Yeni qanun hazırlanır

Hərbi vəziyyətin elan olunması 72 saatdan 48 saata endirildiZahid Oruc: “Biz təklif etdik ki, dövlətin yaratdığı lokal silahlı birləşmələrdən başqa, heç bir silahlı birləşmələrin fəaliyyəti tanınmasın”
Üzeyir Cəfərov: "Ölkənin 3 gün
müddətində hərbi vəziyyətə gətirilməsi
bizim üçün artıq vaxt itkisidir”
Azərbaycanda "Hərbi vəziyyət haqqında” yeni qanun layihəsi hazırlanıb. Yenidən hazırlanan
layihədə Azərbaycanda hərbi vəziyyətin elan olunmasının qaydaları və şərtləri, hərbi vəziyyət və
bundan irəli gələn məsələlər əksini tapıb.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Orucun
sözlərinə görə, komitənin bu gün keçirilən iclasında qanun layihəsi birinci oxunuşda müzakirəyə
çıxarılıb.
Millət vəkili deyib ki, hazırda qüvvədə olan "Hərbi vəziyyət haqqında” (5 fəsil, 17 maddə)
qanundan fərqli olaraq, yeni layihə 6 fəsil 27 maddədən ibarətdir: 
"2014-cü ilin avqustunda erməni silahlı qüvvələrinin təmas xəttində törətdiyi təxribat nəticəsində yaşanan gərginlik, verilən itkilər, təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, mətbuatın rolu əsas götürülməklə hərbi sirlərin qorunması və s. məsələlər qanun layihəsinin yenidən işlənməsini zəruri edib. Hazırda qüvvədə olan qanunda göstərilir ki, ölkədə hərbi vəziyyətin elan olunması ilə bağlı dövlət başçısı
parlamentə müraciət edir və Milli Məclis 72 saat ərzində bu məsələyə baxıb qərarını verir. Yeni
qanun layihəsində bu müddət 48 saata endirilib. Qanunda əks olunan digər məsələlər isə hərbi
vəziyyətin elan olunması zamanı bütün qurumlarda hərbi rejim qaydalarının tətbiqi ilə bağlıdır.
Hərbi komendaturaların yaradılması, hərbi vəziyyət zamanı əhalinin bir yerdən digər yerlərə
köçməməsi və digər məsələlər də layihədə əksini tapıb”.
İclasda ikinci oxunuş üçün deputatların bəzi təklifləri olub. Z.Oruc qeyd edib ki, bu təkliflər
hərbi vəziyyət zamanı sırf internet resursların fəaliyyətinin nizamlanması və hərbi birləşmələrlə
bağlıdır: 
"Burada qanunsuz silahlı birləşmələrə dair məsələlər qaldırıldı. Biz təklif etdik ki,
dövlətin yaratdığı lokal silahlı birləşmələrdən başqa, heç bir silahlı birləşmələrin fəaliyyəti
tanınmasın. Bu, hazırkı qanunda yoxdur. Layihədə bu məqam da əks olunub”.  Z.Oruc bildirib ki,
qanun layihəsi konseptual olaraq birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.
"Hərbi vəziyyət haqqında” qanunun yenilənməsini müsbət dəyərləndirən ehtiyatda olan
polkovnik-leytenant, hərbi ekspert Üzeyir Cəfərov hazırda qüvvədə olan qanunun 1994-cü ildəqəbul olunduğunu xatırladıb. Ekspertin sözlərinə görə, aradan uzun müddət keçdiyi üçün yeni qanun layihəsinin hazırlanması təqdirəlayiqdir: 
"Biz nəzərə almalıyıq ki, Azərbaycanla
Ermənistan arasındakı müharibə hələ də davam edir. Biz istənilən an torpaqlarımızın işğaldan
azad olunması istiqamətində genişmiqyaslı hərbi əməliyyatlara başlaya bilərik. Bu nöqteyi￾nəzərdən də "Hərbi vəziyyət haqqında” qanunun yenilənməsi və təkmilləşdirilməsinə ehtiyac
olduğunu düşünürəm.
Hərbi vəziyyət elan olunanda sadəcə güc strukturları yox, bütün dövlət və özəl strukturlar hərbi
vəziyyətin ölkə qarşısında qoyduğu tapşırıqların yerinə yetirilməsinə səfərbər olunacaq. Xüsusən
də kənd təsərrüfatı, səhiyyə, əmək və əhalinin sosial müdafiə, rabitə və yüksək texnologiyalar
nazirlikləri bu prosesdə aktiv iştirak etməli olacaqlar. 22 il bundan əvvəl bu qanun qəbul
olunanda Azərbaycanda nə sahibkarlıq inkişaf eləmişdi, nə də azad bazar iqtisadiyyatına
keçilmişdi deyə vəziyyət tamam başqa cür idi. Bu günləri paytaxt küçələrində şütüyən bahalı
ciplər, Kənd Təsərrüfatı Nazirliyinin balansında olan minik heyvanlarının hər biri təyinatı üzrə
orduya səfərbər olunacaq. Özəl sahədə çalışan yüzminlərlə insanın iş yeri saxlanılmaq və ailə
üzvlərinin ehtiyacları ödənilmək şərti ilə həmin şəxslər hərbi xidmətə cəlb olunacaqlar. Bəzən
olur ki, bazar iqtisadiyyatında çalışan insanlar özlərini dövlətə borclu hesab etmirlər və müharibə
zamanı döyüşdən yayınacaqlarını zənn edirlər. Sanki bu Vətənin keşiyində dayanan əsgərlərimiz,
zabitlərimiz vətəndaşlar arasında ayrıseçkilik edir ki, bu dövlət işçisidir onu qoruyaq, bu da özəl
sektorda çalışır, özü öz başına çarə tapsın”.
Hərbi vəziyyətin elan olunması vaxtının parlament tərəfindən 3 sutkadan 2 sutkaya endirilməsi
məsələsinə toxunan ekspertin sözlərinə görə, Azərbaycan balaca dövlət olduğu üçün vaxtın
azalması məqsədəuyğundur: 
"Keçmiş SSRİ-dən qalan qanunlar tərcümə olunan zaman orada
təklif olunan 72 saat müddəti qəbul olundu. Amma artıq ötən müddətdə xeyli dəyərlər dəyişib.
Ölkənin 3 gün müddətində hərbi vəziyyətə gətirilməsi bizim üçün artıq vaxt itkisidir. Böyük
ölkələr üçün bu müddət normal ola bilər, amma Azərbaycan kimi dövlətlərdə 48 saat kifayətdi".
Şəymən