"Xəzər dənizində təkanlar olmalıdır, olacaq da”- Rəsmi Açıqlama





"Xəzər dənizində baş verən zəlzələlərin narahatlıq yaratmasına əsas yoxdur. Bu təkanlar olmalıdır, olacaq da”.

Bunu Sherg.az-a son günlərdə Xəzər dənizi hövzəsində baş verən zəlzələlərin artmasına münasibət bildirərkən Respublika Seysmoloji Mərkəzinin direktoru Qurban Yetirmişli deyib. 

Onun sözlərinə görə, Xəzər dənizi həmişə aktiv seysmik region olduğundan zəlzələ ocaqlarının vaxtaşırı fəallaşması müşahidə olunur:

"Hətta Abşeronun və Bakı şəhərinin zəlzələ təhlükəsi Xəzər dənizində mövcud olan zəlzələ ocaqlarından gəlir. Ona görə, bu cür təkanların baş verməsi artıq normal qəbul olunur. Bəzi quru ərazilərdə, ölkənin şimal-qərb hissəsində, Talış bölgəsi, Şamaxı, İsmayıllı kimi digər ərazilərdə də belə aktivlik müşahidə olunur. 

Xəzər dənizinin özündə, Orta Xəzər, Cənub Xəzər, Şimali Xəzər hissələrində dərinlik qırılmaları ilə əlaqədar zəlzələlər tez-tez baş verir. Bəzən görürük ki, zəif və ya orta təkanlar qeydə alınır. Onların bəziləri hiss olunmasa da, qeyd etdiyimiz kimi seysmoaktiv bölgədirsə, bu hallar baş verməlidir. Dənizdə potensial gücə malik zəlzələ ocaqlarının olmağı davamlılığı təmin edir”.

Aysel Aslan