Xəstəlik varsa, ölüm də var

Uşaq ölümlərində yerli poliklinikanın, sahə həkiminin günahı var
Şahvələd Məmmədov: “3-4 yaş arası uşaqlar arasında ölüm hallarının daha çox olmasının əsas səbəbi düzgün getməyən hamiləlikdir”


Qucağında körpəsi poliklinikaların qapısını açan anaları çoxmu görürük? Xeyr. Anaların sahə həkimlərinə, poliklinikalara etibarı azdır. Bizim cəmiyyətdə "poliklinika həkimləri zəifdir” təsəvvürü özünə möhkəm yer eləyib. Hətta "poliklinikadakı həkim nə bilir ee...” deyən valideynlər də çoxdur. Bəlkə buna görədir ki, kimin uşağı xəstələnirsə, həmən qucağına alıb "Qarayev xəstəxanası”na cumur.

Paytaxtda məhz bu xəstəxana məşhurdur. Başqa yerdə uşağının xəstəliyinə çarə tapmayan bu xəstəxanaya pənah aparır, amma elə vaxt olur ki, heç orada da uşağı sağalda bilmirlər. Ə.F.Qarayev adına 2 saylı Klinik Uşaq Xəstəxanasının baş həkimi Azər Xudiyev il ərzində xəstəxanaya qəbul edilən uşaqlar arasında 3-4 faiz ölüm hallarının baş verdiyini bildirib. A.Xudiyev qeyd edib ki, bu ilin 9 ayı ərzində xəstəxanaya 26 min xəstə müraciət edib, onlardan 7998-i stasionar müalicəyə qəbul olunub. Ötən ilin müvafiq dövründə isə 30 min xəstə müraciət edib və onlardan 10 mini stasionar müalicəyə qəbul edilib. Baş həkim qeyd edib ki, müraciətlər xəstəxananın profilinə uyğun olaraq somativ və infeksion profilli olur: "Somatik profilli xəstəliklərə tənəffüs yolları, ağciyər, pnevmoniya, kəskin bronxit, kəskin respirator xəstəliklər daxildir. İnfeksion profilə isə daha çox mədə-bağırsaq, bağırsaq infeksiyası ilə bağlı xəstəliklər aid edilir. Xəstəxanaya belə müraciətlər daha çoxdur”.

A.Xudiyev ötən illə müqayisədə ölüm hallarının statistikasında dəyişiklik olmadığını vurğulayıb. İl ərzində xəstəxanaya qəbul edilən xəstələrin 3-4 faizində ölüm hallarının baş verdiyini bildirən baş həkimin sözlərinə görə, ölüm halları daha çox kiçik yaşlı (3-4 arası) uşaqlarda müşahidə olunur. O əlavə edib ki, botulizmdən zəhərlənmə ilə bağlı bu ilin 9 ayı ərzində xəstəxanaya 9 uşaq daxil olub. Bu xəstəliklərdən ölüm hallarına çox rast gəlinsə də, həmin uşaqların hamısı sağalıb.

3-4 faiz böyük göstərici sayılmaz. Bəs, kiçik sayıla bilərmi? Pediatrlar hətta 1 faiz ölüm halının da əslində "böyük” olduğunu deyir. Həqiqətən də. 3-4 yaşına çatmış uşaq niyə hansısa xəstəlikdən vəfat etməlidir? Deməli, nələrsə tərs gedir. Nə?

Təcili Tibbi Yardım Stansiyasının həkimi Şahvələd Məmmədov "Şərq”ə açıqlamasında ölüm hallarının bir çox səbəblərdən baş verə biləcəyini dedi:

