“PKK-çıların işğal edilmiş Azərbaycan torpaqlarına kütləvi axın etməsi həqiqət deyil”
“Onların hədəfi bizim torpaqlar olsaydı, o zaman işğalçı rejimlə danışıqlar apararaq birdəfəlik Dağlıq Qarabağa köçərdilər”
"PKK sürətlə İrandan, Rusiyadan və Türkiyədən işğal edilmiş Dağlıq Qarabağa köçür, burada yeni binalar inşa edirlər”. Bunu Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş mətbuat müşaviri Turqut Ər deyib:
"Bu, Azərbaycan üçün təhlükəli məsələdir, gec olmadan tədbir görülməlidir. Yoxsa rəsmi Bakı bu problemin altından çıxa bilməyəcək”. T.Ər bildirib ki, dünyada PKK-dan ancaq Türkiyəni və türkləri təhdid etmək məqsədi ilə istifadə edirlər: "Artıq bu, o qədər də asan olmayacaq. Çünki PKK bir terror təşkilatı kimi məhv ediləcək”.
Məsələ ilə bağlı "Şərq”ə danışan təhlükəsizlik üzrə ekspert İlham İsmayıl isə PKK-lıların işğal altındakı torpaqlarımıza kütləvi axın etməsinin həqiqəti əks etdirmədiyini deyib. Onun sözlərinə görə, PKK-nın hədəfi bizim torpaqlar olsaydı, o zaman işğalçı rejimlə danışıqlar apararaq birdəfəlik Dağlıq Qarabağa köçərdilər: "PKK-nın əsas hədəfi Türkiyədir, onlar Türkiyə ərazisində muxtariyyət, yaxud müstəqil dövlət qurmaq istəyirlər. Bu məqsədlə də kütləvi terror aktları törədirlər. PKK-çılar kütləvi şəkildə Qarabağa gəlsələr, təşkilat bununla öz əl-qolunu bağlamış olar. Axı Qarabağda nə edəcəklər? Onlara Qarabağ lazım deyil. O boyda yolu qət edib işğal altındakı torpaqlara gəlmək terrorçular üçün qətiyyən əlverişli deyil. Onu da vurğulamaq lazımdır ki, PKK terrorçuları Türkiyədən çıxmaq, qaçmaq niyyətində deyil. Uzağı, 10-15 nəfər terrorçu Qarabağa gələ bilər. PKK-nın Türkiyə ərazisində təlim keçmək üçün geniş kampları, məkanları var və orada özlərini çox rahat hiss edirlər”. Ekspertə görə, Ermənistan PKK-nı işğal altındakı ərazilərimizdə yerləşdirmək, onları yedirdib-içirtmək və Azərbaycana qarşı döyüşdürmək iqtidarında deyil: "Bu məsələ nə düşmən ölkəyə, nə də PKK-ya sərf edir. Artıq ABŞ başda olmaqla bütün ölkələr PKK-nı terrorçu təşkilat kimi tanıyırlar. Əgər ermənilər terrorçulara Qarabağda geniş yer versələr, özlərinə qarşı ən böyük kompromat hazırlamış olarlar”.
İsmayıl