Yeni qanunla boşanma hallarını azaltmaq mümkündür

Amma mediator tərəfsiz, savadlı, bacarıqlı olmalıdır
"Bu işdə mütləq qeyri-hökumət təşkilatlarının iştirakı təmin edilməlidir"


Azərbaycanda ailə, əmlak, əmək və iqtisadi münasibətlərlə bağlı yaranmış mübahisələrin həll edilməsi üçün yeni tələbin qoyulması təklif olunur.

Trend-in məlumatına görə, bu məsələ yeni hazırlanan "Mediasiya haqqında” qanunda öz əksini tapıb.

Qanun layihəsinə əsasən, tərəflər iqtisadi mübahisələr, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməzdən əvvəl ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. İlkin mediasiya sessiyasını tərəflərin qarşılıqlı razılaşdırdığı mediator və ya mediator təşkilatı aparacaq.

Layihədə qeyd edilir ki, ailə münasibətlərindən irəli gələn bir sıra məsələlər - nikahın davam etdirilməsi şərtləri, valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası, uşağın yaşayış yerinin müəyyən edilməsi, uşağın və əmək qabiliyyətli olmayan digər ailə üzvlərinin saxlanılması qaydası, ailə münasibətlərindən irəli gələn digər mübahisələr mediasiya vasitəsilə həll edilə bilər.

Tərəflər uşağın böyüməsinə, inkişafına və digər maraqlarına toxunan barışıq sazişini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana təqdim etməyə borcludurlar.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri, hüquq üzrə fəlsəfə doktoru Elgün Səfərov Trend-ə açıqlamasında bildirib ki, xarici ölkələrin təcrübəsinə əsasən effektiv mediasiya mexanizmi boşanma hallarını üçdə bir faiz azalda bilər.
Onun sözlərinə görə, mediasiya mexanizmi daha çox psixoloji problemləri olan, məişət zorakılığına məruz qalan aztəminatlı ailələrdə boşanma hallarının azalmasına səbəb ola bilər.
Komitə sədrinin fikrincə, mediasiya boşanmaların etik davranış qaydaları çərçivəsində, uşağa zərər vurmadan həyata keçirilməsinə də imkan verər.

Qeyd edək ki, Ailə, Qadın və Uşaq Komitəsinin sədri Hicran Hüseynova da boşanmaq istəyən ailələr üçün məhkəmələrdə barışdırıcı mexanizmin tətbiqini təklif edib.

Xatırladaq ki, Azərbaycanda 2005-2017-ci illər ərzində məhkəmələrdə ailə münasibətləri üzrə mübahisələrlə bağlı baxılmış mülki işlərin (qətnamə çıxarılmış işlər) sayı 3 dəfəyə yaxın artıb. Mübahisələrin çoxu nikah müqaviləsinin dəyişdirilməsi, pozulması və etibarsız hesab edilməsi ilə bağlı olub.

Məsələyə münasibət bildirən «Təmiz Dünya» İctimai Birliyinin sədri Mehriban Zeynalova «Şərq»ə açıqlamasında qeyd etdi ki, «Mediasiya haqqında» qanun 2007-ci ildə Milli Məclisə təqdim olunmuşdu:

- O zaman nədənsə bu qanun layihəsi arxa plana keçirildi, müzakirələr açılmadı. Yaxşı haldır ki, indi yenidən bu qanun layihəsi gündəmə gəlib. «Mediasiya haqqında» qanun ABŞ-da, bir sıra Avropa ölkələrində tətbiq olunur. Rusiyada da münaqişəli ailələrlə bağlı mediator praktikası mövcuddur. Sadəcə, Rusiyada bunu ödənişli əsaslarla həyata keçirirlər. Boşanma üçün müraciət edənlər ödənişli şəkildə mediator xidmətindən yararlanır. 

Mediasiya münaqişələrə 3-cü tərəfin cəlb edilməsidir. Mediator da 3-cü tərəfi təmsil edən şəxsdir. Daha da aydın olsun deyə, bir zamanlar ailələrdə yaranmış gərginliyi aradan qaldırmaq üçün vasitəçi rolunu üstlənən ağbirçək, ağsaqqallar, qohum-əqrəba içində nüfuzu olan insanları düşünün. Bir vaxtlar ailələrdə problem yaşananda yaşlı insanlar, sözü keçən adamlar işə qarışardı. 

Nəticə də hasil olardı. İndi müasir formada bu işi mediatorlar – vasitəçilər həll edəcək. Mediator tamamilə tərəfsiz adam olur. Burada əsas motiv münaqişə tərəflərinin razı salınmasıdır. Danışıqlar elə tərzdə aparılır ki, tərəflərin istəkləri, tələbləri təmin edilir, hər iki tərəf razı qalır. Əsas prinsip də könüllülük, ədalətlilikdir. Boşanma ərəfəsində olan ailələrdə bir çox məsələlərdə mübahisələr ortaya çıxa bilir. 

Əmlakla bağlı, yaxud uşaqların himayəçiliyi ilə bağlı. Bəzən görürük ki, boşanmış cütlüklər uşağı biri-birindən gizlədir, atanın və ya ananın övladı ilə təmasına mane olur. Eləcə də iqtisadi problemlər, əmlak məsələləri. Mediator belə hallarda tərəfləri razı salmağa çalışır ki, ortada düşmənçilik yaranmasın, gərginlik olmasın. Münasibətlər daha da gərginləşib hədə-qorxu, qarşılıqlı ittihamlar, hədələmə həddinə çatmasın. Mediator güclü, bacarıqlı olduqda münaqişələr də rahat həllini tapır, tərəflər də razı qalır və sakit bir tərzdə ayrılırlar.

M.Zeynalova bildirdi ki, «Mediasiya haqqında» qanunun qəbulu mütərəqqi addım olardı:

- Hazırkı cəmiyyətimiz üçün məncə, bu qanunun qəbulu vacibdir. Çünki bu qanun boşanmaların qarşısını ala bilər. Lakin cəmiyyətimiz də bu qanun barədə məlumatlı olmalıdır. Fikrimcə, mediatorların yetişdirilməsi Ədliyyə Nazirliyinin öhdəsinə düşən işdir. Amma bu işdə mütləq qeyri-hökumət təşkilatlarının iştirakı təmin edilməlidir. Çünki cəmiyyətlə işləyən, cəmiyyət içində olan məhz QHT-lərdir.

Məlahət Rzayeva