
Xəzər - intihar dənizi
Lalə Mehralı: “İntihar edənlərin əksəriyyətinin ictimai yerləri seçməsi isə əslində onların ölmək istəməsini göstərir”Dəyanət Rzayev: “Çox təəssüf ki, Azərbaycanda intihar edənlərin statistikası aparılmır”

İşsizlik, maddi imkansızlıq daha bir gənci intihara vadar edib. İntihar ünvanı isə dəyişməz olaraq qalıb - Bulvar. Bir çoxlarımızın əylənmək üçün üz tutduğumuz Milli Park əli həyatdan üzülən insanların intihar məkanına çevrilib. Metronun "Koroğlu” stansiyasının yaxınlığındakı körpülər hüquq-mühafizə orqanları tərəfindən nəzarətə götürülüb deyə, intihar edən insanların növbəti dayanacağı mavi Xəzərdir. Belə getsə, "intihar körpüsü”ndən sonra "intihar dənizi”miz də olacaq. Bəs niyə özünə qəsd edən insanlar adətən ictimai, insanların kütləvi toplaşdığı yerləri hədəf alır? Bu bir təsadüfdür, yoxsa...
Qeyd edək ki, Xaçmaz rayonunun Həsənqala kənd sakini, 1989-cu il təvəllüdlü Murtuzov Yusif İsaməddin oğlu özünü Dənizkənarı Milli Parkın ərazisində dənizə atmağa cəhd edib. Yaxınlıqdakı şəxslər Y.Murtuzovu niyyətindən daşındırıblar və o, polis bölməsinə aparılıb.
Bölmədə izahat yazan 26 yaşlı oğlan işsiz olduğuna və rayona getməyə pulu olmadığına görə intihar etmək istədiyini deyib.
"Sağlam Toplum” İctimai Birliyinin sədri, sosioloq Lalə Mehralı hesab edir ki, sosial faktorların intihara səbəb olması faktını inkar etmək olmaz. Onun sözlərinə görə, sosial sıxıntısı olan, problemi olan insanlar bir çox hallarda intihara əl atır, amma bütün intiharlarda bunun səbəb göstərilməsi doğru deyil: "İnsanlar müxtəlif səbəblərdən intihar edə bilər, psixoloji-ruhi gərginlik yaşayanda da, ani bir istəklə də. 25-26 yaşlı oğlanın intihar etmək istəməsi əlbəttə, ağrılıdır. Bu yaşda o, həyat eşqi ilə dolu olmalıdır, nəinki ölmək barədə fikirləşməlidir. İşsiz və pulsuz olduğunu deyib, bilmək olmaz ailə vəziyyəti necə olub, amma rayona getmək üçün elə rayondakı ailəsi də kömək edə bilər, bilet pulunu ala bilərdilər. Ən uzaq rayonlara gediş haqqı 10 manatdır, bu o qədər də böyük məbləğ deyil. Fikrimcə, onu intihara sürükləyən başqa səbəb olub, işsizlik və pulsuz olması da buna təkan verib. Yəni rayona getmək istəyi və gedə bilməməyi onda ölmək hissi yarada bilməz, bu, başqa hansısa müşkülün həll edilə bilməməsi zamanı insanda yaranan ruh düşkünlüyünə və çarəsizliyə təkan verə bilər ki, intihar barədə fikirləşsin. İntihar edənlərin əksəriyyətinin ictimai yerləri seçməsi isə əslində onların ölmək istəməsini göstərir. Yəni intihar barədə fikirləşirlər, amma nəticəsinin ölüm olmağını istəmirlər. Çünki intihar zamanı səslərini cəmiyyətə çatdıracaqlarını düşünürlər, problemlərini ölkənin bilməsini və bir həll yolu tapılmasını istəyirlər. Fikir vermisinizsə, bu cür intiharı seçən insanlar çox zaman fikrindən daşınır, ya da elə yerdə intiharı seçirlər ki, nəticəsi xəsarət olsun, ölüm yox. Onlar yaşamaq istəyirlər, amma bir anlıq ruh düşkünlüyü, çarəsizlik gözlərini qaraldır. Gənc qismin nəyisə çarəsizlik, ümidsizlik hesab etməsi isə ayrı bir mövzudur. 25-26 yaşlı gənc fiziki olaraq hər işi görə biləcək imkanlara sahibdir, depoda yük daşıya bilər, çörəkxanalarda ocaqçı işləyə bilər, reklam şirkətlərinin broşürlərini paylaya bilər, anket sorğuları keçirən firmalarla əməkdaşlıq edə bilər. Əslində iş tapmaq o qədər çətin deyil, məsələn, mənim yaşadığım küçədə bu səhər 3 elana rast gəlmişəm - əczaxananın deposunda dərman qutularını daşıyacaq fəhlə - 300 manat, çörək sexinə fəhlə - 350 manat, tikinti lavazimatları satılan mağazaya qarovul - 300 manat. Bu cür elanlar çoxdur, iş axtaran üçün tapmaq olur. Yenə də deyirəm, bilmək olmaz o gənci intihara nə sürükləyib, amma rayona gedə bilməməsi üçün intihar etmək istəyi bir az inandırıcı gəlmədi”.
