Vəkildən SOS:"Bəzi işbazlar gizli şəkildə qumarxanalar işlədir"




"Qətli törədən şəxslə bərabər bu hadisənin törədilməsinə təsiri olan şəxslər də cinayət məsuliyyətinə cəlb olunmalıdır”.

Bunu Sherg.az-a qumar borcuna görə ata və anasını bıçaqlayan şəxsin cinayət işi barədə danışarkən vəkil İradə Cavadova deyib. 

O bildirib ki, qətli törədən Emin Sadıqova qumar borcuna görə kimlərin hansı vasitələrlə təzyiqlər göstərməsi araşdırılmalıdır:

"Ölkəmizdə qumar mərkəzləri, kazinolar yoxdur. Amma mərc oyunları-Topaz”, lotoreyalar fəaliyyət göstərir. Onlar isə tam qumar oyunu sayılmır. Dövlət hər zaman mərc oyunlarına da qarşı çıxır, ancaq lotoreyanın oynanılması, kompaniyalar qumara təşviq edir. Təbii ki, vətəndaş cəmiyyətləri, insanlar həmin mərc oyunlarının keçirilməsinə, qumarxanaların saxlanmasına etiraz edir. Bizdə qumarxanalar saxlanılmır. Amma bəzi işbazlar qeyri-rəsmi olaraq, gizli şəkildə qumarxanaları işlədirlər. Həmin şəxslər barəsində siqnallar daxil olarsa, hüquq mühafizə orqanları onların barəsində cinayət işi qaldırır və onlar təqsirləndirilən şəxs qismində mühakimə olunurlar.

Atasını bu problemə görə qətlə yetirən, anasını bıçaqla yaralayan həmin şəxsin psixoloji durumu yerində olmayıb. Məhkumluq həyatı yaşayan insana, ola bilər ki, qumar borcuna görə kimsə ona ciddi təzyiq edib ki, nəticədə o atasını öldürmək həddinə çatıb”.

Qeyd edək ki, Xətai rayonu Əbilov küçəsi ev 18/12 ünvanında yaşayan 30 yaşlı Emin Sadıqov külli miqdarda qumar borcuna görə atası 55 yaşlı Sadiq Sadıqovu bıçaqlayaraq öldürüb. Məlumata görə xeyli vaxtdır, mərc oyunları ilə məşğul olan Eminin külli miqdarda borcu yaranıb və bu borcu ödəmək üçün valideynləri ilə birlikdə yaşadığı evi satmaq istəyib.

Aysel Aslan