Vüqar Əbdülov: “Mətbuat çalışdı ki, Namiqlə aramızda gərginlik yaşansın”






Xalq artisti Aygün Kazımovanın doğum günündən sonra iki tanınmış meyxançı - Vüqar Əbdülov və Namiq Qaraçuxurlu arasında yenidən gərginlik yaşanır. Namiq Qaraçuxurlunun "İncəsənət adamlarının içində mənim fanatlarım çoxdur. Bəzisi etiraf edir, bəzisi bunu danır. Məndən sonra

gələn ifaçıların əksəriyyəti mənim fanatım olub. Məni efirdə görüb, bəyənib, davamçı olmağa çalışıblar.

Amma məşhurlaşandan sonra bunu danıblar” deməsi yenidən bu mövzunu gündəmə gətirdi. İfaçı həmkarı Vüqar Əbdülovun onun haqqında dediyi "Mən Namiqin fanatıyam. Amma Namiq aktyor deyil, ona bunu yaraşdırmıram. Sadəcə yaxşı davrana bilir, baxımlı sifəti, sevimli səsi var” sözlərinə cavab verib: "Gələn dəfə film təklifi alsam, Vüqarla məsləhətləşərəm. Əslində bir çox meyxanaçılar mənim fanatım olublar, etiraf etmirlər. Vüqar etiraf edirsə, sağ olsun. Onunla küsülülüyüm olub, amma ötüb-keçib. Bunun səbəbini açıqlasam, yeni küsülülük yarana bilər”.

N.Qaraçuxurlu bir çox meyxanaçı ilə arasında dava olduğunu etiraf edib: "Meyxanaçıların əksəriyyəti ilə konfliktim olub, aramızda düşmənçiliklər baş verib. Bu da "Rəvayət” klipindən sonra başlayıb. Uğurumu qəbul edə bilmirdilər. Sonra başladım konsertlər təşkil edib, meyxanaçıları bir araya yığmağa. İş yaxşı getdikcə, gördüm altdan işlər görüb, ayağımın altını qazmağa çalışırlar. Mən təkbaşıma onlarla mübarizə apardım. Fəxrlə deyirəm ki, qalib də gəldim. Bu günə kimi də Namiq Qaraçuxurlu adını qazandım. Bu da risk tələb edir. Gözümü yumub, risk edib, pul xərclədim. Ona görə də bu günə gəldim”.

Tanınmış meyxanaçı Vüqar Əbdülovun Namiqə cavabı uzun sürmədi. "Şərq”ə açıqlama verən Vüqar Əbdülov Namiqin söylədiyi mesajını cavabsız qoymadı: 

"Əvvəla bu söz-söhbətin başlanmasının da səbəbkarı mətbuat olub. Mənim onunla işbirliyimiz olmayıb. Münasibətim normal idi. Mətbuat çalışdı ki, aramızda gərginlik yaşansın. Çünki mətbuat bunu tələb edirdi. Onlara gündəm yaratmaq üçün mövzu lazım idi. Mən bu günlərdə Aygünün ad günündə olanda, maqazin proqramlarından biri məndən dönə-dönə xahiş etdi ki, kameralara "Mən Aygünü sevirəm!” deyim. Çünki bundan anons kimi istifadə edib, reytinq əldə etmiş olacaqlar. Mənim ifamda "Aygünü sevirəm” deməyim maqazinə lazım idi. Bu onların anonsunda səslənəcək səs-küylü bir kadr olurdu. Mən istəmirəm mətbuatla sərt danışım. Hər birinizə hörmətim var. Amma mənim sözümdən şou yaratmağınızı da istəmirəm”. 

Meyxana ustası Namiqin "Bəzi həmkarlarım mənim "Rəvayət”dən sonra uğurlarımı qısqandılar” fikrinə də Vüqar Əbdülovun cavabı oldu: 