İnsanların özünü atmaq üçün dənizi və ya körpünü seçməsinə gəldikdə isə psixoloq Dəyanət Rzayev deyib ki, bu, daha çox onların xarakteri ilə bağlıdır: "Məsələn, hündürlük qorxusu olan biri heç vaxt intihar etmək üçün hündürmərtəbəli bina və ya körpünün üstünə çıxmaz. Eləcə də, sudan qorxan insanlar heç vaxt özlərini dənizə atmırlar. Özünü asmaq isə ən eybəcər və üfunətli ölüm forması olduğu üçün təmizliyə həssas olan insanlar bu yola əl atmırlar. Çünki insan özünü asan zaman onun daxilindəki bütün çirkab ifraz olunur”.
İnsanların özünü öldürmək üçün insanların kütləvi toplaşdıqları ictimai yerləri seçməsinə gəldikdə isə psixoloq deyib ki, bu o deməkdir ki, o insanlar hələ də ölmək istəmir. Həyatdan bezən, ölmək istəyən insanlar adətən insan olmayan, sakit yerlərdə intihara əl atırlar. İntihar üçün ictimai yerləri seçənlər isə ölmək yox, öz problemlərinə diqqət cəlb etmək istəyirlər. Bunun da səbəbi Azərbaycan cəmiyyətinin biganələşməsidir: "Əvvəllər nadir hallarda biz intihar hadisəsinə rast gəlirdik. 90-cı illərin pulsuzluq, aclıq olan dövrlərində belə insanlar çıxış yolu kimi intiharı seçmirdilər. Hesab edirəm ki, son illərdə intihar hadisələrinin geniş vüsət alması sosial ədalətsizliklə bağlıdır. Az qala həftədə bir insan kredit borclarını qaytara bilmədiyi üçün özünü dənizə atır, yaxud da "intihar” körpüsünə çıxır”.
Psixoloqun sözlərinə görə, gənc insanlar öz gələcəklərini görmədikləri üçün intihar yolunu seçirlər: "Azərbaycanda belə bir fikir formalaşıb ki, qabağa getmək üçün gərək arxanda adamın ola. Amma 90 faiz insanların arxasında heç kəsi yoxdur. İnsan həmişə ümidlə yaşayır. Üç faktor var ki, insanı uçuruma aparır. Ümidsizlik, qorxu və qeyri-müəyyənlik. Ən çox qeyri-müəyyənlik insanı bu cür addımlar atmağa vadar edir. Amma dünyanın heç bir ölkəsində kredit borclarına görə intihar edən yoxdur. Deməli, bu problemin kökü Azərbaycan cəmiyyətinin özündədir. Bu isə həddindən artıq pis haldır. Deməli, məsələnin həlli dövlət proqramından və profilaktik tədbirlərdən asılıdır”.
D.Rzayevin sözlərinə görə, intiharların qarşısını almaq üçün profilaktik tədbirlər görülməsə, intiharlar epidemiya kimi yayılmaqda davam edəcək: "Bu səbəbdən də sosial strukturlar bu işlə məşğul olmalıdır. Psixi sağlamlıq haqqında qanun qəbul edib, insanları intihara vadar edən səbəbləri aradan qaldırmaq lazımdır.
Səhiyyə, Gənclər, İdman, Mədəniyyət və Daxili işlər nazirlikləri bu işlə məşğul olmalıdır. Birinci növbədə isə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi birbaşa bu halları nəzarətdə saxlamalıdır. Əfsuslar olsun ki, bu strukturların heç biri bu işlə məşğul olmurlar. Göz görə-görə gənclərin intihara əl atması, özlərini öldürməsi heç kəsin vecinə deyil. Azərbaycanda bir-iki qeyri-hökumət təşkilatı var. Bu işlə ancaq onlar məşğul olur. Bir də bu problem medianın diqqətindədir. Amma onların da imkanları çox məhduddur. Azərbaycanda adi bir problemin həlli üçün insanları get-gələ salırlar. Bu bürokratik sistem insanları intihara aparan səbəblərdən biridir. Bəzən olur ki, hansısa məmur öz təşəbbüsü ilə kiməsə yardım etsin. Amma bütövlükdə profilaktik tədbirlər yoxdur.
Bu gün sosial şəbəkələrdə kifayət qədər insanlar var ki, öz problemlərini paylaşır, kömək gözləyirlər. Amma heç bir aidiyyəti qurum onların müraciətinə adekvat cavab vermir. Son nəticədə də həmin insanlar məcbur qalıb, intihara əl atacaqlar. Bu isə artıq faciə deməkdir. Halbuki onların məqsədi heç də özünü öldürmək olmur. Sadəcə öz problemini insanların diqqətinə çatdırmaq istəyirlər. Çox təəssüf ki, Azərbaycanda intihar edənlərin statistikası aparılmır. Bu statistika aparılsa, haradasa bunun qarşısını almaq və profilaktik tədbirlər görmək olar. Yeganə bir mərkəzləşdirilmiş qurum yoxdur ki, intiharları araşdırıb öyrənsinlər. Bu, konkret sosial-psixoloji bir haldır. Bu, hansısa xəstəliklə bağlı deyil”.
Şəymən