Uşaqlarınızın sevgi payını parçalamayın!

Türk psixoloqun tövsiyələri çox əhəmiyyətlidirValideyn bəzən elə kəlmələr işlədir ki, bu sözlər övladların gələcək həyatında dərin izlər buraxır
Türkiyə psixoloqları uşaqların təlim-tərbiyəsində, onların müsbət keyfiyyətlərə sahbilənməsində valideynlərin danışıq tərzinin böyük əhəmiyyət kəsb etdiyi qənaətindədir. Uzman psixoloq Aybən Ertəm ata-anaların uşaqlarla necə ünsiyyətdə olmaları, hansı kəlmələrdən çox, hansından az və ya ümumiyyətlə, istifadə etməməli olduqlarını bildirib.
Psixoloq qeyd edir ki, bəzi sözlər uşaqların hafizəsində yer edərək onların gələcək həyatında dərin izlər buraxa bilir. Hətta ziyansız, sadəcə, öyüd-nəsihət bilib doğru hesab etdiyiniz sözləri əsla uşaqlarınıza söyləməməlisiniz. Bunlar hansı kəlmələrdir?
Başlayaq...
Birinci: "Məni utandırma...”
Belə ağır bir ifadə ilə uşağın sakit durmasını tənbehləyə bilməzsiniz. Ancaq uşağınızın qəlbini qıra bilərsiniz. Uşağınız hər dəfə bu sözü eşitdikdə başqalarının gözündə daim özünə havadar axtaracaq və bu durum qarşıdakı illərdə onun romantik münasibətlərində ciddi problemlər yarada bilər.
İkinci: "Bunu etsən, səni çox istəyəcəm...”
Valideynlər uşaqlarını qeyd-şərtsiz sevməlidirlər. İlk baxışda normal, ağır görünməyən bu ifadə uşağınızın sizinlə aranızdakı möhkəm bağlara şübhə etməsinə və sonralar da bütün münasibətlərində hər şeyi şərtlərə bağlamasına səbəb ola bilər.
Üçüncü: "Tək bir kəlmə də eşitmək istəmirəm!..”
Uşaqlar bəzən həddən artıq yüksək səslə və lazımsız sözlər danışır. Amma uşaq özünü ifadə etməyə çalışırsa və ya, hətta sizə mənasız görünən suallar verirsə də, ona sədd qoymağa, mane olmağa çalışmayın. Çünki bu davranışınız gələcəkdə uşağın özünü ifadə etməkdən çəkinməsinə və həmçinin özünü sevilməyən uşaq hesab etməsinə yol açar.
Dördüncü: "Anan, atan kimisən...”
Bu kəlmə də uşağınızın ana, ya da atasıyla bölüşməsini, yaxınlaşmasını əngəlləyə bilər. Əsəbi tərzdə bu kəlməni söylədiyinizdə, fərqinə varmadan həyat yoldaşınızla aranızdakı problemə uşağı da daxil etmiş olursunuz. Və bu tərz davranış uşağın ana və ya atası barədə mənfi düşüncələrə sahiblənməsinə, hətta valideynlər arasında gizli bir seçim aparmasına - kimi daha çox sevim? Bənzədiyim anamı, ya atamı sualı qarşısında qoyub sizi bərabər sevgi payından məhrum edər.
Beşinci: "Yeməyini yeməsən, böyüməyəcəksən...”
Uşaqların səhv qidalanma adətinin təməli kiçik yaşlarda qoyulur. Lazım bilinən, faydalı qidaları uşağa zorla yedirməyə cəhd etməyin. Uşağı "bunu yeməsən, böyüməyəcəksən” deyə yeməklə manipulyasiya etmək, daha ağır nəticələrə- uşağın qidalara nifrətinin artmasına səbəb olur. Əksinə, uşağa faydalı qidaların faydasından danışmaq lazımdır. Heç bir halda neqativ, inkaredici şəkildə danışmayın. "Yeməsən, filan-filan olur” əvəzinə, "yeyərsən, belə-belə olar” - müsbət, yaxşı cəhətləri anladan sözlər deməlisiniz.
Altıncı: "Xalqın uşağı...”
Uşağı özünüzlə müqayisə etmək ziyanlı olduğu qədər, başqa uşaqlarla müqayisə aparmağınız da yanlışdır. Bu davranış uşağın dostlarıyla əlaqələrini düzgün qura bilməməsinə, qarşısındakını dost yox, rəqib kimi görməsinə, daha pisi, dostunun sahib olduğu səviyyəyə çatmadığı üçün özünü əksik görməsinə səbəb olar.
Yeddinci: "Mən sən yaşda olanda...”
Ata-anaların ən çox sevdiyi bu kəlmədir. Uşağı guya ki, tərbiyələndirmək istəyən, özünə oxşatmağa çalışan əksər valideynlərin dilinin gileyi məhz bu kəlmədir: "mən sən yaşda olanda...” Və başlayarlar özlərinin uşaqlıqda necə cəsur, döyüşkən, ya da sakit, sözəbaxan, dinc uşaq olmalarından, ana-atalarının sözünə qulaq asdıqlarından danışmağa. Belədə siz valideynlər uşağın özünə dəyər verməsini əngəlləyirsiniz. Uşaq yaxşı xüsusiyyətlərə sahib olmadığı fikrinə düşər. Bu durum uşaq yaşlarında çox da büruzə verilməz, amma böyüdükcə övladınızda başqalarına özündən daha artıq dəyər vermək xüsusiyyəti yaradar.
Məlahət Rzayeva