"İndi Namiq bunu belə başa düşürsə, belə qəbul edibsə, bu onun öz işidi. Qaldı uğurlardan danışırıqsa, heç mənim də meyxana sahəsində uğurlarım az olmayıb. Mənim meyxana sahəsində gördüyüm işləri bu gün toylarda meyxana deyənlər xərcləyir. Bunu siz jurnalistlər də yaxşı bilirsiz. Mənə bu günlərdə sual verildi ki, niyə filmə çəkilmirsiz? Dedim yaxşı film olsa, çəkilərəm. Dərhal sual yaranır, Namiq çəkildi deyə çəkilərsiz? Axı mənim Namiqə qədər də çəkildiyim filmlərim olub. Qızıl Fondda mənim çəkildiyim "Sonuncu şahid” adlı 4 seriyalı filmim var. O vaxt Namiq filmə, seriala çəkilməmişdi də. Niyə mənim yaradıcılığımda ola biləcəkləri Namiqlə müqayisə etməyə çalışırlar? Bizim janrlarımız belə fərqlidi. Kimsə Namiqi ən yaxşı, ən birinci hesab edirsə, bu onun öz seçimidir. Amma mən özümü zəif meyxanaçı hesab etmirəm. Mənim meyxanada etdiyimi hələ çoxları etməyib. Mən heç kimdən arxada qalan sənətçi olmamışam, nə meyxanada, nə aktyorluqda. Sadəcə kimlər üçünsə meydan olub, işləyib, kiminçün isə o meydan, fürsət olmayıb. Burda şans məsələsi də özünü göstərib. Qaldı onun çəkildiyi serialla bağlı münasibətimə, mənə sual verildi, mən də cavab verdim ki, Namiqin vaxtilə heyranı və fanatı olduğu bir neçə nəfər mənimlə söhbət edəndə bildiriblər ki, o seriala qədər Namiqi əlçatmaz hesab edirdim. 

Meyxanaçı kimi onun fanatı idim. Amma o serialdan sonra Namiq mənim üçün adiləşdi. O serialdakı rolu Namiqi gözümdən saldı. Mən Namiqin fanatının sözünü demişəm. Yenə bunu da mənim adımdan təqdim etdilər. Amma bu sözlərin müəllifi mən deyiləm, onun fanatı deyib. 

Hətta fanatına da dedim ki, bəyənmədinsə, baxma. Namiqin fanatı da bildirdi ki, o seriala Namiqin eşqinə baxırdım, rolu onu mənim gözümdə ucuzlaşdırdı. Mən Namiqin aktyorluğu barədə nəsə deməmişəm. Mən onu niyə qısqanım axı? Mənim ifa janrım fərqlidir, onunku fərqli. Hərənin öz dəsti-xətti var, hərənin öz fanat ordusu. Bu gün Pərviz Bülbülə gündəmdədir. Düzdürmü? Bu gün onun dövranıdır. Necə deyirlər, hər aşiqin öz dövranı olur. İndi jurnalistlər də Pərvizlə kiminsə münasibətini gündəmə gətirirlər. Mənim şəxsi mənada heç kimlə düşmənçiliyim yoxdu. Kiminlə işləyirik bizə yaxın olur, kiminlə işbirliyimiz yoxdusa ondan uzağıq. Bu normaldı. Qaldı sizin dediyiniz kimi, mənim

Aygün xanımın ad günündə iştirakım bu məsələni yenidən gündəmə gətirmiş oldu. Mən və Pərviz Bülbülə Aygün xanımın dəvəti ilə ad günündə iştirak etmişik. Orda da soruşdular, dedim, Aygün xanımla Namiqin işbirliyi olub. Aygün xanım meyxana sənətinə dəyər verən insandı. Onun meyxana sənətinə dəstəyini qiymətləndirmişəm. Bu gün də ad gününə dəvət olunduğum üçün iştirak edirəm. Ata-babalarımızın bir fikri var, deyirlər ki, çağrılan yerə ar eləmə, çağrılmayan yeri dar eləmə. Dəvət olunmuşam, getmişəm. Bəli, əvvəllər olan ad günlərinə Aygün xanım məni dəvət etməyib, heç vaxt xanım sənətçinin ad günündə iştirak etməmişəm. Təbii ki, Namiqlə bir yerdə olanda, işbirlikləri olanda Namiq mənim orda iştirakımı istəməyib, nə də Aygün xanım dəvət edib. Bu gün dəvət olunmuşam, sənətçi dostumuzdu, qatılmışam. Bunu niyə bu qədər böyütdülər? Mən heç kimi qısqanmıram, buna ehtiyacım da yoxdu. Özümdən böyük sənətkarlara qibtə edirəm, gənclərə də hər zaman dəstək verirəm. Şükür ki, bu sahədə uğurlarım da az olmayıb. Hər kəsin işi avand olsun”.

Tahirə