluğun işçilərin sosial-əmək hüquqlarının ciddi şəkildə pozulmasına səbəb olduğu və vergi-sığorta daxilolmalarına ciddi ziyan vurduğu qeyd olunub. İşəgötürənlərin belə hallara yol verməməsinin və əmək münasibətlərinə cəlb edilən hər bir işçi ilə əmək müqaviləsi bağlanılmasının vacibliyi vurğulanıb.
«Təmiz Dünya» İctimai Birliyinin sədri Mehriban Zeynalova «Şərq»ə açıqlamasında bu məsələdə ictimaiyyətin aktivliyinin vacib olduğunu vurğuladı:
- Əvvəla, onu deyim ki, uşaq hətta valideyninin razılığı ilə əməyə cəlb edilibsə, o, bütöv iş günü deyil, yarım gün işləməlidir. Bu da qanunun tələbidir. Amma əvvəlki illərlə müqayisədə uşaq əməyindən istifadə halları əhəmiyyətli dərəcədə azalıb. Vaxt vardı, avtobuslarda çağırışçılar, bazarlarda yük daşıyanlar arasında, avtomobil yuyulan yerlərdə, şadlıq evləri, çayxanalarda uşaq əməyinin istismarı hallarına çox rast gəlinirdi. İndi belə hallar azalıb. Çünki qeyri-hökumət təşkilatları, ictimaiyyət nümayəndələri ilə birgə gərgin müzakirələr aparıldı və bu sahədə ciddi ölçü götürüldü. Uşaqların əməyə cəlb olunması pis deyil, amma baxır, necə, hansı şərtlər daxilində. Ola bilər uşaq təsərrüfatda ailəsinə yardım etsin.
Amma bu, təhsil müddətində olmamalıdır, necə ki, sovet vaxtı xüsusən kənd məktəblərinin şagirdlərini toplayıb pambıq, üzüm yığımına aparırdılar. İndi ailə təsərrüfatları, kiçik sahibkarlıq subyektləri var və uşaqların ailələrinə yardım etməsi bu mənada başadüşüləndir. Lakin əlbəttə ki, tədris müddətində yox, tədris ili başa çatdıqdan sonra və rüblərarası tətillərdə. Amma burada da gərək valideyn uşağın hansı işdə çalışdırıldığına fikir versin. Məsələn, pambıq tarlasında uşağın işləməsinə imkan verilməməlidir, çünki pambığa kimyəvi maddələr vurulur, bu da uşaq orqanizmi üçün təhlükəlidir. Çox zaman valideynlər pambığın uşağa zərərlərini bilmir. Maarifləndirmə aparılmalıdır ki, valideyn xəbərdar olsun.
M.Zeynalova ictimaiyyətin Əmək Müfəttişliyinə kömək etməli olduğunu dedi:
- Biz bəzən haqlı-haqsız dövlət qurumlarını ittiham edirik. Əmək Müfəttişliyinin o qədər əməkdaşı yoxdur ki, polis kimi hər yerə nəzarət edə bilsin. Əmək Müfəttişliyi daha çox daxil olan məlumatlar, zənglərlə işləməlidir. İctimaiyyət olaraq biz harada qanunsuzluq, uşaq əməyinin istismarı halları ilə rastlaşırıqsa, Əmək Müfəttişliyinə məlumat verməliyik. Çoxumuz şadlıq saraylarında toy məclislərinə gedirik. Kim maraqlanır ki, orada rəqqasəlik edən balaca qızlarla əmək müqaviləsi bağlanıbmı, valideyninin razılığı varmı, o uşaqlar hansı şəraitdə işləyirlər, nə qədər əməkhaqqı verilir onlara. Kimə desən, üzünü çevirəcək ki, nə işimə qalıb, özləri bilər. Amma cəmiyyət olaraq belə hallara etiraz etsək, qanunsuzluğu üzə çıxarsaq, problem də həllini tapar. Dövlət qurumu iradə qoyur ortaya ki, bu mənfi hallara qarşı mübarizə aparmağa hazırıq. Biz də cəmiyyətin üzvü olaraq təpki göstərməliyik və qanunsuzluğun aradan qaldırılmasına yardım etməliyik. Gördüyümüz hallar barədə məlumat verməklə.
Məlahət Rzayeva