- Səhiyyə təşkilatlarını hər zaman narahat edən əsasən, 1 yaşadək uşaqlar arasında ölüm hallarıdır. Bu, artıq "ÇP” hesab edilir. Və səbəbləri ciddi araşdırılır. Bu, o deməkdir ki, ana hamiləlik dövründə tibbi nəzarətdən kənar qalıb. Vaxtlı-vaxtında müayinələrdən keçməyib, qan nümunələri götürülməyib. Dölün inkişafı düzgün izlənməyib və s. Əsas qadının hamiləlik dövründə lazımi tibbi nəzarətdən keçməsidir. Müxtəlif infeksion xəstəliklər keçirə bilər, bu da sonradan döldə patologiyaların yaranmasına səbəb olar. 3-4 yaş arası körpələrdə hər hansı xəstəlikdən ölüm halının baş verməsinin bir səbəbi də hamiləlik dövrü ilə bağlıdır. Bəzən döl ana bətnindəykən hansısa infeksion xəstəliyə, virusa yoluxur. Zaman keçdikcə, bu özünü körpənin səhhətində büruzə verməyə başlayır. Ona görə də hamiləlik dövrü ən məsuliyyətli dövrdür və analar bu dövrdə bütün zəruri tibbi müayinələrdən keçməli, lazımi müalicə almalıdırlar. 3-4 yaş arası uşaqlar arasında ölüm hallarının daha çox olmasının əsas səbəbi düzgün getməyən hamiləlikdir. Bundan başqa uşaqların qidalanması, uşaq qidalarının keyfiyyətsizliyi, körpənin vaxtında peyvənd edilməməsi, xəstəliyin ilkin mərhələdə aşkarlanmaması, ümumi immunsistemin zəifliyi körpələrimizi itirməklə nəticələnir. İmmunsistemin möhkəmliyi başlıca şərtdir. İmmunsistemi zəif olan körpə, təbii ki, tez-tez xəstələnəcək, xəstələndikdə gec sağalacaq, hər hansı virusa yoluxarsa, müalicə çətin olacaq. Yəni, körpənin sağlamlığı ananın sağlamlığı ilə birbaşa bağlıdır. Ana hamiləlik dövründə müayinə olunubsa, lazımi müalicə alıbsa, körpə də sağlam olacaq. Əks halda, uşaq tez-tez xəstələnəcək, zəif olacaq.

Ş.Məmmədov 30 min xəstə arasında 3-4 faiz ölüm hallarının olmasını böyük rəqəm hesab etmədiyini də bildirdi:

- Bu, böyük rəqəm deyil. Xəstəlik varsa, ölüm də var. Səbəblərə baxmaq lazımdır. Bəlkə körpə ağırlaşmış vəziyyətdə xəstəxanaya gətirilib və müalicə artıq effekt vermir. Xəstəlik fəsadlaşmış, ağır fazaya daxil olubsa, mənfi nəticə də gözləniləndir.

Bəs xəstə körpələr niyə daha çox "Qarayev xəstəxanası”na aparılır? Suala cavabında Ş.Məmmədov 2 saylı Uşaq Klinik Xəstəxanasının geniş profili olduğunu dedi:

- "Qarayev adına xəstəxana” tək deyil. 1 saylı da var, 2,3... 6, 8 saylı uşaq xəstəxanaları da. Məsələn, 6 saylı xəstəxana allergik və endokrinoloji xəstəliklər üzrə ixtisaslaşıb. 1 saylı əsasən infeksion xəstəliklərdir... Amma Qarayev adına 2 saylı xəstəxana mərkəzləşdirilmiş tibb müəssisəsidir. Ən çox profillər orda cəmləşib. Tibb Universitetinin kafedraları yerləşir bu xəstəxanada. Geniş və çoxprofilli olduğu üçün ağır vəziyyətdə olan körpələr əsasən ora aparılır.

Həkim qeyd etdi ki, körpənin xəstəliyinin ağırlaşmamasında sahə həkimlərinin məsuliyyəti böyükdür:

- Poliklinikalar bu işdə böyük məsuliyyət daşıyır. Sahə həkimləri var, onlar qeydiyyatda olan körpələri daim ziyarət edib yoxlamalıdır, valideynləri maarifləndirməli, məlumatlandırmalıdırlar. Körpələri peyvəndə cəlb etməlidirlər. Bir də görürsən, uşaq çatıb 3 yaşına, amma 1 yaşda edilməli olan peyvənd hələ vurulmayıb. Körpələrlə bağlı xüsusi proqram var, 1 yaşadək hansı peyvəndlər edilməlidir. Vaxtında peyvənd olunmayan körpə 5 yaşında göy öskürəyə yoluxursa, əlbəttə, ağırlaşa da bilər, fəsadlar da yaranar. Ona görə də körpələrin sağlamlığında, xəstəliklərə qarşı müqavimətli olmasında yerli poliklinikalar və sahə həkimləri məsuliyyət daşıyır.

Məlahət Rzayeva